24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi hərbi ekspert Ədalət Verdiyevdir. Ekspert Zəngəzurda ABŞ qüvvələrinin yerləşdirilməsinin səbəblərinə aydınlıq gətirib.
Zəngəzurda baş verən hadisələr, ABŞ qüvvələrinin yerləşdirilməsi–bunlar yeni müharibənin başlanğıcı deməkdir?
– Bu, bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində atılan addımları dəstəkləyir, digər tərəfdən isə Ermənistanı intensiv şəkildə silahlandırır. Bunların içərisində hücum silahları da mövcuddur. Eyni zamanda Zəngəzura son dəfə yerləşdirilən radiolokasiya qurğuları vasitəsilə ABŞ kəşfiyyat xarakterli işlər apararaq İran ərazisində uçan hava hədəflərini izləməyi planlaşdırır. Maraqlıdır ki, dəfələrlə ABŞ-nin İran sərhədlərində həm Avropa missiyası, həm öz müşavirləri, məsləhətçiləri vasitəsilə fəaliyyətlər həyata keçirməsi, həmin Qərbi Zəngəzur ərazisində hərbi avadanlıqların yerləşdirilməsi İran tərəfindən görməzdən gəlinir. Bu da çox maraqlı bir məsələdir və demək olar ki, belə bir hadisəyə biz heç zaman şahidlik etməmişik. Həmçinin Ermənistan, ABŞ-dən və Qərbdən gələn hərbi dəstək sayəsində Azərbaycana qarşı kifayət qədər təxribatlara da yol vermişdir və bu təxribatlar çox təhlükəli xarakter daşıyır. Biz Ermənistanda baş verən prosesləri yetərincə dərindən və diqqətlə izləyirik. Ermənistanın silahlanması bizdə böyük təəssüf hissi yaradır, ancaq əgər ABŞ-nin verdiyi silahlarla bir nəfər Azərbaycan əsgərinə belə ən kiçik ziyan gələrsə, həmin silahların kimə məxsus olmasından və harda yerləşdirilməsindən asılı olmayaraq, dərhal onlar zərərsizləşdiriləcək. Ermənistan unutmamalıdır ki, daha əvvəl Azərbaycana qarşı çox sayda atəş açılan ərazilərdə bu gün Azərbaycan bayrağı dalğalanır və həmin təxribat törədilən ərazilərdə Azərbaycan əsgəri xidmət göstərir. Hətta bu ərazilərin əksəriyyətində Azərbaycan paradlar keçirib. Bunu Ermənistan unutmasın!
Aytac Musayeva