Bu gün:

Qiyabi diplomların tanınması özəl sektorlar üçün keçərlidir - MÜSAHİBƏ


Xarici universitetlərdə təhsil almaq bir çox gəncin arzusudur. Azərbaycan gənclərinin təhsil üçün üz tutduqları ölkələrdən biri də Türkiyədir. 

24Media.az-ın budəfəki müsahibi “Elit Academy” Groupun direktoru Fuad Bəşirovdur. O, Türkiyədə təhsillə bağlı sualları cavablandırıb. 



Türkiyədə təhsilin üstünlükləri nələrdir?

Türkiyədə təhsilin üstünlükləri çoxdur: Ölkəyə üz tutan tələbələr orada müxtəlif mədəniyyətlərlə tanış olurlar, yeni dostlar əldə edirlər, dil biliklərini artırırlar. Türkiyədə əcnəbi vətəndaşlar Azərbaycana nisbətən daha çoxdur, məsələn, rus, ingilis, fransız, ispan. Mən özüm də Türkiyədə bakalavr və magistr təhsili almışam. 

Türkiyədə təhsil üçün hansı sənədlər tələb olunur?


Qəbul üçün sənədlər çox sadədir. Bakalavr təhsili almaq üçün 11 illik attestat, şəkil, pasport, transkript 9,10,11-ci siniflərin qiymət cədvəli. Magistr təhsili almaq üçün diplom, diplom əlavəsi, şəkil və pasport lazımdır.

Türkiyədə necə təqaüdlü təhsil almaq olar? 

Türkiyədə endirimli qiymətlə təhsil almaq imkanı özəl universitetlər üçün mümkündür. Ancaq belə bir imkanda mövcuddur ki, Türkiyə əcnəbi tələbələr üçün təqaüd imkanı təklif edir.

Əcnəbi tələbələr üçün nəzərdə tutulmuş burs proqramına nələr daxildir?

Burs proqramı tələbələrin illiklərini, yataqxana xərclərini ödəyir, gediş-gəliş biletlərini alır. 

Bildiyimiz kimi, Türkiyədə online təhsil də mövcuddur. Bu təhsil növü yalnız ölkənin vətəndaşları üçündür? Yoxsa əcnəbi tələbələr üçün də məqbuldur?

Online təhsil yalnız Türkiyə vətəndaşları üçün deyil. Eyni zamanda digər ölkələrin də vətəndaşları üçündür.

Türkiyədə əldə edilən ali təhsil diplomu ölkəmizdə tanınır?

Əyani  şəkildə əldə edilmiş bütün diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomun tanınmasına əminlik verir. Lakin qiyabi şəkildə əldə edilən diplomlar tanınmır. Qiyabi diplomların tanınması özəl sektorlar üçün keçərlidir.

Tələbə Azərbaycanda bakalavr təhsilini müəyyən ixtisasda əldə edib, Türkiyədə magistr təhsilini başqa ixtisasda əldə edə bilər və ya əksinə?

Bəli,  mümkündür. Lakin transfer edilirsə, bu mümkün deyil. Transfer edilən zaman ixtisaslar eyni olmalıdır.

Türkiyədə təhsil almış tələbələr Azərbaycanda konkret iş yerləri ilə təmin oluna bilir?

Şirkətlər  iş yerləri ilə təmin olunmaq məsuliyyətini öz üzərlərinə götürmürlər. Amma bizim şirkətdə vakansiyalar olanda tələbələr iş yerləri ilə təmin oluna bilir.

Türkiyəyə təhsil üçün gedən tələbələrə şirkət olaraq orada yaşayış üçün qeydiyyata düşmələrinə kömək edirsiniz?

Bəli, bizdə bunun üçün paketlər mövcuddur. Biz paketlərin vasitəsi ilə tələbələrin oturum izninə, sığortasına, yaşayış üçün lazım olan bütün proseslərinə yardımçı oluruq.

Türkiyəyə təhsil üçün gedənlər çoxdur. Amma Azərbaycana qayıdanlar azdır. Bu barədə fikirlərinizi bilmək istəyirik.

Bunun səbəbi Türkiyənin təhsil səviyyəsinin yüksək olması ola bilər. Həmçinin, orada təhsil almış tələbələr üçün şirkətimiz iş yerlərinə yönləndirmə edir.

Hansı ixtisaslara imtahansız attestatla müracət etmək olar?

İxtisaslar çoxdur. Məsələn, mühəndislik, iqtisadiyyat, biznesin idarə edilməsi kimi ixtisaslara yalnız attestatla müraciət etmək mümkündür.

Bütün ixtisaslar üçün Türkiyə türkcəsini yaxşı bilmək lazımdır?

Bəli, ən azından B2 səviyyəsində bilmək lazımdır.

Eşitdiklərimizə görə, bir neçə il ərzində attestatla təhsil ləğv olunacaq. Bu barədə siz nə düşünürsünüz?

 Attestatla təhsilin ləğv olunması haqqında danışıqlar oldu. Bu sistemə keçmək istəsələr, bu təxminən 3-4 ili alacaq.

Son 1 ildə neçə nəfər bakalavr və magistr təhsili üçün Türkiyəyə üz tutub?

Son 1 il ərzində bizim şirkət tərəfindən  548 tələbə göndərilib

Ümumilikdə, son illərdə Türkiyəyə təhsil üçün üz tutanların sayında artım yaxud azalma var?

Artım var.

Türkiyədə zəlzələ bölgələrində təhsil alan Azərbaycanlı tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkündür?

Əslində, zəlzələ bölgəsində olan tələbələr Türkiyənin digər  universitetlərinə göndərilir. Lakin Azərbaycan universitetlərinə transfer edilmək istəyən tələbələr olsa, şirkətimiz xidmət haqqını endirimli şəkildə təqdim edir.

Son olaraq, tələbələrə Türkiyədəki hansı universitetləri məsləhət görürsünüz?

Bu, büdcədən asılı olaraq dəyişir. Bəzi tələbələr üçün büdcə fərq etmir. Onlar üçün Ankara, İzmir, Dokuz Eylül, Eskişehir Osmangazi, Anadolu universitetləri yaxşı seçimdir. Büdcəsi az olan tələbələr üçün Giresun, Gümüşhane universitetləri uyğundur.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et