Anzulə Pərvizqızı
Bakı Dövlət Universitetinin müəllimi
24media.az saytının rəhbəri
Amerikaya getmək barədə heç vaxt düşünməmişdim, düzdür, nə zamansa, bəlkə də, 10 il əvvəl: “Jurnalistlər üçün layihələr və s. olarsa, mən də iştirak etmək istərdim,” – demişdim. Sadəcə dilucu, qeyri-mümkün bir istək kimi, xanım jurnalistlərə qoşulub gülərək demişdim. Amma xəyalını belə qurmamışdım (həm Amerika çox əlçatmaz idi, həm də son zamanlar gündəlik qayğılar, iş, ailə, yeni layihələrim və s. ilə həyatım o qədər məşğul idi ki, bu barədə düşünməyə vaxtım belə yox idi). Ta ki jurnalistika fakültəsinin 4-cü kursunda təhsil alan tələbəm Selcan Hacının “WhatsApp” vasitəsilə “ABŞ İnstitutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramı” barədə link paylaşdığı günə qədər. Qeyd edim ki, Selcan adıçəkilən proqramın tələbələr üçün təşkil edilən layihəsində iştirak edən ən savadlı gənclərdəndir. Həmin an, tərəddüd etsəm də: “Bəlkə, bir şansdır, niyə də olmasın,” – deyib müraciət etdim. Universitetdən evə gələrkən axşamın qaranlığında elə yoldaca müraciət üçün sənədləri həmin link vasitəsilə daxil etdim. Daha sonra mənim üçün əlçatmaz olan bir layihəyə müraciət etdiyimi ailə arasında müzakirə etdik və seçiləcəyimə inanmadan xəbər gözləməyə başladım. Və... bir gün dərs vaxtı Amerikanın Bakıdakı səfirliyindən (zəngin səfirlikdən olduğunu sonra bildim) zəng gəldi. Təxminən belə bir məlumat verildi: “İmeylinizə göndərilən mesaja cavabınız gözlənilir”. Çox təəccübləndim və iki imeyl hesabım olduğu üçün diqqət etmədiyimi bildirib üzrxahlıq etdim. Məktubu cavablandırdım və... Budur, üzbəüz müsahibəyə çağırılmışdım. Müsahibə günü də çox qaçaqaçda idim. Dərslərdən imkan tapıb müsahibəyə getdim. Məndən əlavə bir neçə xanım müəllim də iştirak edirdi. Müsahibədən kim çıxsa, həyəcan içərisində onu dövrəyə alıb sorğu-suala boğurduq: “Sizdən nə soruşdular?”, “Görəsən, nə qədər çəkər?”, “Neçə nəfər seçilər?”, “Ötən il kimlər seçilib?” və s. Müzakirələr həyəcanımızı daha da artırırdı. Müsahibədən sonra yenə bir müddət “gözümüz yolda, qulağımız səsdə” xəbər gözlədik və nəhayət, təqribən bu məzmunda yeni bir imeyl aldıq: Azərbaycandan bu proqrama bir neçə nəfər seçilmişdi (onlardan biri də mən idim). Amma bütün məlumatlarımız Amerika Dövlət Departamenti tərəfindən yoxlanıldıqdan sonra gedib-getməyəcəyimizə qərar veriləcəkdi. Amerika Dövlət Departementi namizədləri “incələməkdə” olsun, biz, “seçilmiş” xanım namizədlər, artıq özümüzə yaratdığımız “Whatsapp” qrupunda təxminlər etməkdə idik. Mən elanda layihənin orta məktəb müəllimləri üçün nəzərdə tutulduğunu əsas gətirərək (yanıldığımı sonradan öyrəndim) ölkə üzrə yalnız bir nəfərin seçiləcəyini söyləyirdim, digər namizədlər isə hər sahə üzrə (filologiya, media, iqtisadiyyat və s.) bir nəfərin seçiləcəyini israr edirdi. Əslində isə universitet müəllimləri, jurnalistlər və tədqiqatçılar üçün olan elanda elə belə də yazılmışdı. Beləliklə, qızğın müzakirələrdən sonra şansımızın artdığını düşündüyümüzdən əksəriyyətimizdə özümzə inam yaranmışdı. Hər sahə üzrə bir nəfər ölkəmizi təmsil edəcəkdi. Amma nəticələr açıqlananda hamımız təəccübləndik: bu il Azərbaycandan yalnız bir sahə üzrə bir nəfər seçilmişdi! Digər sahələr üzrə heç kəs iştirak edə bilməyəcəkdi, sadəcə Jurnalistika və media sahəsi üzrə – Anzulə Cəfərova.
Sevincimin həddi- hüdudu yox idi. 6-7 həftə Amerikanın ən böyük universitetlərindən birində, bir neçə şəhərində, o cümlədən 2 ştatında Azərbaycanı təmsil etmək! Bütün maliyyə xərcləri də Amerika Dövlət Departamenti tərəfindən ödənilməklə! Beləliklə, akademik Amerika macəramız başlandı. 02 iyun – 13 iyul 2024- cü il tarixində Amerikada baş tutan və dünyanın 18 ölkəsindən universitet müəllimlərinin, tədqiqatçıların və jurnalistlərin iştirakını təmin edən bu proqrama Arizona ştatının Feniks və Tempe şəhərlərində yerləşən Arizona Dövlət Universitetində dörd həftəlik akademik rezidentura, Kaliforniya və Vaşinqtonda iki həftəyə qədər inteqrasiya olunmuş təhsil turu daxil idi. Beş ildir, təşkil edilən bu proqramın “Jurnalistika və media” sahəsi üzrə Azərbaycandan təmsilçisi olmamışdı. Arizona Dövlət Universitetində ölkəmizi təmsil etmək şansı qazandığım üçün sevinc qarışıq məsuliyyət hissi duyurdum. Yeri gəlmişkən, səfərimizin yüksək səviyyədə təşkilinə və bizə yaradılan hərtərəfli şəraitə görə Amerikanın Azərbaycandakı səfirliyinə, Amerika Dövlət Departamentinə xüsusi təşəkkürümü çatdırmaq istərdim.
Proqram barədə ümumi məlumat
Kifayət qədər intensiv olan bu proqram Arizona Dövlət Universitetinin “Walter Cronkite” Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbinin professorları və nüfuzlu qonaq məruzəçiləri ilə sessiyaları, kütləvi informasiya vasitələrinə səfərləri, mədəni fəaliyyətləri, fərdi tədqiqat layihələrini, Amerikanın cənub-qərbindəki əhəmiyyətli yerlərə səyahətləri əhatə edirdi. ABŞ-da jurnalistika, texnologiya və demokratiya haqqında biliklər əldə etdiyimiz müddətdə rahatlığımızın, sağlamlığımızın və təhlükəsizliyimizin təmin edilməsi “Cronkite” məktəbinin SUSI komandasının prioriteti idi. İctimaiyyətə ehtiyac duyduqları xəbər və məlumatların çatdırılmasında jurnalistikanın gündən-günə artan rolunun önəmini aşılayan proqram sosial medianın həm dialoqa, həm də dezinformasiyanın yayılmasına necə imkan yaratdığını, eləcə də iştirakçıların dezinformasiyaya qarşı mübarizə strategiyalarını öyrənmə və inkişaf etdirmə, texnologiyanın jurnalistikanı dəyişdirmə yollarını təqdim edirdi. Proqram həmçinin rəqəmsal əsrdə jurnalistikanın etik praktikasını, eləcə də vətəndaşlar arasında xəbər savadlılığını dəstəkləyən yeni təcrübə mübadiləsini əhatə edirdi. Ümumilikdə isə proqram həm tarixən, həm də müasir dövrdə Amerikada jurnalistikanın rolunu araşdırmaq, jurnalistikanı ictimai qərarların qəbulunu gücləndirən vasitə kimi təhlil etmək istiqamətində təşkil olunmuşdu. Akademik layihə çərçivəsində Arizona və Vaşinqtonda yerləşən redaksiyalara, Arizona ştatının Kapitoliya binasına və Feniks şəhər meriyasına ziyarətlər, eləcə də muzeylərə və idman tədbirlərinə ekskursiyalar, Böyük Kanyona və Feniks yaxınlığındakı cənub sərhəd bölgəsinə, ABŞ-Meksika sərhədində yerləşən Noqalesə səfərlər nəzərdə tutulmuşdu. Qeyd edək ki, institutun həftəlik sessiyaları müəyyən mövzular ətrafında təşkil olunurdu. Həmin mövzular barədə daha ətraflı məlumatımız olsun deyə biz əvvəlcədən bəzi oxu materialları ilə təmin edilirdik. ABŞ-da olduğumuz müddətdə proqramın mövzusu və təmsil etdiyimiz ölkənin maraq və ehtiyacları ilə bağlı layihələr hazırlamalı, Arizona səfərimizin sonunda isə hazırladığımız layihələri təqdim etməli idik. Bütün bunlar isə təfərrüatı ilə hələ Amerikaya səfər etməmişdən bir neşə həftə öncə bizə təqdim edilmiş təxminən 80 səhifəlik kitabça şəklində tərtib olunan proqramda yazılmış və eyni zamanda Arizona Dövlət Universitetində proqrama rəhbərlik edəcək heyətlə “Zoom” üzərindən görüşümüzdə də bildirilmişdi. Məhz həmin proqram Amerikada olduğumuz müddətdə tam və mükəmməl şəkildə, dəqiqliklə tətbiq ediləcəkdi. İlk həftə Jurnalistika məktəbi ilə tanışlıq üçün nəzərdə tutulmuşdu.
Arizona Dövlət Universitetində “Tədris xəstəxanası” modeli gələcəyin jurnalistlərini necə yetişdirir? Proqram çərçivəsində 6 həftə Arizona Dövlət Universitetinin “Walter Cronkite” Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbində olduq. Proqramın rəhbəri “Walter Cronkite” Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbinin dekan müavini, professor Daun Gilpin ilkin tanışlıq məqsədilə bir çox ekskursiyalar təşkil etdi. Peşəkar mütəxəssislər yetişdirən Arizonanın ilk kütləvi kommunikasiya məktəbi, doğrudan da, media innovasiyaları üçün əsl sınaq meydançasıdır.
223 min kvadrat metrlik binasında dörd televiziya studiyası, xəbər otaqları, tam təchiz olunmuş 17 redaktə otağı, auditoriyalar, kompüter laboratoriyaları, dörd yayım kanalı və bir sıra rəqəmsal platformaları olan ölkənin aparıcı ictimai media təşkilatlarından biri – “Arizona PBS” fəaliyyət göstərir.
“Cronkite” məktəbinin məşhur “Tədris xəstəxanası” təhsil modeli tələbələrə Feniks, Vaşinqton və Los Ancelesdə professor-müəllim heyəti və peşəkar jurnalistlərin nəzarəti ilə çoxplatformalı “Cronkite News” vasitəsilə ingilis və ispan dillərində gündəlik xəbərlər hazırlamaq imkanı tanıyır. Rəqəmsal mediada peşəkar proqramlar, ictimai məsələlərlə bağlı reportajlar, yayım xəbərləri, rəqəmsal innovasiyalar, idman reportajları, ingilis və ispan dillərində xəbərlər və bunun kimi bir çox imkanlar təqdim edən “Cronkite” bu günün və sabahın rəqəmsal media dünyası üçün yüksək ixtisaslaşmış təhsil təklif edir. Zəngin tarix və missiya “Walter Cronkite” Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbi jurnalistika sahəsində ən mükəmməl təhsil verən məktəblərdən öndə gedəni hesab edilir. Məşhur CBS xəbər aparıcısı olmuş Walter Cronkitın adını daşıyan bu məktəbdə təhsil alan tələbələr media peşəkarlarına çevrilirlər. 1984-cü ildə təsis olunan “Cronkite” məktəbinin missiyası tələbələri praktik biliklərlə silahlandırmaq, tənqidi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və jurnalistikanın etik dəyərlərini təbliğ etməkdir.
Bəs bunu necə bacarırlar?
“Cronkite” məktəbi rəqəmsal media, yayım xəbərləri, idman reportajları, ictimaiyyətlə əlaqələr və ispandilli jurnalistika da daxil olmaqla geniş proqramlar təklif edir. Hər bir proqram tələbələrə real dünyanın media mühitini əks etdirən praktik, immersiv təcrübələr təqdim edir. Tələbələr yaradılmış innovativ şəraitdən və dəstəkdən faydalanmaqla yerli problemlər barədə professional layihələr hazırlayırlar. Mükəmməl heyət “Cronkite” məktəbində bir neçə Pulitzer mükafatı laureatları da daxil olmaqla məşhur jurnalistlər xidmət göstərirlər. Bu peşəkarlar illərlə qazandıqları təcrübələri auditoriyalara daşıyaraq əvəzsiz mentorluqları ilə tədris proqramını zənginləşdirirlər. Fakültənin professor-müəllim heyəti isə fəal tədqiqatçılardır: onlar tədris planını mütəmadi olaraq təkmilləşdirir, elmi araşdırmalar aparır, nüfuzlu nəşrlər və innovativ layihələr vasitəsilə jurnalistika sahəsinə töhfə verirlər.
Ən müasir texnologiya
Ən müasir texnologiya ilə təchiz olunmuş modern binada yerləşən “Cronkite” məktəbində rəqəmsal xəbər otaqları, televiziya studiyaları və multimedia istehsalına xidmət edən müəssisələr var. Beləliklə, tələbələr ən müasir media alətlərindən və texnologiyalardan istifadə etməklə praktiki təcrübə qazanaraq jurnalistika sahəsində uğurlu karyeraya hazırlaşırlar.
Tələbə təcrübəsi və imkanlar
Tələbələrini təcrübə əsaslı yetişdirmək “Cronkite” məktəbinin təməl daşıdır: belə ki, yerli xəbər agentlikləri, milli media təşkilatları və innovativ rəqəmsal platformalar onlar üçün dəyərli sınaq meydançasına çevrilir. Məktəbin media ilə güclü əlaqələri tələbələrə təcrübə keçmək və işlə təmin olunmağa kömək edir, uğurlu karyera üçün zəmin yaradır. Qeyd edək ki, “Cronkite” tələbələri mütəmadi olaraq jurnalistika müsabiqələrində uğur qazanırlar.
İctimai xidmət
“Cronkite” məktəbi jurnalistikada ictimai xidmətin əhəmiyyətini hər zaman vurğulayır. Tələbələr aktual ictimai problemləri həll edən, demokratiyada jurnalistikanın rolunu gücləndirən layihələrdə iştirak edirlər. Bundan əlavə, məktəb beynəlxalq proqramlar və xaricdə təhsil imkanları vasitəsilə qlobal perspektivlər təklif edir, tələbələrin müxtəlif mədəni kontekstlərdə media haqqında anlayışlarını genişləndirir.
“Cronkite” xəbər proqramı
“Cronkite” xəbər proqramındakı tələbələr Pulitzer qalibləri də daxil olmaqla fakültənin professor-müəllim heyətinin rəhbərliyi altında “Arizona PBS” üçün gündəlik xəbərlər hazırlayırlar. Bu “Tədris xəstəxanası” modeli tələbələrə öz bacarıqlarını real şəraitdə tətbiq etməyə imkan verir və onların hazırladıqları proqramları 1 milyondan çox ailə izləyir. Tələbələr məktəbin təqim etdiyi layihələrdə iştirak etməklə araşdırma reportajları, data jurnalistikası və multimedia hekayələri istiqamətində əvəzolunmaz təcrübələr qazanırlar.
Məktəbdə olduğum müddətdə əmin oldum ki, “Cronkite” iddia etdiyi kimi, “Tədris xəstəxanası”, yəni “tələbələr - professor-müəllimlər – professional heyət” birliyini əks etdirən modeli tətbiq etməklə, həqiqətən də, sabahın xəbər otaqlarını qurur.
