Bu gün:

Zəhərlənmənin əlamətləri hansılardır?



Müxtəlif zəhərli maddələrə görə orqanizmin funksiyalarının pozulması kimi təyin edilə bilən zəhərlənmə, insanın həyati funksiyalarına təsir göstərə bilər. Zəhərlənməyə səbəb olandan asılı olaraq, insan müxtəlif simptomlarla qarşılaşa bilər. Zəhərlənmə halında ürəkbulanma, qusma, qarın ağrısı, zəiflik, başgicəllənmə və ishal ən çox görülən əlamətlər sırasındadır. Zəhərlənmə tez-tez qida səbəbindən baş verir. Bununla belə, tənəffüs və dəri zəhərlənmələrinin sayı da kifayət qədərdir. Bir şəxs zəhərləndiyini anladıqda, mümkün sağlamlıq problemlərinin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək son dərəcə vacibdir. Bir şəxs zəhərlənmə şübhəsi ilə bir sağlamlıq müəssisəsinə müraciət edərsə, həkim əvvəlcə xəstənin ümumi sağlamlıq vəziyyətini anlamaq üçün fiziki müayinə aparır. Zəhərlənmə ağır olarsa, həyati əlamətlər qiymətləndirilir və şüur yoxlanılır. Müalicə başlamazdan əvvəl xəstənin zəhərlənməsinə səbəb olan faktoru müəyyən etmək son dərəcə vacibdir. Məsələn, kimyəvi maddələr udulursa, xəstəni heç vaxt qusmağa məcbur etmək olmaz. Buna görə də, hansı növ zəhərli maddə olduğu və insanın müntəzəm olaraq hansı dərmanlardan istifadə etdiyi kimi məlumatlar alınmalıdır.

Zəhərlənmə nədir?

Zəhərlənmə bədən üçün zəhərli olan və ya normal olaraq zəhərli olmayan bir maddənin böyük miqdarda qəbulu ilə bir və ya bir neçə bədən funksiyasının pozulması kimi təyin edilə bilər. Zəhərlənmə insanın yaşından, fiziki xüsusiyyətlərindən, məruz qaldığı zəhərli maddənin növündən, orqanizmə daxil olma üsulundan və dozasından asılı olaraq dəyişir. Zəhərlənmələrin 60%-i 5 yaşa qədər uşaqlarda, 90%-i isə ev şəraitində baş verir. Zəhərlənməyə səbəb olan əsas amillər yeyilən xarab qidalar, dərmanlar, spirt və göbələklərdir. Bununla belə, zəhərlənmə inhalyasiya və ya dəri yolu ilə də baş verə bilər. Zəhərlənmənin səbəbindən asılı olaraq, insanda görülən şikayətlər və əlamətlər dəyişir. Eyni şəkildə, müalicə növü zəhərlənməyə səbəb olan agentin aşkarlanmasından asılı olaraq dəyişir. Şəxsin müxtəlif səbəblərdən zəhərləndiyi aşkar edildikdə ilk növbədə xəstədən zəhərlənməyə səbəb olan zəhərli maddə çıxarılmalı və ilkin tibbi yardımın göstərilməsi üçün dərhal müəssisəyə müraciət edilməlidir.

Zəhərlənməyə səbəb olan amillər hansılardır?

Səbəblər faktordan asılı olaraq insanda bir çox fərqli əlamətlər yarada bilər. Bəzi zəhərlənmə növləri ölümlə nəticələnə biləcək qədər ciddi ola bilər. Buna görə zəhərlənməyə səbəb olan faktoru aşkar etmək son dərəcə vacibdir. Zəhərlənmə üç fərqli şəkildə baş verir.

Həzm yolu ilə zəhərlənmələr

Qəbul edilən zəhərli maddələrin səbəb olduğu zəhərlənmələr dünyada ən çox yayılmış zəhərlənmə növüdür. Korlanmış qidaların, zəhərli göbələklərin şüurlu və ya şüursuz istifadəsi, həddindən artıq spirt istifadəsi, yüksək dozada dərmanlar, təmizləyici vasitələr kimi kimyəvi maddələr həzm zəhərlənməsinin əsas səbəblərindəndir. Qida zəhərlənməsinin simptomları da zəhərlənmənin səbəbindən asılı olaraq dəyişir.

İnhalyasiya yolu ilə zəhərlənmələr

Zəhərli maddələrin nəfəs alması ilə yaranan bu vəziyyət ikinci ən çox görülən zəhərlənmə növüdür. Zəhərli maddələrin tənəffüs yolu ilə orqanizmə daxil olması zamanı meydana gələn tənəffüs yolu ilə zəhərlənmələr adətən silindr sızması, baca sızması, işlənmiş qaz kimi səbəblərdən ətraf mühitə sızan karbonmonoksit qazının tənəffüs edilməsi ilə baş verir. Baş ağrısı, ürəkbulanma, yorğunluq, nəfəs darlığı və ürək döyüntüsü ən çox görülən simptomlar arasındadır. Belə hallarda insan tez bir zamanda təmiz hava ala biləcəyi mühitə aparılmalı, qazın olduğu mühitdə bütün pəncərə və qapılar açılaraq yer havalandırılmalıdır. Xəstə huşsuz vəziyyətdədirsə, təcili yardım çağırılmalıdır. Tənəffüs yolu ilə zəhərlənmələrə səbəb olan digər amil ağartıcı kimi kimyəvi maddələrin başqa kimyəvi maddə ilə qarışdırılaraq istifadəsidir.

Dəri vasitəsilə zəhərlənmə

Zəhərli maddələrin dəri ilə təması nəticəsində baş verən bu növ zəhərlənmə daha çox həşərat dişləməsi, dərman inyeksiyası, saç boyası və zəhərli kimyəvi maddələrin dəri ilə təması və ya dəri vasitəsilə udulması nəticəsində baş verir. Dəri zəhərlənməsinin simptomları daha çox təmasda olan nahiyədə qızartı, qabarıqlıq, iltihab və hissiyyat itkisi ilə xarakterizə olunur. Təsir olunan zəhərli maddənin növündən asılı olaraq, uyuşma bütün əzaya və ya bütün bədənə yayıla bilər. Belə hallarda əllər zəhərli maddə ilə təmasda olubsa, onlar tez yuyulmalı və zəhərli maddə ilə çirklənmiş paltarlar çıxarılmalıdır.

Mənbə: Medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et