Bu gün:

"Son günlərdə xəstəxanalara müraciətlərin sayı artıb"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı terapevt Dr.Sübhan Hacıyevdir. O, Bakıda olan tozlu hava şəraiti və belə havanın insan orqanizmində yarada biləcək fəsadlarından danışıb.

Son günlərdə Bakıdakı tozlu hava şəraiti insanların sağlamlığına necə təsir göstərir?

Ümumiyyətlə, bütün canlılar kimi insanın da yaşaması üçün suya və havaya böyük ehtiyacı var. Elə buna görə də, havanın istənilən növ çirklənməsi, yaşadığımız ərazinin hava temperaturunun dəyişkənliyi tənəffüs sistemimizə və ümumilikdə, orqanizmimizə təsirsiz ötüşmədiyi üçün bu günümüzün ən aktual problemlərindən birinə çevrilib. Əfsuslar olsun ki, son günlər Bakı şəhərində də belə havanın müşahidə olunduğunu görürük. Və nəticədə, tənəffüs yolu xəstəlikləri ilə xəstəxanalara, xüsusilə də, təcili tibbi yardım şöbələrinə müraciətlərin sayı artıb. Əslində, insan orqanizmi mükəmməl bir quruluşdur və ölçüləri 10 mikrondan böyük olan toz hissəcikləri orqanizmin təbii qoruma mexanizmləri tərəfindən uzaqlaşdırıla bilir. Lakin daha kiçik toz hissəcikləri yuxarı tənəffüs yollarından keçərək aşağı tənəffüs yollarına enib, bu sistemin ən dərinliklərinə qədər gedə bilir və çox ciddi tibbi fəsadlarla qarşımıza çıxır.

Tibbi fəsadlar dedikdə nə nəzərdə tutulur?

Tibbi fəsadlar tənəffüs yolu infeksiyaları, bronxial astma, kəskin baş ağrıları, tənəffüs yolu allergik xəstəliklərin daha da çoxalması və aqressivləşməsi göstəriciləri ilə özünü büruzə vermiş olur.

Tozlu havalar, eyni zamanda, insanın selikli qişasınada təmas edərsə, ciddi qıcıqlanmalar yaradır. Xüsusilə də, gözün və ağız boşluğunun selikli qişasına təmas etdiyində tibbi fəsadlar daha da kəskin formada özünü göstərir.

Uşaqlar, körpələr, yaşlı insanlar, xroniki xəstəliyi, bronxial astma allergik xəstəliyi olanlar belə hava şəraitində qətiyyən çölə çıxmamalıdırlar. Ev şəraitində qalmaları tövsiyə olunur və yaxşı olar ki, kondisionerlərdən istifadə etsinlər. Əgər məcbur çölə çıxmaq zərurəti yaranarsa, mütləq maskalardan və göz eynəklərindən istifadə olunmalıdır.

Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et