24media.az-ın “1 sual, 1 cavab “ rubrikasının növbəti qonağı Əmək və Əhalinin Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin karyera planlaması və inkişafı üzrə mütəxəssisi, UNEC-in karyera planlaması və inkişafı kafedrasının müəllimi Lalə Paşayevadır. O, tədrisdə karyera planlamasına haradan başlamalı olduğumuz haqqında məlumat verib.
Sizcə, karyera planlaması tədrisin hansı pilləsindən başlamalıdır?

-Müasir dünyamızda karyera planlaması şəxslərin həyatındakı mühüm proseslərdən biri hesab olunur. Sözsüz ki, hər bir uşaq və ya gənc təhsilini bitirdikdən sonra bu və ya digər şəkildə iş həyatına atılmalıdır.
Karyera planlaması elə bir prosesdir ki, burada şəxsi xüsusiyyətlərdən tutmuş, peşəkar səriştələrə qədər bir çox amillər fərdin karyera yoluna öz təsirini göstərir. Hazırda bilinən karyera planlaması prosesində 5 mərhələ var. Yəni bir şəxs və ya fərd öz karyera xəritəsini qurmaq üçün bu 5 addımı bilməli və planlamalıdır. Bu addımlardan ən birincisi və əsası, özünü tanıma və fərqindəlikdir. Yaşadığı coğrafi mövqedən asılı olaraq hər bir cəmiyyətin inancları (burada təkcə dini inanclar nəzərdə tutulmur), dəyərləri və həyat tərzi müəyyən mənada onun özünü tanıma və fərqindəlik prosesinə təsir göstərir. Bunlar həm müsbət, həm də mənfi təsirlər ola bilər.
Uşaq yaşlarımızdan bizə daha çox özümüzlə bağlı konkret cavab tələb edən suallar verilib. “Neçə yaşın var?” “neçənci sinifdə oxuyursan?” “dərslərindən neçə alırsan?”, “2×2” neçə edir?”. Xəyallarımız, maraqlarımız, duyğularımız, inanclarımız və dəyərlərimiz mövzusunu nədənsə vurma cədvəli, Pifaqor teoremi, Hamurappinin hakimiyyət illəri üstələyib. Əmək bazarına gedən təhsil yolumuzda: bağçada, məktəbdə, universitetdə özümüz, daxili aləmimizlə bağlı çox az müzakirələr gedib.
Belə bir lətifə var: “Bir gün bala dəvə anasına soruşur: Anacan, bizim niyə hürgücümüz var?
Ana cavab verir: Bu hürgüclərlə biz su yığırıq. Elə bunun sayəsində susuz çöllərdə uzun müddət qala bilirik.
Bala dəvə yenə soruşur:
Bəs bizim ayaqlarımız niyə belə uzundur?
Ana dəvə qürurla cavab verir: Ayaqlarımız sayəsində biz çöllərdə və səhralarda hamıdan rahat və sürətli yeriyə bilirik.
Bala dəvə yenə soruşur:
Bəs bizim kirpiklərimiz niyə belə uzundur?
Ana dəvə daha çox qürurlanaraq deyir: Səhranın tozundan qorunmaq üçün.
Bala dəvə deyir: Anacan anlaya bilmədiyim bir şey də var. Bəs bizim bu yaşıl yarpaqlı zooparkda nə işimiz var?!
Elə bunun nəticəsidir ki, bir çoxumuz özümüzü tanımadan, potensialımızdan, bacarıqlarımızdan, dəyərlərimizdən xəbərsiz şəkildə karyeramızda irəliləməyə çalışırıq.
Bəzi araşdırmalara görə fərdlər universitet seçimi zamanı karyera planlaması etməlidirlər. Digər bir araşdırmalar da göstərir ki, gənclərin bacarıqları erkən yaşda müəyyən edilməlidir. Əsas da valideynlər kiçik yaşlarından övladlarının özünü tanıma, istedadlarının, bacarıqlarının, maraqlarının aşkarlanmasına kömək etsələr, onları karyera yollarında düzgün istiqamətdə yönəldə bilərlər.
L.Kerrolun “Alisa Möcüzələr ölkəsində” əsərində belə bir epizod var. Alisa dovşandan hansı yol ilə gedəcəyini soruşur. Dovşan deyir: Hara gedəcəyini bilmirsənsə, getdiyin yolun önəmi yoxdur”. Karyera planlamasında hansı yoldan gedəcəyimizi bilmək çox önəmlidir. Bu səbəbdən məktəb yaşlarından şagirdlərlə peşəyönümü istiqamətində işlərin aparılması zəruridir. Bu həm şagirdlərin özünü tanıma prosesinə, eyni zamanda, düzgün peşə seçiminə dəstək olar.
Sevindirici haldır ki, Dövlət Məşğulluq Agentliyi hazırda bu istiqamətdə məktəblərdə həm şagirdlər, həm də valideynlər arasında məlumatlandırma seminarları keçirir. Eyni zamanda, ölkəmizin bir neçə universitetində karyera planlaması və inkişafı yönündə fənlər tədris olunur.
İnkişaf etmiş ölkələrdə şəxslərin bacarıq, maraq və dəyərlərinin aşkarlanması, özünü tanıma prosesinə, eyni zamanda, peşələr üzrə məlumatlandırmaya daha tez, bağça dövründən başlanılır. Ümid edirəm ki, gələcəkdə bizdə də bu istiqamətdə daha geniş sferada işlər görüləcək.
Konfustinin dediyi kimi: “Sevdiyin işdə işlədiyin zaman heç vaxt işlədiyini hiss etməzsən”.
Cənnət Şamilqızı
