Bu gün:

Media savadlılığı gənclərin həyatına necə təsir edə bilər?


Son zamanlar ölkəmizdə media savadlılığı çox müzakirə edilən mövzulardandır. Mütəxəssislər media savadlılığının erkən yaşlardan öyrədilməsini tövsiyə edirlər. 24media.az-ın direktoru Anzulə Pərvizqızı bununla bağlı sualımızı cavablayıb. 


Sizcə, media savadlılığı təhsilinin orta məktəblərdə tədris edilməsinin əhəmiyyəti nələdir, gənclərin həyatına necə təsir edə bilər?



Davamlı olaraq müxtəlif media məzmunlarına məruz qaldığımız müasir rəqəmsal mühitdə media savadlılığı hər kəs, o cümlədən uşaqlar və yeniyetmələr üçün vacibdir. Media savadlılığı gənclərin istehlak və istehsal etdikləri, yəni görüb, oxuyub, eşitdikləri, yaydıqları, yazdıqları media məzmunlarını analitik təhlil etməklərinə, cəmiyyətdə məlumatlı və məsuliyyətli fərd kimi iştiraklarına birbaşa dəstək olur. 


Media savadlılığı müxtəlif formalarda media məzmunlarını əldə etmək, təhlil etmək, qiymətləndirmək və yaratmaq bacarığını əhatə edir. Bu, təkcə məzmunu başa düşmək deyil, həm də media yaradıcılarının əsas mesajlarını və niyyətlərini dərk etməkdir. Uşaqlar və yeniyetmələr də medianın müxtəlif formaları ilə qarşılıqlı əlaqədə olarkən, etibarlı məlumatı dezinformasiyadan ayırmaq və medianın onların qavrayış və inanclarına təsirini dərk etmək bacarığını inkişaf etdirməlidirlər.


Belə ki, media savadlılığı tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir, gənclərə onlara təqdim olunan məlumatların doğruluğunu qiymətləndirməyə imkan verir. Bu bacarıq dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə çox vacibdir. Media mesajlarını təhlil edərək, gənclər məzmunun arxasında duran motivləri şübhə altına almağı, onun etibarlılığını qiymətləndirməyi və fərziyyələrə deyil, faktlara əsaslanaraq məlumatlı qərarlar qəbul etməyi öyrənirlər.


Media savadlı insan medianın inandırıcı gücünü, ictimai rəyin formalaşmasına təsirini anlayır, manipulyasiyadan yayına bilir və ən əsası qərəzli informasiyanı müəyyənləşdirir. Bundan başqa, media savadlılığı insanların baxış bucaqlarının müxtəlifliyinə, mədəniyyətlərin fərqliliyinə hörmət etmələrinə səbəb olur, bu isə inklüziv cəmiyyətin inkişafına müsbət təsir edir. Bundan savayı, media savadlı gənc öz baxış bucaqlarını müəyyənləşdirə və inkişaf etdirə, öz mövqeyini daha savadlı təqdim edə bilər.


Hər zaman qeyd etdiyim kimi, media savadlılığı vasitəsilə əldə edilən bacarıqlar təkcə rəqəmsal əsrdə aktual deyil, həm də ömür boyu öyrənmə və şəxsi inkişaf üçün vacibdir. Tənqidi düşüncə, effektiv ünsiyyət və məlumatı idarə etmək bacarığı gənclərin akademik axtarışlarında və gələcək karyeralarında fayda verəcək səriştələrdir.

 

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et