Bu gün:

Üstünlük və aşağılıq kompleksi


Alfred Adlerin Fərdi Psixologiya nəzəriyyəsini təşkil edən ən mühüm iki anlayış aşağılıq və üstünlük hissləridir. Adler insan təbiətini sosial-psixoloji baxımdan araşdıraraq şəxsiyyətin bütövlüyünə diqqət yetirib.

O, fərdin davranışının onun sosial mühiti ilə qarşılıqlı əlaqəsi ilə formalaşdığını vurğulayıb. Davranışların istək və məqsədlərlə formalaşdığını bildirərək məqsədyönlü olduğunu müdafiə edib. Bu məqsədlərin insanların düşüncə, hiss və davranışlarına təsir etdiyini bildirib.

Üstünlük və aşağılıq kompleksinin uşaqlıqda formalaşmağa başladığını bildirən Adler də Freyd kimi insan həyatının ilk altı ilinin şəxsiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Ən təməl sosial sistemin ailə olduğunu və insanın necə davranacağını ailədən öyrənəcəyini bildirir.

Adlerin fikrincə, hər bir körpə aşağılıq, qeyri-adekvatlıq və müdafiəsizlik hissləri ilə doğulur. Çünki onun ətrafında güclü və bacarıqlı böyüklər var. Qidalanma və qorunma ehtiyacları böyüklərdən asılıdır. Uşaq ətrafı ilə ünsiyyət qurduqca, müqayisələr apardıqca aşağılıq hissi yaranmağa başlayır. Sağlam və balanslı şəxsiyyətə malik uşaqda zamanla özünə inam hissi yaranır.

Komplekslər uşaqlıqdan başlayır və uşağın şüur səviyyəsinə uyğun olaraq təkmilləşir. Aşağılıq hissini anlamaqda ən mühüm məqam fərdin özü haqqındakı fərziyyələridir. Özünü fiziki və sosial cəhətdən aşağı hesab etmək, insanın hiss etdiyi hissdir. Bu hisslər fərdin mövcud məqsədlərini müəyyən etməyə kömək edir. Bu, onu uğur üçün səy göstərməyə vadar edir. Həyatda yer tapmaq, məhsuldarlıq və çətinliklərin öhdəsindən gəlmək kimi bacarıqların inkişafına töhfə verir. Bundan əlavə, Adler bu hisslərin hər bir fərd üçün universal olduğunu bildirir. O, aşağılığı zəiflik kimi görməkdənsə, bunun yaradıcılığın kökündə olduğuna inanır. Bu duyğular insanı uğur qazanmağa və özünü doymuş hiss etməyə həvəsləndirir. Aşağılıq və üstünlük hissləri normaldır və hər bir fərdin inkişafı üçün zəruridir. Ancaq hər hansı bir emosiyanı həddindən artıq yaşamaq sağlamlığa zərərlidir. Adler vurğulayır ki, həll edilməmiş aşağılıq hissləri aşağılıq komplekslərinə, üstünlük üçün səylər isə üstünlük komplekslərinə səbəb olur.

Mənlik anlayışı uşağın ailəsi və sosial mühiti ilə qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Uşaqlıqda valideynləri tərəfindən alçaldılan, xor baxılan, görməzlikdən gəlinən, səhv etdikdə cəzalandırılan, uğursuz və qeyri-adekvat mənlik formalaşdıran insanda aşağılıq kompleksi yaranır. Onlar bacardığını belə edə bilmir və uğursuzluq qorxusu yaşayırlar. Göz təmasından qaçır, qorxu və utanc kimi duyğuları sıx şəkildə yaşayırlar. Bu səbəbdən onlarda özünə hörmət və özünə inam kifayət qədər zəifdir. Sonra özünü cəmiyyətdən təcrid edir və bir müddət sonra özünə qapanmış bir şəxsiyyət formalaşmasına səbəb olur.

Aşağılıq kompleksi qısqanclıq hissi ilə əlaqələndirilir. Aşağılıq kompleksi yaşayan insan güclü dəyərsizlik hissləri yaşayır. Şəxsi və iş həyatında bir çox sahədə özünü qeyri-kafi hiss edir. Buna görə də vəsvəsə, özünə inamsızlıq, narahatlıq, depressiya və s. Bu kimi psixoloji pozğunluqlar baş verir.

Əksinə, üstünlük kompleksi formalaşan insanın uşaqlıq illərində valideynləri həddindən artıq və lazımsız təriflər söyləyərək, onları hamıdan üstün, gözəl, yaraşıqlı, uğurlu, istedadlı və ağıllı olmalarına aid edirlər. Üstünlük kompleksi yaşayan şəxs özünü mərkəzləşdirən düşüncə quruluşuna malikdir. O, bütün hadisələri öz prizmasından dəyərləndirir. Başqalarına əhəmiyyət vermir. Empatiyası yoxdur. Daim özünü başqa insanlarla müqayisə edir. Özlərini başqalarından üstün hesab edirlər. Başqaları onun üstün hesab etdiyi istedad və xüsusiyyətlərini görmədikdə və ya diqqət etmədikdə çox narahat olur və əsəbiləşirlər. Onlar tənqidə açıq deyillər. Bəyənmədiyi bir şərh qarşısında təkəbbür göstərə və ya hətta alçaldıcı davrana bilərlər. Onlar hər mühitdə imtiyazlı olduğuna inanırlar. Düşünürlər ki, yalnız onlar, uğur qazanmağa, işdə irəli çəkilməyə, alqışlanmağa, qiymətləndirilməyə, sevilməyə layiqdirlər. Başqasının bu imtiyazlara sahib olması halında həddindən artıq qısqanclıq və qəzəb hiss edirlər. Qrup daxilində liderlik aspektləri üstünlük təşkil edir və onlar nəzarəti saxlamaq istəyirlər. Nəzarətini itirməməyə və öz istəklərini yerinə yetirməyə çox çalışırlar. Onlar, ətrafındakıları manipulyasiya etmək qabiliyyətinə malikdirlər. Rədd olunmağa cavab olaraq aqressiv davranırlar. Xüsusilə belə insanların əhvalı tez-tez dəyişir. Bir tərəfdən özünü başqalarından üstün gördüyü halda, birdən özünü başqalarından daha pis qəbul edə bilərlər. Bu dəyişkən əhval-ruhiyyə depressiya, narahatlıq və s. kimi psixoloji pozğunluqları da gətirir.

Mənbə: antalyapsikiyatrist.com

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et