24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Bakı Dövlət Universitetinin müəllimi, 24media.az saytının direktoru Anzulə Cəfərovadır. O, Jurnalistika fakültəsində ingilis dilində tədris, jurnalistikaya qəbul imtahanları kimi mövzularla bağlı fikirlərini bölüşüb.
Ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində Jurnalistika fakültəsinin ingilis bölməsində dərslər barədə fikirlərinizi öyrənmək istərdik. Bəzi tələbələr bir sıra çətinliklərlə üzləşdiklərini, dərslərə başlamazdan əvvəl ingilis dilində baza biliklərini artırmağın vacibliyini vurğulayırlar. Sizcə, bu problem necə həll edilə bilər?
Jurnalistika fakültəsində təhsil alan tələbələrin ingilis dilində keyfiyyətli təhsilə yiyələnməkləri uzun müddətdir müzakirə mövzusudur. Belə ki, ingilis dili bilikləri az olan bəzi gənclər dərslərdə çətinliklər çəkirlər, mövzuları tam anlaya bilmir, müzakirələrdə fəal iştirak etmirlər. Təbii olaraq, jurnalistika fakültəsinin ingilis bölməsində dərslər, əsasən, xarici media materialları üzərində işlərlə aparılır və xarici dərsliklərdən, dərs vəsaitlərindən istifadə edirlər. Bəzi tələbələr mövzunu tam anlamadıqları üçün müəllimlərdən mövzuları Azərbaycan dilində izah etmələrini xahiş edirlər. Bu isə digər, yəni ingilis dilini daha yaxşı bilən və yalnız bu dildə tədrisdə iştirakı seçən tələbələrin haqlı narazılıqlarına səbəb olur.
Doğrusu, bu, biz müəllimləri də olduqca narahat edir və bəzən çıxılmaz vəziyyət yaradır. Çünki ingilis dili bilikləri çox az olsa da, kifayət qədər dünyagörüşü olan, yaradıcı gənclər var və həmin gənclər bir növ “yarımçıq papaqçı”ya çevrilirlər. Bəzi tələbələr ixtisasları ilə bağlı mövzunu tam anlamırlar, nə Azərbaycan, nə də ingilis dilində dolğun biliklər əldə edə bilmirlər.
Biz Jurnalistika fakültəsi olaraq, tələbələrə istər dərs prosesində, istər imtahanlarda, nə qədər dəstək olmağa çalışsaq da, bunlar qaneedici nəticələr almağa kifayət etmir. Xüsusilə, birinci kursda tələbələrlə müzakirə zamanı məlum olur ki, onlar belə çətinliklə üzləşəcəklərini bilməyiblər. Və ya valideynlərinin seçimi ilə universitetə gəliblər. Yəni valideyn “övladım ingiliscə təhsil alır” qürurunu yaşamaq istəyir. Halbuki övladını çox çətin vəziyyətdə qoyur. Xüsusilə, bu dili öyrənmək həvəsi olmayan gənc hər gün əziyyət çəkirmiş kimi universitetə gəlir və vaxtını hədər edir. Valideyn başa düşməlidir ki, məişət səviyyəsində, sadə cümlələri ingiliscə qura bilməyən tələbə elmi müstəvidə özünü çox əzilmiş hiss edir.
Qaldı ki, universitetdə baza təhsilini verməyə, bir neçə il öncə universitetdə qısamüddətli belə dəstək xarakterli dərslər təşkil olunmuşdu və elə də uğurlu alınmadı. Çünki bu, sistemli olmalıdır. Etiraf edək ki, hazırda bu baza təhsilini verən ya özəl universitetlərdir, hansı ki tələbələr kifayət qədər məbləğ ödəyirlər və ya elə dövlət müəssisələri var ki, orada ödənişsiz baza təhsili üçün 600 dən artıq bal toplamaq tələbi qoyulur.
Odur ki, bu poblem kökündən həll edilməlidir, yəni qəbul prosesində həllini tapmalıdır. Tələbəyə hər bir hal açıq şəkildə bildirilməlidir. Tələbə fərqində olmalıdır ki, o universitetə ingilis bölməsinə daxil olursa, orada ona ingilis dili deyil, ixtisası ingilis dilində öyrədiləcək.
İkinci bir məsələ, qəbul prosesində müəyyən dəyişiklik olmalıdır. Ya bu bölməni seçən tələbələrdən beynəlxalq sertifikat istənilməlidir, və ya hazırda davam etdirilən proses təkmilləşdirilməlidir. Təsəvvür edin, təhsil üçün 3 dildə-Azərbaycan, ingilis və rus dillərində yerlər ayrıldığı halda, qabiliyyət imtahanında iki dildə esse yazmaq tələbi qoyulur. Yəni qabiliyyət imtahanında yalnız azərbaycan və rus dilində esse yazmaq tələbi yox, ingilis dilində də yazı tələb edilməlidir. Belə olarsa, bu qarışıqlıq qismən aydınlanmış olar və tələbələr təhsil müddətini daha səmərəli keçirmiş olarlar.
Gülay Qəribova