Bu gün:

"Hərənin ağzından bir avaz gəlir"- Səyahət blogeri ilə MÜSAHİBƏ


Səyahət etmək bir çoxlarımızın arzusudur. Bu, insanlar arasında mədəni bağların möhkəmlənməsinə, dünyagörüşün inkişafına, zövqlərin formalaşmasına səbəb olur. 24Media-nın müsahibi Aysel Əlizadə isə digər səyahətsevərlərdən fərqli olaraq, getdiyi ölkələr barədə yazmaqdan xüsusi həzz alır. O, xarici ölkələrdə gördüklərini paylaşmaq məqsədilə "Backpacktoday" bloqunu da yaradıb. A.Əlizadə ilə olduğu ölkələrdən, yaddaqalan və sərfəli səyahətin yollarından danışdıq:


Aysel xanım, səyahət hobbinizdir, yoxsa işiniz?

Səyahət mənim həyat tərzimdir. İşimlə heç bir əlaqəsi yoxdur.

Ümumilikdə neçə ölkə və şəhər  gəzmisiniz?

22 ölkə, 45-dən çox şəhərdə olmuşam.

Nə vaxtdan səyahət edirsiniz?

Ən çox verilən suallar arasındadır. Çox ölkə, şəhər gəzdiyim üçün hamı elə bilir ki, 15-16 yaşımdan səyahət edirəm. Amma belə deyil, ilk səfərim 25 yaşımda - 2016-cı ilin mart ayında olub.  

Deyirlər ki, ilklər unudulmur. Düşünürük ki, bu, səyahətə də aiddir. İlk səyahət qərarınız necə yarandı?

İlk səyahətim Rusiyaya - Moskva və Sankt Peterburq şəhərlərinə olub. Mənim dostlarım da səyahətsevərlər idi. Onlarla planlaşdırdıq ki, bəlkə mart ayında Moskvaya gedək. Elə ilk səfərimdən büdcəyə uyğun səyahətin dadını gördüm. Beləcə, səyahət macəralarım başladı.  

Və bu macəraları insanlarla paylaşmaq barədə qərar verdiniz. "Backpacktoday" bloqunun yaranmasından danışmağınızı istərdik…

Əslində, bloqun maraqlı yaranma tarixi var. Mən çox səyahət edir və  iş yoldaşlarımla sərfəli səyahət etməyin detallarını  bölüşürdüm. Və bu davamlı olurdu. Portuqaliya səfərindən qayıdanda iş yoldaşlarımdan biri dedi ki, bəlkə, bloq açasan. Təkcə biz deyil, başqaları da yararlansın. Mən də ola biləcəyini düşündüm. Dostlarımla düşündük ki, adını nə qoyaq bilərik?  Dedim ki, mən sadəcə bel çantamı  götürüb səfərə çıxıram, bəlkə, ingiliscə oxşar mənanı verən"Backpacktoday" olsun?   Yəni bir bel çantası ilə səyahət.  Beləliklə, bu ad yarandı və onun ideyası formalaşdı. Azərbaycanda heç bir biznes üzərində qurulmayan bloq idi. Bloqun məqsədi insanların sərfəli səyahət planlarına yardımçı olmaq idi. Məlumdur ki, Azərbaycanda cavan xanımlara tək səyahət etməyə icazə vermirlər. Bu aşırı qoruma və ya mentalitetdən qaynaqlana bilər. Mübahisəli məsələdir. Mənim bloqumun digər məqsədi də xanımlarımıza, qızlarımıza  yanlız şəkildə səyahət etməyin tamamilə təhlükəsiz olduğunu göstərməkdir. Mən öz səyahətlərimlə həm də bunu göstərirəm.

Maddi baxımdan səyahətin ən önəmli tərəfi getdiyin ölkədə qalacağın yerdir. Siz səyahət etdiyiniz ölkələrdə, əsasən, harada qalırsınız?

Bu, getdiyim yerdə büdcəyə uyğun tapa bildiyim yerə görə dəyişir. İki, üç ulduzlu otellər, hostellər, yaxud evlərdə qalıram. Mən iki-üç ulduzlu otellərdə qalmaqdansa, evlərdə qalmağı üstün tuturam. Çünki evin şəxsi mətbəxi, otaqları olur. Gündəlik kirayə verilir. Bu, həm də otellərdən ucuz başa gəlir. Həmçinin hostellərdə də qalmağı üstün tuturam. İstəsən, özünə mətbəxdə səhər yeməyi hazırlayırsan. Restorana getməyə ehtiyac qalmaz və beləcə, büdcəyə qənaət etmiş olursan.  

Yəqin ki, bütün bunları əvvəlcədən təşkil etmək lazımdır?

Əslində, bu özümüzdən aslıdır. Çalışıram ki, hər şeyi əvvəlcədən hazır edim. Bir dəfə Vyanada səhvə yol vermişdik. Muzey üçün tələb olunan bileti əvvəlcədən almamışdıq. Nəticədə, düz iki saata yaxın növbədə gözlədik. Bu da vaxt itkisinə gətirib çıxartdı. Ona görə də, planlı olmaq  həmişə faydalıdır.

Rus və ingilis dillərində sərbəst danışırsınız. Bəs səyahətçi üçün xarici dil bilmək nə dərəcədə əhəmiyyətlidir? 

Xarici dil bilməyin üstünlükləri çoxdur. İngilis dili beynəlxalq dildir. Bir çox ölkələrdə insanlar bu dildə danışa bilirlər. Bu sizin işinizi asanlaşdırır. Amma ingilis dili hər yerdə keçərli deyil. Məsələn, Portuqaliya, Fransa, İtaliya kimi yerlərdə insanların çoxu ingilis dilini bilmirlər. Bu, o demək deyil ki , sən dil bilmirsənsə, səfərə çıxa bilməzsən. İndi telefonlarda bir çox işimizi asanlaşdıran proqramlar olduğu kimi, xarici dil proqramları da var. İstədiyimiz cümlələri həmin dillərə çevirirlər. Mənə görə, dil bilmək önəmli deyil. Əsas hansı proqramlardan istifadə etməyin yollarını öyrənməkdir. 

Olduğunuz yerlər arasında ən çox hansı ölkənin mədəniyyətini bəyənmisiniz?

Məncə səfər etdiyim ölkələr arasında İtaliyaya heç bir ölkə çata bilməz. Çünki ölkənin hər qarışında tarixin qoxusunu duyur, addımbaşı muzeylərlə qarşılaşırsan. Bir sözlə, italiyanlar möhtəşəm mədəniyyətə sahibdirlər.    

Bloqunuzda sərfəli səyahətin yollarından yazırsınız. Bununla bağlı ən önəmli məqamları oxucularımızla da bölüşməyinizi istərdik.

Sərfəli səyahət üçün hər şeyi öncədən planlamaq lazımdır. Yəni biletləri və otelləri 3-4 ay öncədən bron etmək lazımdır. Çünki uçuş yaxınlaşdıqca aşağı qiymətli biletlər əvvəldən satılır, yuxarı qiymətli biletlər qalır. Bəzi vaxtlarda şirkətlərdə endirimlər olur. Amma bu şansa bağlıdır. Məsələn, qaldığınız otelləri beş gün əvvəldən bron etmək, təbii ki, sərfəli olmayacaq. Bunlar səyahətin ilkin şərtləridir. Mən səyahət edirəmsə, əlbəttə, getdiyim ölkənin təamlarının dadına baxmalıyam. Əgər mən hər gün kafe, restoranlarda yemək yeyəcəyəmsə, təbii ki, pul çatdıra bilməyəcəyəm. Sərfəli başa gəlməsi üçün həmin ölkələrdə mağazalardan ərzaq alıb, öz mətbəximdə yemək hazırlamağı üstün tuturam. Muzeylərə bilet qiymətlər isə onlayn daha sərfəli olur.  Bundan əlavə, əgər siz sərfəli səyahət etmək istəyirsinizsə, bəzi məqamlara diqqət etməlisiniz. Məsələn , yeni il ərəfəsində neçə ay əvvəldən rezarvasiya etməyinizdən asılı olmayaraq  otel və bilet qiymətləri bahalaşır.

Bu günə qədər hansı ölkədə daha çox pulu xərcləmisiniz?

Fransada. Çünki bu qış tətilində Parisdə qatar və metronun istifadəsi dayandırılmışdı. Avtobuslar isə gec gəlirdi. Ona görə də, nəqliyyata çox pul xərclədim

Fərqli mətbəxlərin təamlarına öyrəşmək çətindirmi?

Məncə, yox . Məsələn, Fransada qurbağa ayaqları çox məşhurdur. Bu, mənə iyrənc, qorxulu  gəlmədiyi üçün mən onun  dadına baxmışdım. Bu da sizin yeməyə olan münasibətinizdən asılıdır.

Səyahət etdiyiniz hansı ölkələrin insanları daha çox qonaqpərvər və ünsiyyətcildirlər?

Əlbəttə, Türkiyə. İnsanları çox qonaqpərvərdir. Montenegro da sizi təəccübləndirə bilər. Oranın da, qonaqpərvər və  gülərüzlü insanları var. 

Sizcə səyahətin mövsümü var?

Əlbəttə ki, yoxdur. Hər mövsümdə səyahət etmək olar. Sadəcə bəzi  yerlərə səfər etməmişdən öncə hava durumuna baxmaq lazımdır. Məsələn, Tayland kimi yerlərdə yağış sezonları olur. Həmin sezonda getməməyi üstün tuturam. Çünki yagışa görə həmin səfərdən zövq ala bilməyəcəksiniz. Sərfəli səyahət mövsümləri yay, yaz, payız aylarıdır. Qeyd etdiyim kimi, qışda, yeni il ərəfəsində isə sərfəli səyahət çətinləşir.

Səfərə tək, yoxsa dostlarla getməyi məsləhət görürsünüz?

Bu da istəyə bağlıdır. Dostlarla səyahət etmək maraqlıdır. Amma yalnız səyahət etməyi sevənlər də var. Məncə, maksimum 4 nəfərlik səyahətlər daha yaxşıdır. Necə deyərlər, hərənin ağzından bir avaz gəlir. Hərənin öz istəkləri olur. Ona görə də, ən yaxşısı 3-4 nəfərdir.

Xaricdə yaşadığınız yaddaqalan hadisələr də çox olar…

Bəli, çox olub. Bir dəfə Monteneqroda olanda taksi sifariş etmək istəyirdim. Tanıdığım taksilərin orada  fəaliyyət göstərdiyini bilirdim. Sifariş verdim, bir neçə dəfə cəhd etməyimə baxmayaraq, heç cür alınmırdı. Beləcə, yarım saat orada gözləməli oldum. Çarəsiz qalıb avtobus axtarmağa başlayacaqdım ki, biri mənə yaxınlaşıb yardıma ehtiyacım olub -olmadığımı soruşdu. Beləcə, mənə bildirdi ki, mənim bildiyim taksi xidməti burada fəaliyyət göstərmir. Mən ondan avtobus dayanacağını soruşdum. O da mənə getdiyim yerə qədər tam təmənnasız aparacağını dedi. Əlbəttə,  insanda qorxu hissi olar, amma mən pozitiv düşündüyüm üçün belə bir hiss keçirmədim. Getdiyim yerə bir saat əvvəl çatmışdım. Xoşbəxtlikdən  evin sahibini  tanıyırdı. Ona zəng edərək  məni içəri buraxmasını xahiş etdi. Əlbəttə, bu, bir şans məsələsidi, amma gözəl bir xatirə kimi yaddaşımda qalıb. 

Getdiyiniz  ölkələrdən qayıdarkən xüsusi olaraq nələrsə alırsınızmı?

Yalnız soyuducu üçün maqnit aksesuarlar gətirirəm. Başqa, yalnız xoş xatirələr.

Aysel xanım, daim səfərlərdəsiniz. Karantin günlərində səfərlərin yerini nə ilə doldurursunuz?

Həmişəki kimi sərfəli səyahət yollarını axtarma vərdişimdən əl çəkmirəm. Bundan əlavə, idman edirəm, italyan dili ilə məşğul oluram. Və evdən distant şəkildə işimlə məşğul oluram.

 Səyahətə başlamaq istəyib, amma ilk addımı ata bilməyən insanlara məsləhətiniz nə olardı? 

Nəsə arzulamaq çox gözəl bir şeydir. Amma həmişə arzuların, istəklərin hərəkətli kökü olmalıdır. Əgər səyahət etməyə başlamaq istəyirsinizsə, bu gün yox, sabah edərəm deyirsinizsə, sizə onu deyə bilərəm ki, həyat davam edir, zaman uçur. Necə deyərlər, günü günə satmayın. Dünyada gəzməli, görməli çox yerlər var. Birindən başlamaq lazımdır. İlk cəhdinizi edin. Heç nədən qorxmayın, neqativ fikirlərdən özünü uzaq saxlayın. Səyahət etmək heç vaxt gec deyil, amma nə qədər tez başlasanız, o qədər daha çox yer, mədəniyyətlə tanış olmuş olarsınız.

 

Paylaş
Şərh əlavə et