Bu gün:

İnsanlar müxtəlif rəngləri necə qavrayırlar?


Gözdə işığı aşkar edə bilən çubuqlar və konuslar adlanan iki növ hüceyrə qrupu vardır. Çubuq hüceyrələri işığa daha həssas olsalar da, rənglər konus hüceyrələri tərəfindən qəbul edilir. 

Üç növ konus hüceyrəsi var və hər birində işığa fərqli həssaslığa malik piqmentlər var. Mavi konus hüceyrələrinin ən çox həssas olduğu işığın dalğa uzunluğu təxminən 430 nanometr, yaşıl konus hüceyrələri 530 nanometr və qırmızı konus hüceyrələri təxminən 560 nanometrdir.

Müxtəlif dalğa uzunluqlarının işığı konus hüceyrələrini müxtəlif dərəcədə stimullaşdırır. Məsələn, dalğa uzunluğu 580 nanometr olan işıq gözə çatdıqda, həm qırmızı, həm də yaşıl konus hüceyrələri stimullaşdırılır. Bəzi dalğa uzunluqlarında hər üç konus hüceyrəsi həyəcanlana bilər. Beyin bu hüceyrələrdən gələn siqnalları birləşdirərək müxtəlif dalğa uzunluqlu şüaların fərqli şəkildə qəbul edilməsini təmin edir.

Qırmızı, mavi və yaşılın üç əsas rəngindən ikisi üst-üstə düşəndə ikinci dərəcəli rənglər əmələ gəlir. İkinci rənglərin tonları qırmızı, mavi və yaşıl işığın miqdarına nəzarət etməklə tənzimlənə bilər. Görünən bölgənin dalğa uzunluğundakı bütün şüalar bir araya gəldikdə ağ kimi qəbul edilir.

Boyalar müxtəlif dalğa uzunluqlu şüaları udan, içərisində olan piqmentlərə görə fərqli rənglərə malikdir. Boyalarda standart əsas rənglər sarı, qırmızı-bənövşəyi və mavi-yaşıldır. Sarı piqmentlər mavi işığı, qırmızı-bənövşəyi piqmentlər yaşıl işığı, mavi-yaşıl piqmentlər isə qırmızı işığı udur. Buna görə də, əsas rəngləri qarışdırdığımızda, bütün rənglər udulduğu üçün qarışıq qara görünür.

Mənbə: TÜBİTAK Bilim Genç 

Tərcümə etdi: Aminə Paşazadə 

Paylaş
Şərh əlavə et