Bu gün:

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Dünya Bankının Azərbaycanın yol təsərrüfatının idarə olunması sahəsində apardığı institusional qiymətləndirmənin nəticələri müzakirə edilib. Beynəlxalq təcrübə əsasında yol infrastrukturunun idarə olunması, saxlanılması və maliyyələşdirilməsi sahəsində mövcud yanaşmalar nəzərdən keçirilib. Bununla yanaşı, preventiv aktivlərin idarə olunması modelinə keçidin, milli standartların müasirləşdirilməsinin, rəqəmsallaşmanın və məlumat əsaslı qərarqəbuletmə sistemlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Tərəflər institusional potensialın və maliyyə dayanıqlığının gücləndirilməsi, yol fondunun formalaşdırılması, ödənişli avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, eləcə də özəl sektorun bu sahədə iştirakının artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı Dünya Bankı gələcəkdə institusional islahatları və yol infrastrukturu layihələrini əhatə edən çoxmərhələli proqram çərçivəsində Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonda tərəflər əməkdaşlığın gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər.

Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et