Bu gün:

"Gənclik illərimi doya-doya yaşamamışam" - Aktyor Vahid Orucoğlu ilə müsahibə


24Media.az-ın budəfəki qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, bir çox film və serialın tanınmış siması Vahid Orucoğludur.

Zamanı geri qaytarmaq şansınız olsaydı, uşaqlıq yoxsa gənclik illərinizə qayıtmaq istərdiz?

- Düşünürəm ki, gənclik. Çünki uşaqlıq illərim valideynlərimin sayəsində çox gözəl keçib, amma gənclik illərimi doya-doya yaşamamışam. Universitet, bununla bərabər işləmişəm. Daha fərqli gənclik yaşaya bilərdim.

37 tamaşa, 19 film və serialda rol almısınız. Oynadığınız tamaşalardan ən yadda qalan obrazınız hansı olub?

- Tamaşalar arasında ən sevdiyim obraz "Ünvansız qatar" tamaşasında Mixayıl obrazıdır. Film və seriallarda heç vaxt müsbət obraz oynamamışam. Cəsarətli rejissor olsa və mənə müsbət obraz versə, istərəm ki, fərqli, müsbət bir xarakter yaradım. 

Sizə hansısa tarixi filmdə rol almaq imkanı verilsə, bu, hansı film və obraz olardı?

- Əslində, bir aktyor kimi heç vaxt deməmişəm ki, bu film çəkilsin və mən bu rolu oynayım. O rejissorun öhdəsində olan işdir. Çox qəribə də olsa, deyəcəm. Tarixi filmlərdə belə mənfi obrazı canlandırmışam. Ən yadda qalan nümunə Afşin obrazıdır. 

Sizin əksər tamaşalarınızı izləmişəm, amma mənim üçün ən yadda qalan tamaşanız "Yarımçıq qalmış" olub. "Yarımçıq qalmış" tamaşasında Alik personajından başqasını oynamış olsaydız, bu, hansı obraz olardı?

- Kişinin sözü bir olar. Yenə də Alik. Mən onu dəyişmərəm. Əgər Vaqif Əsədov - o böyük sənətkar idi - məni bu rolda görübsə, mən də bir aktyor kimi onun görmək istədiyi işi müvəfəqiyyətlə yerinə yetirmişəm. 

Vahid müəllim, bir müddət Azərbaycan Dövlət İqtisad Universitetində, hazırda isə Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzində rejissor kimi çalışırsınız. Mən bir şeyin şahidi olmuşam, demək olar ki, bütün tələbələr sizi çox istəyir və gəlib sirlərini, söhbətlərini sizə rahatlıqla deyə bilirlər. Sizcə, bu, nədən irəli gəlir? Niyə hər kəs Vahidi mənəvi ata kimi görür və sevir?

- Hər kəs Vahidi sevir deməyək. Mən pul deyiləm ki, hamı məni sevsin. Bu suala valideyn kimi cavab verəcəm. Hər valideyn istəyər ki, övladına özünün gördüyündən artığını yaşatsın. Bəlkə də, mənim gənclikdə yaşamadıqlarımı əlimdən gəldiyi qədər siz tələbələrə yaşatmaq istəyirəm. Bu da bizim aramızda qəribə bir bağlantı, sənin dilinlə desək, bir sevgi yaradır. 

Əlizadə Fidan

Paylaş
Şərh əlavə et