Bu gün:

Yalan danışan uşaqlarla necə davranmaq lazımdır?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Aytəkin Məmmədovadır. O, uşaqların yalan danışmasının səbəblərindən danışıb.

-Bəzi uşaqlar kiçik yaşlardan yalan danışırlar. Bunun səbəbi nədir, yalan danışan uşaqlarla necə davranmaq lazımdır?


Uşaqlarda yalan kiçik yaşlarda başlayır. İlk olaraq, uşaqların həddindən artıq mühakimə olunması və yaxud da onların dinlənilməməsi müəyyən yalanlara gətirib çıxarır. Bəzən olur ki, qorxudan yalan danışırlar. "Mən etmədim, o etdi, yalan deyir" və.s Günahkar olmamaq üçün yalan danışmağa ehtiyac duyurlar. Yalan danışmağın əsas səbəblərindən biri budur ki, valideynlər övladlarını mühakimə etmədən, onları dinləyərək etdikləri səhvi başa salmırlar. Bəzən olur ki, valideynlər uşaqlara kiçik yalanlar öyrədirlər. Məsələn, uşağa deyir ki, əgər zəng gəlsə, deyərsən ki məşğulam. Halbuki məşğul deyil. Və bununla da uşaq yalan danışmağın yaxşı bir şey olduğunu başa düşür. Sinifdə müəllimin mövqeyi düzgün olmayıb, günahlandırmalar olub və bu günahlandırmalara görə uşaq özünümüdafiə mexanizmi olaraq dürüst olmamağı seçir. Biz bunu uşaqlarda normal reaksiya olaraq qəbul edirik, niyə? Çünki biz övladlarımıza yaxşını deyərək, mükafatla pisi öyrətməyin tərəfdarıyıq. İstər-istəməz, uşaq da kiçik yalanlar danışmağa başlayır. Xəyal dünyasında yaranan yalanlar varsa, bu hekayə kimi formalaşa bilər. Amma bu hal müşahidə olunmalıdır. Əgər bu müddətdən keçməsə, terapevtə müraciət etmələri tövsiyə olunandır. Valideynlər yalanla mübarizə apara bilmirlərsə, terapevtlə əlaqə saxlamaları arzuolunandır. Belə hallar psixoterapiya ilə aradan qaldırılır. Yaxud da hər hansı bir başa salma üsulu formalaşdıra bilmirlərsə, şəxsiyyətə deyil, davranışa kiçik cəzalar verərək formalaşdırmaq mümkündür. Düzdür, cəza metodundan çox nadirən istifadə edirik və valideyinlərə bildiririk. Bu cəza metodu uşağın şəxsiyyəti ilə deyil, davranışları ilə əlaqəli olur. Məsələn, uşağınızın adı Aysundur. Valideyn ona belə izah edir ki, bax, Aysun mən səni çox sevirəm, sənin xasiyyətin və xarakterin çox yaxşıdır. Sadəcə bu davranışının düzgün olmadığını düşünürəm və sənə dəfələrlə deməyimə baxmayaraq, bu davranışını hələ də dəyişməmisən. Buna görə də bu gün sənə filan şeyə icazə vermirəm. Və uşaq da başa düşür ki, müəyyən davranışlarım doğru deyil. Beləliklə, valideyn aqressiya olmadan yavaş-yavaş uşağı ələ almağa başlayır.

Zəhra Niftiyeva


Paylaş
Şərh əlavə et