Bu gün:

"Normadan artıq günün altında qalmaq dərini qurudur" - Dermatoloqla Müsahibə


Sağlamlıq hər bir kəsin həyatında ən önəmli yerdə dayanır. Lakin bir sıra səbəblərdən orqanizmdə, xüsusilə, təmasa məruz qalan dəridə müəyyən xəstəliklər yaranır. 

24Media.az - ın budəfəki müsahibi dermatoloq, veneroloq Kənan Əhmədovdur. O, dəri xəstəlikləri ilə bağlı sualları cavablayıb.

Dəri xəstəlikləri hansılardır və onların yaranma səbəbləri nələrdir?

Dəri xəstəlikləri çoxdur. 8500-dən çox nozologiya var ki, bunların içərisində yaranma səbəbləri bəlli olanlar, olmayanlar, həmçinin, genetik olanlar da var. Amma ən çox yayılanlar papiloma, vitiliqo, psoriaz, dəri göbələyi və akne xəstəliyidir.

Bu xəstəliklər necə müalicə olunur?

Bu sırada, ilkin diaqnoz qoyulur və uyğun müalicəyə başlanılır. Hər bir xəstəliyin xüsusi klinik göstəriciləri olduğu üçün, bəzən, adi gözlə, bəzən, xüsusi instrumental-labarator müayinələrlə, spesifik hallarda isə, dəri biyopsisi vasitəsilə diaqnoz qoyulur

Ən çox rastlaşdığınız dəri xəstəlikləri hansılardır? Onların müalicə metodları haqqında nə deyə bilərsiniz?

Praktikada, daha çox, vitiliqo, psoriaz və dəri göbələyinə rast gəlinir.

Sözügedən xəstəliklər hansı yollarla keçə bilər? Ümumiyyətlə, dəri xəstəlikləri yoluxucudurmu?

Əslində, dəri xəstəlikləri iki qrupa bölünür: Yolxucu olanlar və olmayanlar. Yolxucu dəri xəstəlikləri havada olan damcılar, yaxın və ya cinsi təmas və.s vasitəsilə keçir ki, bunlar artıq yolxucu zöhrəvi xəstəliklər hesab olunur. Digər tərəfdən, bu tip xəstəliklərin çoxusu yolxucu deyil. Müalicə etdiyim vitiliqo, psoriaz kimi xəstəliklər bir şəxsdən digər şəxsə keçmir, yayılmır.

Bəzən, bu xəstəliklərin heç bir səbəbi tapılmır və ya orqanizmdə olan digər xəstəliklərlərdən qaynaqlanır. Belə olan halda dəri xəstəliklərinin nədən qaynaqlandığını necə müəyyən edirsiniz?

Əksər vaxtlarda səbəbi müəyyən olunmayan dəri xəstəliklərin məlum olmur. Bu zaman, multifaktorial səbəblər araşdırılır. Multifaktorial səbəblərdə, ilk olaraq, stress, ardınca orqanizmdə olan avtoimmun xəstəliklər, üçüncü yerdə irsi  və oksidləşmə faktorlar mühüm rol oynayır.

Hamiləlik qadınlarda hormon dəyişikliyinə səbəb olur. Bu zaman dəridə çat, melazma, ekzema kimi xəstəliklər yaranır. Onların müalicə metodları necədir?

Bildiyimiz kimi, hamiləlik dövründə olan qadınların dərman qəbul etməsi düzgün deyil. Buna görə də, bəzi kremlər, yaxma vasitələrlə xəstəliyin qarşısı alınır. Hamiləlik və süd vermə dövrü də bitdikdən sonra səbəblər araşdırılır, uyğun müalicəyə başlanılır.

Mövsümü yaranan dəri xəstəlikləri haqqında nə düşünürsünüz? Yağışlı havanın bu xəstəliklərə nə kimi təsiri var?

Mövsümi dəri xəstəlikləri, əsasən, havanın isti olduğu vaxtlarda günəşdən yaranan melazmalar, çillər və ya günün allergik təsirləri baş qaldırır. Məsələn vitiliqo xəstəliyinə, qışda, nisbətən daha çox rast gəlinir.

Günəş vasitəsilə bəzi  dəri xəstəlikləri yaranır ki, bunlara da, qırış, aktinik keratoz və dəri xərçəngini misal göstərmək olar. Bəs bu xəstəliklər özünü hansı şəkildə biruzə verir?

Bəli, doğrudur. Normadan artıq günün altında qalmaq dərini qurudur. Beləliklə, dəridə qırışlar yaranır. Həmçinin, aktinik keratoz da bununla əlaqədardır və bədənin açıq qalmış hissələrində yaranır. Dəri xərçənginin də yaranma səbəbi eynidir. Bu xəstəliklər özünü çillər, qəhvəyi, yaxud da qırmızı ləkələr şəklində özünü göstərir.

Son zamanlarda uşaqlar arasında vitiliqo, papiloma və dəri göbələyi geniş yayılıb. Siz bu haqda nə düşünürsünüz? Bu hal müşahidə olunduqda valideynlərə nə etməyi məsləhət görürsünüz?

Vitiliqo uşaqlar arasında daha çox yayılıb ki, bu da irsi faktorlarla bağlıdır. Adı çəkilən digər xəstliklərə gəldikdə isə, dəri göbələyi yolxucu göbələk, papiloma da virus mənşəlidir. Vitiliqolu xəstələrin valideynlərinə məsləhət görərdim ki, övladlarını yay vaxtlarında günəşdən mümkün qədər qorusunlar. İmkan daxilində, gündən qoruyucu kremlərdən istifadə etsinlər. Həmçinin, valideynlər uşaqlarını digərləri ilə təmasdan da qorumalıdırlar

Yediyimiz hansı qidalar bizdə olan dəri xəstəliyini üzə çıxarır?

Hazırkı mövsümdə yeni yetişmiş alça, çiyələk, qarpız, pomidor, xiyar kimi meyvə və tərəvəzlərin əksəriyyəti gübrəlidir. Bu məhsulların qəbulu allergik dermatit və övrə hallarının yaranmasına gətirib çıxara bilər.

Bəzi dəri xəstəlikləri gənclər arasında, xüsusən də, kişilərdə geniş yayılmışdır və buna görə də, şəxslər əsgərliyə belə aparılmır. Elə bir xəstəlik varmı ki, bu bizim gələcəkdəki fəaliyyətimiz üçün problem yaratsın?

Bəli, var. Vitiliqo və psoriazın ağır formalarında, yəni dərinin 70 faizi zədələndikdə, yaxud da anadangəlmə ixtioz olduqda oğlanları əsgərliyə aparmırlar. Çünki bu xəstəliklər gələcəkdə əlillik yarada bilir.

Son olaraq, insanlara dəri xəstəliklərindən qorunmaq üçün nələri məsləhət görərdiniz?

İlk növbədə, şəxsi gigiyena qaydalarına əməl etməyi, günəşin əks təsirlərindən qorunmağı və ultrabənövşəyi şüaların çox olduğu vaxtlarda günə çıxmamağı tövsiyə edirəm.


Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et