Bu gün:

Məktəb çantası seçərkən nələrə diqqət etmək lazımdır?


Yeni tədris ilinin başlamasına az müddət qalıb. Artıq valideynlər uşaqlarını məktəbə hazırlamağa başlayıblar. Bu periodda ilk alınacaqlardan biri də məktəb çantasıdır. Bəs, məktəb çantası seçərkən nələrə diqqət etmək lazımdır?


Bu mövzuda sosioloq Lalə Mehralı 24Media.az-a danışıb.




Uşaqlarda bel ağrılarının ən birinci səbəbi, ağır məktəbli çantaları ilə əlaqədardır. Uşağın çəkisinin 10-15 faizindən çox olan məktəb çantasının daşınması bel, çiyin və əllərdə ağrılara səbəb olur. 30 kq çəkisi olan bir uşağın maksimum götürə biləcəyi çanta ağırlığı 5,5 kq olmalıdır. Məktəb dövründə uşaqlar çantalarında kitab-dəftər, ləvazimat, ümumiyyətlə, çoxlu tədris materialları daşımalı olurlar. Üstəlik, hər dərsə əlavə iş dəftərləri, məktəbdən sonra hazırlıq kursları, məşğələləri varsa, çantalara əlavə kitablar, idman ləvazimatları, ayaqqabılar və başqa ləvazimatlar da qoyulur.  Bu da məktəbli çantalarının çəkisinin daha da artmasına səbəb olur. 


Məktəbli çantası mümkün qədər yüngül materialdan hazırlanmalı, asqı-qayışları qalın olmalı, qayışın qalın hissəsi isə çiyinə uyğun olaraq tənzimlənməlidir. Beləliklə, çiyinə düşən yük bel tərəfindən də dəstəklənir. Məktəbli çantasının qayışları bərabər məsafədə və hər iki çiyində bərabər səviyyədə olmalıdır. 


Bəzən valideynlər uşaqlarının ağır çanta daşımaması üçün təkərli çantalar seçir, lakin təkərli məktəb çantası təkərsiz və tutacaqsız çantadan daha ağır olur. Əgər uşaq məktəbdə pilləkan qalxmalı və enməli olursa, çantasını əlinə almalı olur,  o zaman təkərli çantaya üstünlük verilməməlidir. Çünki bu, əlavə yük yaradacaq. Üstəlik küçədə nə mikrob varsa, təkərlər vasitəsi ilə evə gəlir.


Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et