Bu gün:

WhatsApp Plusun yarada biləcəyi fəsadlar- Fərhad Mirəliyev ilə "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" adlı rubrikasının budəfəki qonağı İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyevdir. O, WhatsApp Plusun yaratdığı fəsadlardan danışıb.

Sizcə, WhatsApp Plusun hansı fəsadları var? Bu versiyanı istifadə etmək doğrudurmu?

-Whatsapp dünya üzrə ən populyar messencerlərdən biri olsa da, funksionallıq baxımından bəzi tələblərə cavab verə bilmir. Əksər tələbkar istifadəçilərin ümumi istəkləri Whatsapp-ın qeyri-rəsmi modifikasiyalarının yaranmasına səbəb olub.

Tətbiqin təhlükəsizlik risklərinə gəlsək, ilk olaraq, diqqət yetirilməli məqam odur ki, həmin versiyanın rəsmi tətbiqlər siyahısında olmamasıdır. Nəticədə, tətbiqi istifadə etmək istəyən istifadəçi onu axtarışa verir və çoxsaylı nəticələrdən birinə keçid edərək onu yükləyir. Burada ən böyük risk bu versiyanın endirildiyi saytın təhlükəsizlik səviyyəsi haqqında məlumatın olub-olmamasıdır.

Qeyri-peşəkar saytlar həmin modifikasiyaları istifadəçilərə əlçatan edir. Beləliklə, proqramın leqal olmaması ilə yanaşı, son istifadəçiyə çatana qədər bir neçə mənbə dəyişməsi də risk yaradır. 

Biz hər hansı bir faylı göndərəndə həm Whatsapp, həm də Whatsapp Plus tətbiqi bizə aid cihazın yaddaşına müraciət edir və həmin faylı serverə yükləyir. Bu əməliyyat original tətbiqdə bizim icazəmizlə baş verirsə, qeyri-rəsmi versiyada buna heç kim təminat vermir. Məhz bu səbəbdən, risklər çoxdur.

Bundan əlavə, Whatsapp tətbiqi server-müştəri texnologiyası əsasında çalışır. Yəni məlumatlar, yazışmalar və s. Whatsapp-a məxsus serverlərdə saxlanılır və cihazlar arasında sinxronlaşdırılır. Rəsmi versiya həmin dataların təhlükəsiz saxlandığına bizi əmin edir. Whatsapp Plus tətbiqinin istifadəsi zaman birbaşa serverlər ilə əlaqə qurmur,  hətta sözügedən versiyaya məxsus digər serverlər də rol alır. Deməli, təhlükəsizlik ilə bağlı risklər artmış olur. Rəsmi olmayan tətbiqin serverləri vasitəsilə istifadəçinin bütün məlumatları transfer edilir. Təhlükəsizlik qeyri-mümkündür, amma bununla bağlı riskləri idarə etməyi hər bir istifadəçi öyrənməlidir.

Həmçinin 24media.az qeyd edir ki, Whatsapp Plus tətbiqi də original  proqramın modifikasiya olunmuş formasıdır. Proqram təminatı Whatsapp Plus adlansa da, originalı  ilə eyni deyil və Google Play Market tərəfindən rəsmi olaraq tanınmır. Həvəskarların yaratdığı  bu versiya originalda olmayan bir sıra funksional imkanlara görə istifadəçilər arasında populyarlıq qazanıb.


Xədicə Qiyas

Paylaş
Şərh əlavə et