
24media.az "İncəsənətin inciləri" rubrikasına məşhur jurnalist Maratın hekayəsindən ilham alan Jak Lui Devidin "Maratın ölümü" əsəri ilə davam edir.
Bəzi rəssamlar var ki, mesajlarını birbaşa əsərləri ilə çatdırmaqda ustadırlar. Bu ustadlardan biri də Jak Lui Deviddir. Jak Lui Devid deyəndə adətən ağıla ilk gələn “Maratın ölümü” əsəri olur. Bu rəsm bütün dünyada “Maratın ölümü” kimi tanınır. Əsər Belçikanın paytaxtı Brüsseldə yerləşən və 6 muzeyi özündə birləşdirən Belçika Kral İncəsənət Muzeyləri (Musées Royaux des Beaux Arts de Belgique) kompleksində Musée Oldmasters Muzeyində nümayiş etdirilir.
Fransız inqilabı dönəmində iti dili və qətiyyətli mövqeyi ilə diqqət çəkən jurnalistlərdən biri də Jan Pol Marat olub. O, yoxsul insanların haqları barədə müzakirələri, inqilab dövründə yeni lider və qurumlar haqqında şərhləri ilə məşhurdur.
Onun qəzetlərdə, broşürlərdə və flayerlərdə dərc olunan yazıları mərkəzləşmiş respublikanın qurulmasını dəstəkləyən dövrün yakobin qrupu ilə yaxından paralel idi. İnqilab dövrünün digər mühüm qrupu olab Jirondinlər monarxiyanın ləğvini dəstəkləsələr də, inqilabın respublika tərəqqisinə qarşı çıxdılar. Buna görə də radikal jurnalist Marat jirondinləri ciddi tənqid edirdi.
Bu səbəbdən də Marat jirondinlilərin ciddi reaksiyasına səbəb olur. Nəticədə 1793-cü il iyulun 13-də Jirondin rəğbəti olan Şarlotta Kordey adlı qadın Maratın evinə girərək onu öldürür.
Jak Lui Devid ölümündən bir gün əvvəl yaxın dostu Maratı evində ziyarət edib. Qısa zamanda ölüm xəbərini alan rəssam yaxın dostunun ölümünü sənədləşdirmək və onu əbədiləşdirmək üçün bu əsəri çəkib.
Əsərdə Marat vannada yatarkən bıçaqlanaraq görünür. O, inqilab zamanı kral polisindən qaçarkən gizləndiyi kanalizasiyadan dəri xəstəliyinə tutulub. Bu dəri xəstəliyinin əlamətlərini sakitləşdirmək üçün o, günün çox hissəsini evdə, yazı işini davam etdirərək rahatlaşdırıcı su ilə dolu vannada keçirirdi. Odur ki, şəkildə görünən su ilə dolu vanna və onun qarşısında yazı məqsədilə düzülmüş stol müəllifin yaradıcılığını davam etdirdiyi mühitin təsviridir.
Şarrlotte Kordey Maratın evinə gələcəyini, bir müddət əvvəl Parisdən qaçan Jirondinlər qrupunun Normandiyaya çatdığına dair mühüm sübutlar təqdim edəcəyini deyib.
Həyat yoldaşının etirazına baxmayaraq, Marat Kordeyi hamamına qəbul edir. İkisi bir müddət söhbət etdikdən sonra Kordey gizlətdiyi mətbəx bıçağını çıxararaq Maratın sinəsindən bıçaqlayır. Ölümcül yaralanan Marat həyat yoldaşını çağırır, ancaq qan itkisindən tezliklə dünyasını dəyişir. Bu qətldən sonra həbs edilən Kordey gilyotinlə edam edilərkən 100.000 adamı xilas etmək üçün bir nəfəri öldürdüyünü söyləyir.
Devidin heyrətamiz işi qaranlıq və sərt bir mühiti təsvir edir. Maratın hamamı ağ mələfələrlə, yazı masası isə yaşıl çubuqla örtülmüşdü. Sinəsindəki yara ilə huşunu itirib, başı vannanın kənarına söykənib, zəif sağ qolu isə aşağı düşüb.
Bu yerə doğru uzanan qol Klassik Roma dövrü heykəllərinin pozalarını xatırladır. Bu poza fransız inqilabçılarının müdafiə etdiyi Roma respublikası ideallarına istinad edir, Maratın siyasi mövqeyini əks etdirir. Neoklassisizm hərəkatının aparıcı nümayəndələrindən biri olan Devid bu fiqurla klassik əsərləri təqlid etməklə yanaşı, Karavaccionun məşhur İsasını da xatırladır. Devidə görə Marat da İsa Məsih kimi şəhiddir. Marat düşmüş əlindəki qələmlə yazır. Onun arxasında isə qətl silahı olan bıçaq görünür.
Rəssam bu silahı "jurnalistin silahı" olan qələmlə yanaşı qoyaraq, mənada bir bütünlük yaradır.
Maratın digər əlində isə Kordeyin evə girmək üçün işlətdiyi qeyd görsənir. Notda qeyd olunub: "Mənim böyük bədbəxtliyim sizin xeyriyyəçiliyinizə çatmağıma vəsilə oldu".
Maratın çiynini və üzünü bir tərəfdən gələn nurla işıqlandıran Devid Maratı əsərdə arzuladığı şəhidlik səviyyəsinə çatdırmağı bacardı. Devidin şah əsərlərindən biri hesab edilən Maratın ölümü bir çox rəssamlara dərindən təsir edib və dəfələrlə təkrarlanıb.
Hazırladı: Gülay Qəribova
