Bu gün:

Bir intibah dövrü əfsanəsi-Veneranın doğuşu


24media.az "İncəsənətin inciləri" rubrikasına intibah dövrünün incilərindən biri olan, Botticellinin şahəsəri sayılan Veneranın Doğuşu adlı əsərlə davam edir.

Botticelli əsərini bir çox mənbələrdən ilham alaraq yaradıb. Bunlardan ən önəmlisi dövrün məşhur şairi Ancelo Polizianonun Veneranın doğulmasını təsvir etdiyi şeiridir. Bu şeir Afroditaya yazılmış Qədim Yunan himnindən sitatdır. Venera Latın Mifologiyasında Yunanıstanın sevgi və gözəllik ilahəsi Afroditanın ekvivalentidir.

Yunan mifologiyasında Afroditanın doğum hekayəsi belədir: Kronos (Zevsin atası) Allah qatında hökmranlıq əldə etmək üçün öz atası Uranosun cinsi orqanını kəsərək Aralıq dənizinə atır. Bədənin dənizə düşməsi nəticəsində yaranan köpükdən (aphros: köpük – yunanca) tanrıça Afrodita doğulur. Afrodita dəniz qabığından sahilə çıxır və Kipr sahillərinə enir.

Əsərdə Veneranın yerə enmək üzrə olduğu an təsvir edilib. Solda Zefir və onu qucaqlayan Xloris qərb küləyi ilə dəniz qabığını su ilə təmin edir-Zefir qərb küləyinin tanrısıdır. Digər tərəfdən, Veneranın simvolu olan qızılgüllər küləklə uçurulur. Biz Veneranı bütün əzəməti ilə quruya yaxınlaşan qabığın içərisində görürük. Onun saf gözəlliyi və zərifliyi dərhal tamaşaçını cəlb edir. Venera dövrün gözəllik anlayışını əks etdirən bədən cizgiləri ilə təvazökar bir duruş nümayiş etdirir. Venera pozası "Venus Pudica - Təvazökar Venera" (təvazökar-mənəvi Venera) adlanır. Bu duruşun əsas xüsusiyyətinə uyğun olaraq Venera əlləri ilə döşlərini, saçları ilə isə cinsiyyət nahiyəsini zərif şəkildə örtür.

Sahilə yaxınlaşarkən Veneranı geyindirmək üçün şəklin sağ tərəfində Horay qaçdığını görmək olar. Horaylar Latın mifologiyasında fəsilləri simvolizə edən tanrıçalardır. Bu şəkildə görünənlərin baharı təmsil etdiyini başa düşə bilərik. Geyindiyi paltar və əlindəki Venera üçün hazırladığı libas yaz çiçəkləri ilə bəzədilib. Horainin boynunda Veneranı təmsil edən mərsin çələngi asıldığı halda, bədənində Veneranın simvolu olan qızılgül kəməri var.

Botticelli rəsmdə öz üslubundan güzəştə getməmiş, müəyyən məqamlarda qeyri-real mövqelər və formalar yaradaraq orijinallığını qoruyub saxlamışdır. Standart insan ölçüləri üçün çox hündür olan Veneranın bədən nisbətləri, sol çiyninin qeyri-mümkün qədər aşağı olması, Zefir və Xlorisin qəribə şəkildə bir-birini qucaqlaması Botticelli-nin özünəməxsus üslubunun təfərrüatlarıdır. Botiçellinin əsəri hazırlamaqda yeganə məqsədi tamaşaçılara bütpərəstlik dininin simvollarını göstərmək və ya Klassik Yunanıstan haqqında hekayəni təsvir etmək deyil. Əslində, xüsusilə, İntibah dövründə geniş yayılmış bütpərəst inancları və xristianlığı bir araya gətirən bir sintez yaratmağı hədəfləyir. 

Bu şəkildə baxsaq: Venera sevgi ilahəsidir və doğulması ilə dünyaya gözəllik gətirir.Venera kimi xristianlıq da dünyaya gözəllik təklif edir. Ona görə də bu gözəlliyi qiymətləndirənlər (Zöhrə, lakin eyni paraleldə xristianlıq) uca və müqəddəs məqsədlər güdürlər. Dövrün Florensiyasında geniş yayılmış bu inanc Klassik Yunanıstan və Xristianlıq ideyalarını bir araya gətirir. Ona görə də Venera ilə bağlı bu əsərin dini məqsəd daşıdığını görə bilərik.

Bu dini məqsədə uyğun olaraq, rəsm boyu ilahi qızıl işığın hökmranlığı diqqəti çəkir. Bu qızıl işıq öz varlığını portağal ağacının yarpaqlarında və sağ kənarındakı bitkilərdə, dəniz qabığında, paltardakı əkslərdə göstərir. 

Veneranın doğuşu intibah dövrünün ən atəşli əsərlərindən biri hesab olunur.

Mənbə: Sanatabasla

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et