Bu gün:

“Yaxın günlərdə dinləyicilərimizlə paylaşmağı düşünürük”


24media.az-ın budəfəki müsahibi rok ifaçısı Mərdan Kazımovdur. O, yaxın günlərdə Paris 2024 Olimpiadası ilə əlaqədər səhnə performansındakı təəssüratlarını bizimlə bölüşüb.

Mərdan bəy, Paris 2024 Olimpiadasında iştirak etməyiniz üçün sizə necə bir dəvət gəldi?

Paris 2024 Olimpiadasında iştirak etmək üçün mart ayında bizə Gənclər və İdman Nazirliyindən təklif gəldi. Biz artıq 3 ildir ki, onlarla əməkdaşlıq edirik və tədbirlərində iştirak edirik. Paris 2024 Olimpiadasında iştirak təklifini də sevərək qəbul etdik və elə həmin gündən hazırlıqlara başladıq.

Parisdəki performansınız üçün hazırlıqlar necə keçdi? Sizin üçün çətinliklər oldu, oldusa hansılardır?

Əslində, tədbirin hazırlıq prosesində o qədər də çətinlik olmadı, çünki biz bu tədbirin necə ciddi, əhəmiyyətli olduğunu bilirdik. Həmçinin bura seçildiyimiz üçün də çox xoşbəxt idik, çünki Azərbaycanda yetəri qədər musiqi qrupu var və bu qrupların içindən seçilmək bizə çox böyük motivasiya oldu. Hazırlıq prosesi zamanı repertuarımıza yeni mahnılar qatdıq. Fransada olarkən həm yerli, həm də xarici mahnıları ifa etdik.

Qrupunuz ilə birlikdə Parisdə olmaq necə bir təcrübə idi? Performansınızla hansı təəssüratları yaratmağa çalışdınız?

Qrupumuzla birlikdə Parisdə olmaq bizim üçün çox böyük bir təcrübə idi. Bu qrupla birlikdə bizim ilk xarici çıxışımız idi. Həmçinin bu tədbirin bu qədər önəmli olması da bizim üçün həm sevindirici həm də önəmli bir təcrübə idi. Tədbir zamanı bizim olimpiya evimiz Eyfel qülləsinin altında, açıq havada idi. Biz olimpiya iştirakçıları və Azərbaycan nümayəndələri üçün oxuyurduq, lakin səhnəmiz açıq havada, həmçinin Eyfel qülləsinin aşağısında olduğu üçün turistlər də bizi dinləməyə gəlirdi. Biz də bacardığımız qədər Azərbaycan mahnılarını oxumağa çalışırdıq. Çıxışımızı maksimum səviyyədə həyata keçirməyə cəhd göstərirdik. Çünki normal olaraq ölkədən kənarda Azərbaycanı bacardığımız qədər yaxşı təmsil etməli idik. 21 gün Parisdə olduq və bu 21 günün 10 günü səhnə performansı göstərdik, bir az yorucu olsa da, əlimizdən gələni etdik.

Parisdəki göstərdiyiniz performansdan sonra aldığınız reaksiyalar necə oldu? İzləyicilərinizdən hansı təsirli şərhləri aldınız?

İzləyicilərimizdən çox gözəl şərhlər aldıq. Xüsusən də, çempionlarımızla birlikdə ifa etdiyimiz video izləyicilərimiz tərəfindən çox bəyənildi. Bizimlə fəxr edən bir kütlənin olduğunu bilmək bizi çox ruhlandırdı. Təbii ki, müsbət rəylərlə yanaşı, mənfi rəylər də oldu. Amma 95% müsbət rəyin içərisində 5% - lik paxıl kütlə bizi o qədər də narahat etmədi.

Konsertinizdə səhnə performansınızda xüsusi bir yenilik etdinizmi? Hər hansı bir yeni musiqi texnikası və ya üsulu istifadə etdiniz?

Konsertdə hər zaman olduğu kimi retro və rok stilində mahnılarımızı ifa etdik. Bununla yanaşı, repertuarımıza yeni mahnılar da əlavə etdik. Hətta orada yeni bir klip çəkdik və yaxın günlərdə dinləyicilərimizlə paylaşmağı düşünürük.

Musiqi ilə idmanın bir araya gəldiyi belə bir tədbirdə iştirak etmək sizin musiqi fəlsəfəniz və yaradıcılığınızda nəyisə dəyişdirdi?

Tədbir yeni bitib və biz yenicə qayıtmışıq. Paris səfərindən sonra tədbirlər üçün daha çox dəvət almağa başladıq. Mən düşünürəm ki, bir sənətçinin musiqi karyerasında bir şeyin dəyişməsi üçün onun xit mahnılara ehtiyacı var və biz də bunun üçün çalışırıq. Tədbirdən sonra dəyişiklik sadəcə dəvətlərin sayının çoxalmasında oldu və bu da təbii ki, çox gözəl bir haldır.

Parisdəki tədbir sizə gələcək musiqi layihələriniz üçün hansı ilhamları verdi? Yaxın gələcəkdə hansı yeni layihələr planlaşdırırsınız?

Parisə getmədən öncə də layihələrimiz var idi, qayıtdıqdan sonra bu planları həyata keçirməyi düşünürük. Hazırda qrupla bir həftəlik tətildəyik. Tətilin sonunda biz yenidən studiyaya qayıdıb, yeni işlər üçün məşqlərə başlayacayıq. Hələ qarşıda "Formula 1" yarışları keçiriləcək və bizim orda da çıxışımız olacaq. Formula 1- dən sonra artıq yeni proyektlərlə qarşınızda olacayıq.


Tahirə Bağırzadə


Paylaş
Şərh əlavə et