Bu gün:

Vulkan niyə püskürür?


Vulkan niyə püskürür?

Yerin daxilində temperatur və təzyiq yüksək olduğundan süxurlar əriyərək maqma əmələ gətirir. Odlu maqmanın yüksək təzyiq nəticəsində çatlar və ya sınmalarla yer səthinə çıxması prosesinə vulkanizm deyilir.

Püskürmə məhsullarının soyuyaraq əmələ gətirdiyi kəsilmiş konus formalı təpələr isə vulkan adlanır. Vulkanları öyrənən elm vulkanologiya adlanır. Maqma yer səthinə vulkan boğazı(kanalı) vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə yaranan çökəkliyə krater deyilir. Səthə çıxan ərimiş maqma — lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır.

Püskürmə məhsullarına görə vulkanlar iki qrupa bölünür:

1. Sıyıq maqma püskürən

2. Turş tərkibli maqma püskürən

Sıyıq maqma püskürən vulkan lavaları daha aşağı temperaturda da axma qabiliyyətinə malikdir. Kraterlərinin diametri böyük, sayı isə bir olur. Vulkan konusunun yamacı az meyilli olur. Ona görə bu vulkanlara qalxanvari və ya daha çox olduqları yerin adı ilə Havay tipli vulkanlar deyirlər.

Turş tərkibli vulkanlar isə daha yuxarı temperature da belə axmaz olurlar. Bu cür vulkanlarda vulkan borusunda tıxac yaranması mümkündür. Bu zaman maqma ya özünə yeni yollar açaraq yeni kraterlər yaradır ya da var olan konusun üst hissəsini parçalayıb qıfşəkilli forma əmələ gətirir. Ona görə də belə vulkanlar mürəkkəb və ya çox dik olduqlarından stratovulkanlar adlanır. Yamacları dik, hündürlükləri çox, sahələri isə kiçik olurlar.

Vulkanlar iki cür qruplaşdırılır:

1. Fəaliyyətdə olan vulkanlar

2. Sönmüş vulkanlar

Püskürməsi haqqında tarixi yazılı məlumat olan vulkanlar fəaliyyətdə olan vulkanlardır.

Püskürməsi haqqında əldə heç bir tarixi yazılı məlumat olmayan vulkanlar isə sönmüş vulkanlardır.

Vulkanik ərazilərdə səthə yaxın qaynar maqmanın təsiri ilə yeraltı sular qızması termal sular əmələ gətirir. Bu ərazilərdə bəzən su buxarının fəvvarə şəklində səthə çıxması müşahidə edilir. Buna qeyzer deyilir.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et