Hindistanın kosmik modulu Ay stansiyasından uğurla ayrılıb

Hindistanın kosmik modulu Ay stansiyasından uğurla ayrılıb

Hindistanın kosmik enmə modulu “Vikram” sentyabrın 2-də Ayın orbitində olan “Çandrayan-2” stansiyasından uğurla ayrılıb. Bu əməliyyatın başa çatması barədə məlumatı ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yayıb.

24media.az təşkilatın məlumatına istinadla xəbər verir ki, “Çandrayan-2” stansiyası üç moduldan – orbital, enmə və lunoxod kosmik aparatlarından ibarətdir. Stansiyadan ayrılan “Vikram” Yerin təbii peykinin səthinə cəmi 27 kiloqram çəkisi olan “Praqyan” lunoxodunu çatdıracaq. Bu aparat ən azı bir Ay sutkası (Yerin 14 sutkasına bərabərdir) fəaliyyət göstərəcək. Orbital modulun isə bir ilə yaxın işləyəcəyi nəzərdə tutulur.

ISRO-nun məlumatında bildirilir ki, enmə üçün Ayın cənub qütbünün seçilməsi təsadüfi deyil. Yerin təbii peykinin bu hissəsi hələ tədqiq olunmayıb və Aya göndərilən bütün ekspedisiyalar yalnız onun ekvatorunu öyrəniblər. Hindistan ekspedisiyasının əsas məqsədi həmin ərazidə su aşkar etməkdir. Bundan başqa, alimlərin ehtimalına görə, qütb rayonunda Ayın səthinin qabarması halları da olur ki, bu da onun geoloji tarixinin öyrənilməsinə kömək edəcək.