Bu gün:

Uşaqlarda gecə qorxusu


Uşaq üçün yuxuya getmək təhlükəsiz mühitdən və tanıdığı insanlardan uzaqlaşmaq, tək qalacağı tamamilə naməlum, qeyri-müəyyən bir vəziyyətə keçmək deməkdir. Buna görə də gündəlik həyatda olan adi qorxular uşaqlar tərəfindən gecələr şişirdilmiş kimi qiymətləndirilir.

Uşaqlıqda inkişafla izlənilən gecə qorxuları tez-tez yuxuya getməkdə çətinlik, qaranlıq qorxusu və kabuslar kimi sıralana bilər. Səslər eşitmək, səs qorxuları, cizgi filmlərdəki canavarlar, qaranlıq, oğru və xəyallar ən çox ifadə olunan gecə qorxularıdır.

Uşaqlar niyə qorxurlar?

Uşaqlıq qorxuları (2-6 yaş arası) zehni və emosional inkişafın təbii nəticəsi olaraq baş verir. Zehni qavrayışı konkret olan uşaq təsəvvürünə gətirdiyi, izah edə bilmədiyi, müəyyən edə bilmədiyi səslərdən, vəziyyətlərdən qorxur. Bundan əlavə, uşaq gündəlik həyatında qorxduğu, narahat olduğu və həll edə bilmədiyi vəziyyətlərə reaksiya olaraq gecə qorxularını yaşayır.

Kabuslar və pis yuxular 3-6 yaş arasında tez-tez baş verir. 2 yaşında qovulmaq və ya dişlənmək, 3-4 yaşlarında heyvanlar, pis insanlar və canavarlar, 5-6 yaşlarında ölmək, uçmaq, avtomobil qəzaları, itmək, evini tapa bilməmək, ananı ya da atanı tərk etmək və real olmayan varlıqlar kimi qorxular ön plandadır.

5 yaşına qədər olan uşaqlar yuxu ilə reallığı ayırd edə bilmədiklərindən, gecə qorxuları (qaranlıq, ətraf mühitin səsləri, pis yuxular) uşaq üçün realdır və buna görə də olduqca qorxuludur. Başqa sözlə, uşaq yuxusunda gördüyü obrazı, yuxunu real kimi qəbul edir. Məsələn, yuxusunda çarpayısının yanında it varsa, 2-4 yaşlı uşaq üçün “bax, burada it yoxdur” deməyin və ya işarə etməyin heç bir mənası yoxdur. Çünki o, indicə çarpayısının yanında it görmüşdü, o vaxt orada bir it var idi.

Uşaqlarda qorxuların öhdəsindən gəlməyə necə kömək etmək olar?

Uşaqların qorxuları ilə bağlı narahatlığı onunla bölüşməmək və onu onun üzərində əks etdirməmək lazımdır.

Qorxmuş uşağa həddindən artıq diqqət yetirilməməlidir. Davamlı olaraq qorxduğunu soruşmaq, bu mövzuda uzun-uzadı açıqlamalar vermək, qorxusundan fərqli imkanlar təklif etmək, birlikdə yatmağa başlamaq və s. Bu yanaşmalar uşağın qorxularını gücləndirir.

Uşağa “qorxulu bir şey yoxdur” kimi yanaşılmamalıdır. Bu cür yanaşma uşaqda çarəsizlik və narahatlıq keçirməyə səbəb olur.

Otağın qapısını açıq saxlamaq, işığı söndürməmək, gecə lampasından istifadə etmək və ailə üzvünün otağa yaxın olması uşaq üçün qorxunu daha da azaldacaq.

Uşaqlar üçün yuxuya getməsinə kömək edəcək rituallar da bu vəziyyətin öhdəsindən gəlməyə kömək edir. 

Nə vaxt bir mütəxəssislə məsləhətləşmək lazımdır?

Əgər yuxarıda təklif olunan yanaşmalar tətbiq edilirsə, ancaq gecə qorxuları eyni intensivlik və tezliklə davam edirsə, uşaq yatarkən qorxa, qışqıra, danışa, mübarizə aparar, oyana bilməssə və ya oyandıqda ailəsinin varlığından rahatlaya bilməssə və s. bir mütəxəssislə məsləhətləşmək lazımdır.

Mənbə: Madalyon Psikiyatri Merkezi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et