24media.az-ın növbəti müsahibi yeni media üzrə tədqiqatçı Səbinə İzzətlidir. O, yeni media və onun tələblərindən danışıb.
Yeni media nədir?
Ənənəvi, köhnə media dedikdə nə nəzərdə tutulur? Öncəliklə, bunu anlamağa çalışaq. Çoxdan var olan bu vasitələr çap mediası, film studiyaları, radiolar, qəzetlər və televiziyalardan ibarətdir. Ənənəvi medianın fəaliyyəti köhnə media platformaları vasitəsilə reallaşdığı üçün əksər hallarda auditoriya ilə ünsiyyət formasında yox, mesaj göndərməklə kifayətlənir. Yəni köhnə mediada kommunikasiya birtərəflidir, hədəf auditoriyası isə çox vaxt anonim kütlədən ibarətdir. Yeni texnologiyalar isə auditoriyanı daha yaxından tanıma fürsəti verdi və bu texnologiyaların əsasında formalaşan yeni media informasiyanı sadəcə ötürmədi, həm də dialoq yaratdı, izləyicisini məhsulun bir hissəsinə çevirə bildi.
Yeni media inkişaf edən kompüter, internet və mobil texnologiyası ilə ortaya çıxan, istifadəçilərin zamandan və məkandan asılı olmayaraq azad bir şəkildə interaktiv olaraq ünsiyyətdə olduqları bir media ortamıdır. Ümumilikdə, yeni media jurnalistikası sadəcə internet, onlayn jurnalistika deyil. Yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur desək, yanılmarıq. Yeni media, ilk növbədə, bir seçimdir. Bu mühitdə iftiradan nifrətə, nifrətdən inamsızlığa doğru da yol getmək olar və əksinə də. Yeni medianın açdığı fürsətdən yararlanaraq, təşəbbüs irəli sürərək sosiallaşmaq da olar.
Bəs, yeni medianın tələbləri nələrdir?
Yeni media platformalarının hər birinin özünəməxsus tələbləri mövcuddur. Əsas məsələ, rəqəmsal mühitdə bu texnologiyaları bilmək və doğru tətbiq etməkdir. Yeni mediada məzmun yaradılmadan öncə, araşdırmalı olduğumuz birinci məsələ, kimin üçün yazdığımızı bilməyimizdir. Onlayn auditoriya qəzet, radio və televiziya auditoriyasından-oxucudan, dinləyicidən və tamaşaçıdan xeyli dərəcədə fərqlidir. İlk fərq odur ki, yeni media auditoriyası oxumur, o, nəzərdən keçirir. Onun saatlarla hansısa məqaləni detallı oxumağa vaxtı yoxdur. Bir yazını oxuduğu anda digər məlumatları axtarır, nəzərdən keçirir. Bəli, əslində, yer limitimiz yoxdur, ancaq informasiyanı əvvəlkindən də qısa tutmağa çalışmalıyıq. Hiperkeçidlərdən, vizual elementlərdən potensialına görə istifadə etməyi bacarmalıyıq. Yeni media mühitində insanlar məzmunun daha interaktiv, müxtəlif məcralarda əlçatan olmasını diləyirlər. Bu tələbləri bilməliyik ki, yeni mediadan effektiv yararlana bilək, onun peşəkar istehsalçısı və istehlakçısı olaq.
Dürdanə Əhədzadə