Mingəçevir Dövlət Universitetində (MDU) 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib. Universitetin əsas tədris binasında təşkil olunan mərasim məzunların tələbəlik həyatından peşəkar gələcəyə keçidini simvolizə edən unudulmaz anlarla yadda qalıb.
24media.az xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının və regional qurumların nümayəndələri, professor-müəllim heyəti və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitet binası qarşısındakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsindən sonra rəsmi çıxışlara start verilib.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək MDU-nun regionun kadr potensialının və insan kapitalının gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib, məzunlara dövlətimizin tərəqqisi naminə fəaliyyətlərində uğurlar arzulayıblar.


Tədbirdə çıxış edən MDU-nun rektoru Anar Eminov məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, “Məzun Günü” universitet həyatında yalnız yekun mərhələ deyil, həm də yeni başlanğıcın, yeni məsuliyyətin və yeni ümidlərin bayramıdır. Məqsədlərinin bilikli, çevik düşüncəli, innovativ yanaşmaya malik, əmək bazarının tələblərinə uyğun, eyni zamanda cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətli gənclər yetişdirmək olduğunu vurğulayan rektor əlavə edib:
"Müasir universitetlər artıq yalnız auditoriyalarda bilik ötürən müəssisələr deyil, həm də dayanıqlı inkişaf ideyalarını təşviq edən, yaşıl düşüncəni formalaşdıran, rəqəmsal bacarıqları gücləndirən, sosial məsuliyyət və inklüzivlik dəyərlərini gündəlik fəaliyyətinə çevirən canlı ekosistemlərdir. Bu baxımdan Mingəçevir Dövlət Universiteti tələbələrinə təkcə ixtisas bilikləri qazandırmır, onları həm də əməkdaşlıq, liderlik, ekoloji məsuliyyət, innovasiya və cəmiyyətə faydalı olmaq kimi vacib dəyərlərlə formalaşdırır".
Rektor qeyd edib ki, universitetin növbəti məzunlarını yola salması MDU-nun regionun kadr potensialının inkişafında artan rolunun daha bir göstəricisidir. O bildirib ki, universitetin mühəndislik, iqtisadiyyat və idarəetmə, pedaqoji istiqamətlər üzrə hazırladığı məzunlar gələcəkdə müxtəlif sahələrdə çalışaraq ölkənin davamlı inkişafına, regionların güclənməsinə, bilik əsaslı iqtisadiyyatın formalaşmasına və insan kapitalının zənginləşməsinə töhfə verəcəklər. Çıxışının sonunda məzunlara müraciət edən A.Eminov onların MDU ailəsinin hər zaman dəyərli üzvləri olaraq qalacaqlarını bildirib, gənclərə peşə yollarında prinsipial, məsuliyyətli, yeniliklərə açıq və vətənpərvər olmağı tövsiyə edərək universitetin qapılarının onlar üçün hər zaman açıq olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da məzunları təbrik edərək gənclərin təhsilli, fəal və sosial məsuliyyətli yetişməsinin cəmiyyətin inkişafı baxımından önəmini qeyd edib, MDU-da mövcud olan tələbəyönümlü mühiti yüksək qiymətləndirib.
Rəsmi hissənin davamında təhsildə fərqlənənlərin təltif olunması mərasimi keçirilib. Magistratura üzrə Alsu Məmmədova (99.22 bal) universitet birincisi, bakalavriat səviyyəsi üzrə isə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səbinə Rəhimova (99.07 bal) universitet və fakültə birincisi olaraq mükafatlandırılıb. Həmçinin Pedaqoji fakültənin birincisi Xəyal Şərifli (98.85 bal) və Mühəndislik fakültəsinin birincisi İbrahim Məmmədov (95.24 bal), eləcə də universitetin ictimai həyatında fəallıq göstərən digər tələbələr, veteran və şəhid ailəsi üzvü olan məzunlar xüsusi mükafatlara layiq görülüblər.




Tədbir tanınmış musiqiçilərin - Qara Dərviş (Hikmət Poladzadə), Mərdan Kazımov və Habil Məmmədovun rəngarəng ifalarından ibarət bədii proqramla yekunlaşıb.
Qeyd edək ki, bu tədris ilində Mingəçevir Dövlət Universitetindən bakalavriat səviyyəsi üzrə 955, magistratura üzrə isə 137 olmaqla, ümumilikdə 1092 gənc məzun adını qazanıb.





Həvva Cəbrayılova
