Bu gün:

Banqladeşdə etirazçılar parlament binasına basqın ediblər


Banqladeş sosial mediasında yayılan videogörüntülərdən belə görünür ki, Banqladeşdə etirazçılar Dəkkədə ölkə parlamentinin binasına basqın ediblər.

Görüntülərə görə, onlarla insan ayaqlarını masaların üzərinə qoyaraq deputatların yerlərini tutub. Çoxları masalarda dayanıb siqaret çəkirdi. Digərləri isə mobil telefonlarında videolar çəkirdilər.

Bəzi videolarda konfrans zalının içərisindən tüstünün üfürülməsi və yerə səpələnmiş kağızlar da görünür.

Yerli mətbuatın məlumatına görə, Banqladeşdə son saatlarda minlərlə insan küçələrə çıxıb. Yanğın və vandalizm halları qeydə alınıb. Etirazçılar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın dağıdılmış heykəlini söküblər və muzeyini yandırıblar, həmçinin hakim Avami Liqası partiyasının ofisinə basqın ediblər. Onlar həmçinin hakim partiya nümayəndələrinin evlərinə, polis bölmələrinə və aparıcı telekanalların ofislərinə hücum ediblər. Dəkkə Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlıdır.

Tələbələr iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində küçələrə çıxaraq 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər. Respublikada vəziyyət gərginləşdi, nümayişlər iğtişaşlara çevrildi. Avqustun 4-də paytaxt Dəkkə və Banqladeşin digər şəhərlərində hökumət əleyhinə etirazlar yenidən alovlanıb. The Daily Star qəzetinin məlumatına görə, iğtişaşlar başlayandan bəri ən azı 10 min adam həbs edilib.

AFP daha əvvəl yerli polis və tibb işçilərinə istinadla bildirib ki, etirazlar zamanı azı 300 nəfər ölüb. Bu arada, India Today telekanalı qeyri-rəsmi mənbələrə istinadən qurbanların sayının 1000-dən 1400-ə qədər ola biləcəyini bildirib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et