Bu gün:

"Dayə ilə uşaq arasında emosinal əlaqə olmalıdır"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi klinik psixoloq Leyla Mamedovadır. O, dayə seçiminin əhəmiyyətindən danışıb.

-Uşaqların özlərini rahat və güvəndə hiss etmələri üçün dayə seçərkən nələrə diqqət etmək lazımdır?


Uşaqların dayəsi olduqda onlar həmin dayənin şəxsiyyətinin bir hissəsini özlərinə nümunə olaraq götürür. Bu olduqca normal situasiyadır. Çünki istər-istəməz dayə və uşaq arasında olan qarşılıqlı münasibət uşağın psixikasına, şəxsiyyətinə və inkişafına böyük təsir göstərir. Bu səbəbdən valideynlər bu mövzuya ciddi yanaşmalıdır.

Ümumiyyətlə, dayə nə qədər professional olursa, olsun, dayə seçərkən onun uşaqlara olan səmimi marağı və içdən sevgisinə mütləq diqqət yetirilməlidir. 

İkinci olaraq, valideyn dayənin dəyər sistemini araşdırmalıdır. Dayənin dünyagörüşü, tərbiyə etmə metodları, uşağa qarşı davranışı valideynin xüsusiyyətləri ilə bənzər şəkildə olmalıdır. Bu sadaladıqlarım valideynin dəyər görüşü ilə yaxınlıq təşkil etdikdə artıq valideyndə dayəyə qarşı güvən yaranır.

Daha sonra dayənin ruhsal vəziyyətini də araşdırmaq gərəklidir. Dayə səbrli, stressə dayanıqlı olmalıdır. O həm uşağın dünyasına daxil olmağı bacarmalı, həm də öz avtoritetliyini qorumalı, eyni zamanda, öz sərhədlərini bilməli və valideynin avtoritetliyini kölgədə qoymamalıdır.

Mən bəzən valideynlərdən eşidirəm ki, dayə uşağın yaxşı qayğısına qalır, mehribandır. Lakin ailənin özünəməxsus davranış qaydaları, yanaşmaları ilə uyğunlaşmır. Əgər valideynin xoşuna gəlməyən bir nüans varsa, dayənin tərbiyə metodikasına əlavə etmək istədiyi nəsə varsa, bunu dayayə mütləq bildirmək lazımdır.

Dayə işə yeni başlayarkən valideynlər nə etməlidir?

Valideynlər ilk vaxtlar dayə ilə uşağı tək qoymamalı, onlarla birlikdə vaxt keçirməli və dayə ilə uşaq arasındaki kommunikasiyaya fikir verməlidirlər. Bir müddət keçdikdən sonra artıq dayə ile uşağı yalnız buraxmaq olar ki, onlar arasında emosinal əlaqə yaransın.

Dayə və uşaq arasındaki əlaqənin yaxşı olduğuna necə əmin olmaq olar?

Valideyn güclü nəzarətçi olmalıdır. Əgər öz uşağının davranışında fərqliliklər hiss edirsə, hadisələrə reaksiyası dəyişibsə, daha aqressiv və qorxaqdırsa, bu o deməkdir ki dayə ilə uşaq arasındaki emosional əlaqədə problem var. Çox vaxt valideynlər bunu müşahidə etmədən anlamırlar. Çünki uşaqlar bunu deməyə qorxurlar, bəzən elə situasiya yaranır ki, dayə uşağı təhdid edir. Bu halın qarşısını almaq üçün valideyn və uşaq arasında ruhsal bağ olmalıdır ki, uşaq hər hansısa bir problem yaşadıqda, qorxduqda bunu çəkinmədən valideyninə bildirə bilsin.

Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et