Bloomberg mənbələrə istinadən xəbər verir ki, milyarder amerikalı sahibkar İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampı cari prezident seçkilərində dəstəkləyən super siyasi fəaliyyət komitəsinə ianə edib.
"Bloomberg"-ə görə, bu, "dünyanın ən zəngin adamının ABŞ-ın siyasi mənzərəsində öz izini buraxmaq üçün böyük qumarıdır".
Bloomberg qeyd edir: "Maskın nə qədər verdiyi bəlli deyil, lakin insanlar bu rəqəmi böyük bir məbləğ kimi xarakterizə etdilər".
Mask bu illər ərzində hər iki partiyanın namizədlərinə ianə edib. "O, prezident seçkilərinə çox pul xərcləməyib və onun ianələri illər ərzində Demokratlar və Respublikaçılar arasında bərabər bölünüb" deyə New York Times daha əvvəl yazmışdı.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini təmin edib. İkinci müddətə prezident olmaq istəyən ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyasından namizəd olmaq üçün kifayət qədər nümayəndə qazanıb. Həm Respublikaçıların, həm də Demokratların prezidentliyə namizədlərini yayda keçiriləcək partiya qurultaylarında seçəcəkləri gözlənilir.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova