Bu gün:

“Auditoriyanın diqqətini cəlb etmək istəyiriksə…”


24media.az-ın "1 sual, 1 cavab"  rubrikasının növbəti qonağı natiqlik təlimçisi Zaur Cahangirovdur. O, uğurlu nitqin strukturundan danışıb.

Sizcə, uğurlu nitqin strukturu necə olmalıdır? 


Artıq 2500 ildən çoxdur ki, insanlar ünsiyyət prosesində danışmaqdan bir sənət kimi də istifadə edirlər. Natiqlik sənəti məhkəmələrdə, döyüş meydanlarında, dini məclislərdə, siyasi arenada, müxtəlif tədbirlərdə istifadə olunur. Günü-gündən daha da inkişaf edən xitabət sənəti həyatımızın əsas hissəsinə çevrilir. Buna görə söylədiyimiz fikirləri müəyyən struktura salmadıqda xaotiklik yaranır, ritoriklik qabiliyyətimiz zəifləyir.

Aristotel "Poetika" əsərində nitqin strukturunu 3 yerə bölürdü:"Giriş, inkişaf, nəticə".

Müxtəlif nəzəriyyələrdə qeyd olunur ki, auditoriyanın diqqətini cəlb etmək istəyiriksə, giriş və nəticəmiz təsirli olmalıdır. Məşhur natiqlərdən Florian Myuk qeyd edir ki, dinləyicilərin diqqətini çəkmək üçün ilk 30 saniyə çox önəmlidir. Mən qeyd edərdim ki, girişimiz həyəcanlandırmalı, maraq yaratmalı, təəccübləndirməlidir. "Mən danışa bilmirəm" natiqlik forumunda səhnəyə ütü ilə çıxıb yuxuya gedəndə bu vəziyyət auditoriyada maraq oyatdı. Beləcə mənə qulaq asmalarına səbəb olub. Çünki hadisələrin axarı onlar üçün çox maraqlı idi.

İnkişaf dövrünə çıxışın gövdəsi deyə bilərik. Bu mərhələdə hədəfimiz inandırmaq, hərəkətə keçirtmək və düşündürməkdir. Əsas mesajımızı bu "gövdə" mərhələsində veririk. Bu mərhələdə mövzu ilə bağlı problemləri, həll yollarını, təkliflərimizi açıqlaya bilərik. Hekayəyə çevirmənin gücündən istifadə etsək, daha yaxşı nəticə əldə edərik.

Gəldik finala, yəni nəticəyə. Çıxış edənlərin çoxu "Məndən bu qədər" ifadəsiylə sözünün bitdiyini "hayqırır". Biz təlimlərimizdə müxtəlif final texnikalarında bəhs edirik. Hətta çıxışlarımı hazırlayarkən ilk olaraq girişimi, sonra finalı yazıram. Final texnikalarından "Kreşendo" çox maraqlıdır. Kreşendo musiqidə "getdikcə artan səs" mənasını verən termindir. Biz də çıxışın finalında bir neçə cümləni tonumuzu artıraraq ardıcıl şəkildə dedikdə auditoriyadan alqışı qazana bilərik. 

Çıxış gününün yadda qalan siması olmaq istəyiriksə, nitqin strukturuna diqqət yetirək.


Fatimə Şükürova

Paylaş
Şərh əlavə et