Bu gün:

Distoniya nədir?


Hərəkət pozğunluğu xəstəliyi olan distoniya əzələlərdə qeyri-iradi hərəkətlərə səbəb olur. Parkinson və əsas tremordan sonra ən çox rast gəlinən hərəkət pozğunluğu növü olan distoniya yavaş təkrarlanan hərəkətlər və ya anormal duruşla xarakterizə olunur. Bədənin hər hansı bir hissəsinə təsir edə bilən distoniya, göz, boyun, ayaq, qol və əllər kimi tək bir bölgədə başlayan qeyri-iradi əzələ hərəkətləri nəticəsində tez-tez ağrıya səbəb ola bilər.

Nevroloji sindrom olan distoniya hiperkinetik hərəkət pozğunluqları adı altında araşdırılır. Xəstəliyin digər hərəkət pozğunluqlarından fərqi onunla eyni əzələ qrupunda daralmaların uzunmüddətli, güclü və davamlı olmasıdır. Distoniyada rol oynayan neyrokimyəvi dəyişikliklər hələ tam başa düşülməsə də, distoniyanın əzələləri və hərəkətləri idarə edən beyin və ya bazal nüvələrin anormallıqları və ya zədələnməsi səbəbindən meydana gəldiyi düşünülür. 

Distoni Parkinson və əsas tremor xəstəliklərindən sonra ən çox rast gəlinən hərəkət pozğunluğu olsa da, cəmiyyət tərəfindən yaxşı tanınmır. Daha çox böyüklərdə müşahidə olunan xəstəlik bəzi hallarda gənclərdə və uşaqlarda da müşahidə oluna bilir. Yetkinlərdə başlayan distoniya, ümumiyyətlə, bədənin bir hissəsini təsir edir, uşaqlıq dövründə başlayan distoniya isə çox vaxt bədənin bir çox hissələrini təsir edir. Bədənin bütün və ya bir hissəsində baş verən qeyri-iradi sancılar və bükülmələrlə xarakterizə olunan distoniya, bəzən əyilmələrə və bədən duruşunun pisləşməsinə səbəb ola bilər. Başqa sözlə, distoniyanın varlığında meydana gələn büzülmə və bükülmə hərəkətləri anormal duruş və ya qol, ayaq, gövdə, baş, üz və səs tellərini təsir edən titrəməyə səbəb ola bilər. 

Distoniya səbəblərinə görə iki ayrı qrupda araşdırılır:

Birincili distoniya: Səbəbi bilinməyən ilkin distoniya növü daha çox 20-30 yaş arası gənclərdə müşahidə edilir. Stres ilkin distoniyaya səbəb olmasa da, distoniyalı xəstələrdə stressin olması xəstədə simptomların və şikayətlərin artmasına səbəb ola bilər. Birincili distoniya, distoniyanın ən çox yayılmış forması, əsas tremor, tiklər və Parkinson xəstəliyindən sonra ən çox rast gəlinən hərəkət pozğunluğudur. 

İkinci dərəcəli distoniya: Doğuşdan sonra yaranan ikincili distoniyalar əsasən dərmanların yan təsirləri və müxtəlif toksinlərə məruz qalma kimi xarici faktorlar səbəbindən baş verir. Beyin zədələnməsi, otoimmün və ya yoluxucu xəstəliklər, mitoxondrial xəstəliklər ikincil distoniyaya səbəb ola bilər. Wilson xəstəliyi və tik pozğunluqları kimi neyrodejenerativ xəstəliklər də distoniya çərçivəsində nəzərdən keçirilə bilər. İkinci dərəcəli distoniya bir çox fərqli xəstəlik qruplarını əhatə etsə də, xəstəliyin başlanğıc yaşı, şəxsin şəxsi tarixi, ailə tarixi və inkişaf geriliyi, ataksiya, psixoz, spastiklik və eşitmə itkisi kimi müşayiət olunan xəstəliklər nəzərə alınaraq asanlıqla diaqnoz qoyula bilər. Peşə xəstəlikləri, iş qəzaları və ya travmaya məruz qalma kimi amillərin olması distoniya diaqnozunu asanlaşdırır, çünki əlavə müayinə tələb etmir.

Mənbə: Medical Park

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et