Bu gün:

"Rəqibdən üstün olsa da, meydandan məğlubiyyətlə qayıdır"


24media.az-ın növbəti qonağı futbol eksperti Natiq Muxtarlıdır. O, "Qarabağ-Dinamo Zagreb" oyununa öz münasibətini bildirib.

20 avqust tarixində oynanılan "Qarabağ - Dinamo Zagreb" oyununda Qarabağ FK meydanda rəqibdən daha çox hücum pozisiyası yaratsa da, bunun heç biri qola çevrilə bilmədi. Bir çox zərbəmizdə dəqiqlik çatmırdı, bunun səbəbini nədə görürsünüz ?– Müasir futbolun əsas prinsiplərindən biri budur: Yaratdığın imkanlardan maksimum yararlanmaq. 

Bunu reallaşdıra bilən komanda, meydanda üstün olub-olmamağından asılı olmayaraq, qalib gəlir. Tarixdə də nəticə qalır, meydanda üstün olmaq yox. 

“Dinamo” ilə oyunda “Real” da o qədər imkanlardan istifadə etməsəydi, məğlub olacaqdı. Bu, aksiomadır. “Qarabağ”ın oyun planında, fiziki aspektdə heç bir çatışmazlığı yox idi, rəqibdən də üstün görünürdülər. Ayrı-ayrı futbolçuların fərdi keyfiyyəti də xorvatlardan üstün idi. 

Amma “Qarabağ”ın ən önəmli çatışmazlığı yaratdığı imkanlardan istifadə edə bilməməsidir. 

Özü də bu problem dünənin deyil. Yəni təkcə “Dinamo” ilə oyunda qabarmadı bu problem. Bakıda “Ludoqorets” ilə oyunda da eyni situasiya yaşanmışdı. “Qarabağ” yaratdığı imkanları sağa-sola xərcləmişdi, rəqib isə iki imkan əldə etmiş və hər ikisindən yararlanmışdı. Nəticədə Bakıda məğlub olduq. 

“Qarabağ”da illərdir ki, bu problem var. Avropa klubları bu tip yarışlarda əldə etdikləri 5 imkandan 3-nü qol çevirirlər. Amma “Qarabağ” 3 qol vurmaq üçün 10-15 şans əldə etməlidir. 

Bunun səbəbi nədir? Futbolçuların ustalıq səviyyəsi aşağı deyil. “Qarabağ”ın oyunçularının təcrübəsiz olduğunu da deyə bilmərik. İllərdir, avrokubokların qrup mərhələsində oynayırlar. Mənim fikrimcə, oyunçularda soyuqqanlı davranış yetərli deyil. Bu da son nöqtənin qoyulmasında ciddi problem yaradır. 

Hər halda, “Qarabağ”ın məşqçilər korpusu da bu problemi görürlər və yəqin ki, onu həll etməyə də çalışırlar. Amma hələ ki, alınmır. Düzdür, hər oyunda belə problem olmur, amma həlledici oyunlarda “Qarabağ” tez-tez belə aqibətlə üzləşir. Nəticədə rəqibdən üstün olsa da, meydandan məğlubiyyətlə ayrılır. 

Ümid edək ki, heç olmasa, Bakıdakı cavab qarşılaşmasında futbolçular daha soyuqqanlı və dəqiq olacaqlar.

Bəs sizcə, oyunda hansı mövqenin zəifliyi daha çox gözə dəyirdi?

– “Qarabağ”ın ən dərdli yeri həmişə qapı xətti və müdafiə olub. “Dinamo” ilə oyunda da bu mövqelərdə axsama aşkar hiss olunurdu. “Qapıçı” komandanın yarısıdr” fikri boşuna deyilməyib. İlk qolda “Qarabağ”ın qapıçısı üstünə gələn topu tutmalı idi, amma top sinəsinə dəyib rəqibin qarşısına düşdü. Müdafiə xəttində də anlaşılmazlıq hiss olunurdu. Xüsusən də Medinanın formada olmadığı aşkar sezilir. 

Üstəlik, “Qarabağ”ın heyətində zədəlilərin olması da oyuna təsir etdi. Yankoviçlə Veşoviç oyuna güc qata biləcək futbolçulardır. Onların yoxluğu komanda üçün ciddi problemdir. Bu iki futbolçu müdafiə-yarımmüdafiə-hücum arasında çox yaxşı bağdır.

Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et