Bu gün şərqdə ilk avropa tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaranmasından 105 il ötür. Bu münasibətlə universitetin Jurnalistika fakültəsinin müəllimləri xoş xatirələrini 24media.az-a bölüşüblər.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini və BDU-nun müəllimi Samir Mirzəyev:
Öncə, Bakı Dövlət Universitetinin 105 illik yubileyi münasibətilə universitetimizin rektoru Elçin müəllim başda olmaqla, çoxminlik professor-müəllim heyətini və tələbələri təbrik edir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Bakı Dövlət Universiteti mənim həm təhsil almaq, həm də işləmək arzusunda olduğum bir nömrəli elm və təhsil məbədi olub. Təhsil barəsində arzumu 1999-cu ildə reallaşdırıb, Jurnalistika fakültəsinə qəbul oldum, dörd il bakalavriatura, iki il də magistratura pillələri üzrə təhsili aldım.
İkinci arzuma isə 2011-ci ildə çatdım və BDU-da pedaqoji fəaliyyətə başladım. Bu günə qədər də bu məbəddə çalışmaqdan məmnunluq duyuram. Özümü şanslı hesab edirəm ki, universitetin auditoriyalarında həm tələbə olmuşam, həm də öyrəndiyim bilik və bacarıqları hazırda təhsilalanlara öyrətməyə səy göstərirəm.
BDU mənim xatirəmdə həmişə xoş sözlərlə, nüanslarla qalıb və mən inanıram ki, bundan sonra da belə olacaq. BDU mənim ikinci evim, hər səhər xüsusi şövq və məhəbbətlə gəldiyim məkandır. Yenə də bütün kollektivi 105 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, universitetlə nəfəs alan, burada çalışmaqdan zövq alan hər bir kəsə xoş arzularımı diləyirəm.
Jurnalistika fakültəsinin müəllimi və 24Media.az-ın direktoru Anzulə Cəfərova:
Bakı Dövlət Universitetinin həyatımda xüsusi yeri var. 105 yaşını qeyd edən universitetin 21 ilində aktiv fəaliyyətim olub və hələ də burada çalışıram. Universitetin mətbuat xidmətində mütəxəssis, qəzetində redaktor kimi fəaliyyət göstərmişəm, hazırda isə Jurnalistika fakültəsində müəllim kimi davam edirəm. Mən tələbəlik illərindən universitetdə əmək fəaliyyətinə başladığım üçün istər karyeramda, istərsə də şəxsi inkişafımda universitetin böyük rolu olub. Bir çoxları kimi mənim üçün də müqəddəs olan bu ali təhsil ocağının, Azərbaycan üçün də xüsusi yeri və rolu var. Burada işləyən ziyalıların mövqeyi, fəaliyyəti cəmiyyətin inkişafına hər zaman təsir edib. Odur ki, universiteti istər ölkəmizdə, istərsə də xaricdə ən yüksək səviyyədə təmsil etməliyik. Qocaman universitetin hər bir üzvünü təbrik edir, ona dəstək olaraq daha böyük uğurlara imza atmağı diləyirəm.
Fakültənin müəllimi Kənan Novruzov da xatirələrindən danışıb:
Bu gün doğma, əziz BDU-nun 105 yaşı tamam olur. BDU mənim üçün təkcə ali təhsil müəssisəsi deyil, həm də məbəddir. O, elm, bilik, təhsil məbədidir. Nəinki oradakı insanlar, bu universitet binalarının hər daşı da mənə əzizdir. Bəlkə də ona görə ki, ömrümün ən maraqlı anları BDU ilə bağlıdır. Təxminən 9 il əvvəl onunla tanış olmuşdum. Əvvəl tələbəsi, sonra magistrantı, ardınca da müəllimi oldum. Hələ bakalvr pilləsini bitirəndə nə vaxtsa BDU-da dərs demək istəyirdim. Bunun bir neçə səbəbi var idi, birincisi, jurnalist kimi bir, müəllim kimi digər babamın yolunu davam etdirməyi arzulayırdım.
İkincisi, öyrəşdiyim mühitdən, ailə bildiyim insanlardan uzaqlaşmaqdan narahat idim.
Üçüncüsü, müəllimlərim kimi müəllim olmaq, mənə öyrədilənləri öyrətmək istəyirdim. BDU haqqında danışanda həyəcanlanmamaq olmur. Xatirələr insanın gözünün önündən keçir. Mən tələbə olanda Cahangir müəllim bir yaradıcı komanda yaratmışdı. Könül Niftəliyeva mənim ilk redaktorlarımdan olub. Kafedra müdirimiz Xatirə Hüseynovanı bir az gec tanımışam. Həmişə onun barədə danışanda bunu xatırlayıram. Hələ mənim onu tanımadığım vaxtlarda Xatirə xanım mənim bir yazımı oxuyaraq "Bu gəncə işıq var" demişdi.
Doktorantura imtahanına hazırlaşanda söyləmişdi: "Bəlkə də, valideynlərin qədər sevinəcəm". Ürəkdən dediyinə əmin idim. Professor Sabir Məmmədli ilə tez- tez söhbət edirik. Onunla regionda və dünyada baş verən siyasi prosesləri müzakirə edirəm. Vüqar müəllimdən, Sevinc xanımdan, Əli müəllimdən, Zaur müəllimdən və digərlərindən çox şey öyrənmişəm. BDU mənim üçün doğrudan da, ailədir. Odur ki, BDU-nu özümə ev, oradakı insanları ailə üzvlərim kimi təqdim etməklə mübaliğəyə yol vermərəm. 105- yaşın mübarək, həmişə uca qal, BDU".
Fakültənin müəllimi, studiya rəhbəri Ramin Rzayev:
1 sentyabr Bakı Dövlət Universitetinin 105-ci il dönümüdür. Bu münasibətlə hamını təbrik edirəm. Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrın 1-də Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin qərarı ilə təsis olundu. Bu da ölkəmizin tarixində atılmış ən böyük addımlardan biridir. Bakı Dövlət Universiteti xalq cumhuriyyətinin yadigarıdır. BDU-nun Azərbaycan təhsilində böyük rolu olub.
Oxford, Cambridge universiteti, Böyük Britaniya üçün Harvard universiteti Amerika üçün hansı önəmi daşıyırsa, BDU-da Azərbaycan elmi üçün həmin önəmi daşıyır. Mən Bakı Dövlət Universitetində 2004-cu ildən fəaliyyətə başlamışam.Hər zaman fəxr etmişəm ki, Azərbaycanın flaqman univeritetinin əməkdaşıyam. BDU ənənəsi olan universitetdir və bu ənənəni qoruyub saxlayır. Çünki BDU elm sahəsində tanınmış şəxlər yetişdirib. Hazırda da davam edir. BDU-da tələbələr və müəllimlər arasında dostluq münasibəti var. Bu da önəmli faktorlardan biridir. Jurnalistika fakultəsinin peşakar jurnalistlərin yetişməsində rolu böyükdür. Doğrudan da, BDU-da təhsil alan hər kəs fəxr etməlidir ki, buranın tələbəsidilər və buradan məzun olacaqlar. BDU-un həyatımda rolu böyükdür.
Arzu İbrahimova