Bu gün:

"Klassika, ciddi ədəbiyyat oxunmayacaqsa, mütaliə faydasız olacaq"


24 media.az-ın "1 sual,1 cavab" rubrikasının bu dəfəki müsahibi yazıçı-dramaturq  Pərvin Nurəliyevadır. Yazıçı Pərvin Nurəliyeva hansı tərz kitabların daha çox oxunması haqqında danışıb.        

-Sizcə, indiki zamanda insanlar hansı tərz kitabları oxumağa üstünlük verirlər və bunun səbəbi nədir?           

Müşahidələr göstərir ki, əsasən detektiv və motivasiya ədəbiyyatı oxunur. Universitet müəllimi kimi də gənclərin bu cür kitabları daha çox oxuduğunu bir-birinə ötürdüyünü görürəm. Amma hər zaman bir məqamı deyirəm ki, bu, rahat, sürətlə oxunan ədəbiyyat oxu vərdişinin yaranması üçün faydalıdır. Əgər zamanla həm də klassika, ciddi ədəbiyyat oxunmayacaqsa, mütaliə faydasız olacaq. Ümumiyyətlə, çağdaş zamanda böyük populyarlıq qazanmış motivasiya ədəbiyyatına da yanaşmam birmənalı deyil. Bir qayda olaraq, bu cür kitabların böyük əksəriyyətinin təməlində iki prinsip dayanır: zəhmət və disiplin. Kim isə zəhmətə qatlaşır, tənbəlliyə qalib gəlir, uğur qazanır və kitab yazıb təcrübəsini bölüşür. Amma hər kəsin öz yolu yaşadığı mühitdən gələn qaydaları var. Hansısa ingilis Azərbaycan mentalitetini, mühitini nəzərə alıb kitab yazmır. Ona görə artıq söylədiyim kimi sadəcə belə kitablar disiplin yarada bilər. O da yalnız oxunduğu müddətdə mümkündür. Çünki zəhmətə alışmaq, iradə, hədəfə doğru addımlamaq uzun bir prossesdir. İnsan bunu tərbiyə ilə, mühitlə, hətta özünü tərbiyə ilə əldə edir. Bunun üçünsə ardıcıl mütaliə, ciddi ədəbiyyat oxumaq vacibdir. Və onu da qeyd edim ki, klassikanın özündə motivasiya mənbəyi daha güclüdür. Ona görə gənclərə ciddi ədəbiyyat oxumağı tövsiyyə edərdim. Səbəb isə məncə, məqsədə tez çatmaq arzusudur. Az enerji qoymaqla nəticə əldə etmək istəyidir. Gənclərdə belə bir fikir var ki, kiminsə hazır resepti ilə daha asan uğur qazanacaqlar. Amma insan özü zamanla o yolu tapa bilmirsə, reseptlər az fayda verir.

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et