Bu gün:

Panik atak və təşviş pozuntusu arasında hansı fərqlər var?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi psixoterapevt Xoşbəxt Bəkirovdur. O, panik atak və təşviş pozuntusu arasındakı fərqlərdən danışıb.

-Panik atak və təşviş pozuntusu arasında hansı fərqlər var, onlarla necə mübarizə aparmaq olar?


Ümumiyyətlə, panik atak və təşviş pozuntusu arasında incə bir xətt var. Panik atak, ilk növbədə, avtonom sinir sisteminin adrenalinə qarşı verdiyi reaksiyadır. Panik atak, əsasən, nevrozu və yaxud vegetativ nevrozu olan insanlarda müşahidə olunur. Eyni zamanda, bu,  nevrotik pozuntularla yanaşı, müstəqil şəkildə özünü göstərə biləcək bir narahatlıqdır. Bu narahatlıq iki sözün birləşməsindən yaranıb; panika və ataka. Panika keçirdiyimiz təşviş hissidir, ataka isə bədənimizdə olan bir atak kimi nəzərdə tutulur. Nəbzimiz sürətlənir, ürək döyüntümüz yüksəlir, bədənə istilik gələ bilir, eyni zamanda, baş gicəllənmələri, soyuq tərləmə, halsızlıq, zəiflik, ölüm düşüncələri, qorxunc düşüncələr, əl və ayaq nahiyələrində qıcolmalar-bunların hər biri panik atak zamanı müşahidə olunur. Lakin fonda, panik atakın yaranma səbəbində hər hansı bir travma, hər hansısa bir uğursuz təcrübə, qorxunc bir şeyə şahid olma və yaxud ölümə şahid olma kimi vəziyyətlər də özünü göstərə bilir. Anksiyete atağı və yaxud təşviş pozuntusu, təşviş atakları – burada isə vəziyyət, əslində, tamamilə fərqlidir. Çünki burada fiziki narahatlıqlardan daha çox psixoloji faktorlar mühüm rol oynayır. Bunun üç adı var: təşviş pozuntusu, qayğı narahatlıqları, qayğı pozuntusu. Gələcək qayğıları, gələcəklə bağlı olan nəyinsə pis olacağı ilə bağlı neqativ və qorxunc bir səhnə yaratmaq və neqativ gözləntilərin çin olmasından qorxmaq və bu cür narahatlıqlar toplandıqca təşvişin gücünü artırır. Və artıq fiziki olaraq da insana həyəcan, narahatlıq verir, nəbz, təbii ki, sürətlənir. Təşviş pozuntusunun yaranma səbəbində bir çox faktorlar rol oynayır. Uzunmüddətli stress pozuntusu, davamlı stress, həyatın gərgin mərhələsi, qorxunc anlar və yaxud travmatik vəziyyətlər insanların bir çoxunda məhz təşviş pozuntusuna səbəb olur. Eyni zamanda, bəzən bu təşviş pozuntusu ilə olan problem istəmsizcə irsi ola bilir. Əgər valideynlərin bir çoxunda psixoloji immunitet zəifdirsə, övladda da ya panik atak ya da təşviş atakları müşahidə oluna bilər.

Panik atak mübarizəsində psixoterapiya mütləq şərtdir. Bəzən dərman terapiyası, medikamentoz bir müalicə mühüm rol oynaya bilir, amma həmişə lazım deyil. Bu cür insanlar kofein qəbulundan mütləq şəkildə uzaq durmalıdırlar. Çünki panik atak zamanı kofein ürək nəbzini artıran bir maddədir. Kofeindən uzaq durmaq, idmanla intensiv şəkildə məşğul olmaq olar, lakin ağciyərlərin ventilyasiyasını sürətləndirəcək çalışmalardan uzaq durmaq daha yaxşı olar. Əsasən, kardio məşqləri çox daha effektiv təsir göstərə bilir. Fərqli məşğuliyyətlər, nəfəs məşqləri şərtdir ki, panik atak zamanı insan nəfəsinə köklənsin və beynindəki hipoksiyanı, yəni oksigen çatışmazlığının balansını tarazlasın. Beləliklə, artıq beyinə oksigen gedəcək, orqanlar funksiyasını tamamilə düzgün şəkildə tamamlaya biləcək. Təşviş pozuntusu zamanı isə bunun yaranması hər hansı bir travmaya əsaslanırsa, mütləq şəkildə bir mütəxəssisə müraciət edilməlidir. Yaxud öz-özlüyündə bu təşvişin yaranma səbəbini “Narahatlıq məndə hansı düşüncəyə əsaslanaraq yarandı?” –, deyə düşünüb o düşüncənin yaranma səbəblərinə çarə tapmaq mümkündür.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et