Bu gün:

"Hər şeyin təbii olması daha önəmlidir"


24Media.az-ın növbəti müsahibi telejurnalist Səidə Bəkirqızıdır. O, müasir dövrdə jurnalistikada süni intellektin rolundan danışıb.




-Jurnalistikada süni intellektdən istifadənin faydaları və çətinlikləri barədə nə düşünürsünüz?


Hamıya məlumdur ki, 21-ci əsr müasir texnologiyalar əsridir. Dünən olmayanlar bu gün var, bu gün olmayanlar da sabah olacaq. Artıq süni intellekt, robotlar və müasir texnologiyalar fonunda hazırlanan bəzi şeylər var ki, bunlar bizim həyatımızı tamamilə dəyişib. Məsələn, xarici ölkələrdə robotlar qadınların əvəzinə iş görürlər. Ümumiyyətlə, müasir texnologiyanın inkişafı bir tərəfdən yaxşıdır, digər tərəfdən isə pisdir. Bəzi peşələr var ki, süni intellekt onları sıradan çıxara bilər. Məsələn, jurnalistika sahəsinin təhlükə altında olduğu bilinir.


-Sizcə, jurnalistlərin süni intellekt texnologiyaları ilə birgə səmərəli işləmələri üçün hansı bacarıqlara ehtiyacı var?


Əgər süni intellekt müasir dövrümüzdə jurnalistlərin işini tam əvəz edəcəksə, o zmaan KİV-lərdə, istər radioda, televiziyada, istərsə də yazılı mətbuatda sünilik özünü büruzə verəcək. Süni intellekt hec vaxt qələminə güvənən, dağa-daşa çıxan, enən, özünü çayda-suda bir balıq kimi hiss edən jurnalistin işini əvəz edə bilməz. Necə ki, robotlar mətbəxdə işləyir. Baxırsan ki, canlı bir insan olmadığı üçün müəyyən çətinlikləri var. Nə olsun ki, onlar dəqiq bir sistemlə proqramlaşdırılıb. Bütün hallarda iş mexanizimində və prinsipində çətinliklər var.


-İşinizdə süni intellektdən nə dərəcədə istifadə edirsiniz?


Öz işimdə süni intellektdən istifadə etmirəm. Bəzən görürsən ki, hər hansı bir şəhidimizin şəkilini süni intellekt vasitəsilə canlandırırlar. Bəli bu çox gözəldir və yaxşıdır. Hətta süni intellektin bu bacarığını məndə bəyənirəm. Lakin şəxsən mənim üçün canlı və təbii olaraq bir aparcını efirdə görmək daha maraqlıdır. Nəinki, proqramlaşdırılmış bir robota baxmaq və yaxud süni intellekt sahəsində bir xəbər izləmək. Əlbəttə, hər şeyin, təbii olması daha önəmlidir.


-Əsasən, hansı süni intellekt alətləri və yaxud texnologiyalarından istifadə etmisiniz?


Gündəlik işimdə və yaxud işimlə bağlı olaraq süni intellektə müraciət etmirəm. Məncə, bu sahə ilə bağlı olaraq təhlükə var. Çünki süni intellektdən istifadə edərək insanın danışığını belə düzəldib ortalığa çıxarırlar. Halbuki o mövqe və yanaşma sənin deyil. Bunun avantajlarından daha çox, çatışmayan tərəfləri və riskləri var. Əsasən də, texnologiyanın süni intellekt tərəfindən idarə olunmasının marağında deyiləm. Hec vaxt bu sahəni araşdırmamışam.


-Süni intellektin xəbərlərin hazırlanmasında rolu ilə bağlı hər hansı etik narahatlığınız varmı?


Düzdür, gündəlik xəbərlərdə bu haqda oxuyuruq. Bu bir mənalı başqa. Süni intellektdən nə etdilər, nə bacardılar, kimin səsini verdilər, kimi canlandırdılar. Hətta bu gün süni intellekt vasitəsilə bir çox işbazlar belə öz işlərini həyata keçirə bilirlər. Bu baxımdan, süni bir intellektin olması avantajlıdır. Hətta mən özümdə efirdə çox rahat bir xəbər aparcısı olduğuma görə süni intellekt mənim iş prinsipimə çox yaddır. 


Ümumiyyətlə, işimlə əlaqədər olaraq istər xəbər tapmağımda, istər xəbər yazmağımda, istərsə də, nəisə səsləndirməyimdə olsun heç bir halda süni intellektə müraciət etmirəm. Bu əsrdə yaşamağıma baxmayaraq hələ ki süni intellekti özümə yaxınlaşdırmamışam. 


-Növbəti bir neçə il ərzində Azərbaycan jurnalistikasında süni intellektin rolunu necə görürsünüz?


Azərbaycanda süni intellekt o qədər də yayğın deyil. Hər hansı bir xəbər portalında və yaxud hər hansı bir xəbər aparcısını məhz süni intellekt formasında görməyimiz Azərbaycan üçün çox-çox uzaq gələcəkdədir. 


Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et