Bu gün:

“2030-cu ilə qədər istixana qazlarının 35% azaldılması təmin ediləcək...”


24media.az-ın budəfəki müsahibi Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovdur. O, iqlim dəyişikliyi ilə bağlı ünvanladığımız sualları cavablayıb. 

Azərbaycanda iqlim dəyişikliyinin əsas səbəbləri hansılardır? 

Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da iqlim dəyişmələrinin əsas səbəbi atmosferə atılan istixana qazlarının getdikcə artmasıdır. İstixana qazları deyəndə biz sənaye fəaliyyəti nəticəsində atmosferə daxil olan karbon qazı, metan, azot 2 oksid kimi qazları başa düşürük. Bu qazlar atmosferdə günəş istiliyini saxlayaraq yer kürəsinin istilik balansını pozur və beləliklə, planetimizin istiləşməsinə səbəb olur. Bu istiləşmənin ardınca, əlbəttə ki, temperaturun artması fonunda yağıntıların azalması, çayların sululuğunun azalması və ərzaq istehsalı üçün, yəni kənd təsərrüfatı üçün suyun çatışmazlığı baş verir ki, bu da ərzaq çatışmazlığına yol açır. 

İqlimin dəyişməsi nəticəsində hansı təhlükələr və təsirlər yaranır? 

Azərbaycanda iqlim dəyişmələri prosesi artıq gedir və ilk növbədə, bayaq qeyd etdiyim kimi, kənd təsərrüfatında su çatışmazlığına səbəb olmaqdadır. Artıq Bakı şəhərinin ərazisində bilirik ki, içməli su mənbələrinin getdikcə kasadlaşması baş verir, yəni Bakı şəhərinə içməli su verən mənbələrin sululuğu azalır. Bu da, əlbəttə ki, çoxsaylı problemlər yaradır. 

Bu vəziyyətin həllində beynəlxalq əməkdaşlığın rolu nədir? 

Beynəlxalq səviyyədə ölkəmiz Paris razılaşmalarının ən aktiv üzvlərindən biridir. 2015-ci ildə Paris razılaşmalarına qoşulan ölkəmiz belə bir könüllü öhdəlik götürmüşdür ki, öz ərazisində 2030-cu ilə qədər istixana qazlarının 35 faiz azaldılmasını təmin edəcəkdir və bu istiqamətdə, əlbəttə, Azərbaycanda çox işlər görülüb. Bunlardan mən onu deyə bilərəm ki,  biz sürətlə alternativ enerji mənbələrinə keçid edirik. İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan öz sənayesini, öz texnologiyasını tədricən dəyişməyə başlayıb. Eləcə də iqlim dəyişmələrinin mənfi fəsadlarına uyğunlaşmaq üçün yeni strategiyalar hazırlayır. 

 Sizcə, dəyişikliyə qarşı siyasət tədbirləri hansılardır? 

Ölkəmizdə həyata keçirilən əsas siyasət tədbirlərindən biri "Milli Adaptasiya Proqramında dəstək" layihəsinin həyata keçirilməsidir. Bu, həm Xəzər dənizi səviyyəsi tərəddüdlərinə, həm iqlim dəyişmələrinin mənfi fəsadlarının kənd təsərrüfatı və su sektorlarında təzahür etməsinə uyğunlaşmasından ibarətdir.

Nəzrin Orucova















Paylaş
Şərh əlavə et