
24media.az-ın "1 sual, 1cavab" rubrikasının növbəti müsahibi psixoloq Ləman Məmmədovadır. O, ailədaxili şiddətin uşaqlara təsiri haqqında danışıb.
- Ailədaxili şiddət uşaqların psixologiyasına necə təsir edir?
Doğulanda hazır mühitə doğulmuş oluruq. Bizim ilk tanıdığımız qadın obrazı “Anamız”, kişi obrazı isə “Atamız“ olur. Və onların bir-biriləri ilə olan münasibətləri, ata-anamızın bizə münasibəti, valideyn olaraq aralarındakı münasibət modellərindən birində problemin yaranması dünyaya gələn uşaqların gələcək həyatına, sağlamlığına ciddi təsir edir. Ailədaxili münaqişənin təsiri hər uşağın fərdi xarakterindən və yaşından asılıdır. Bu, uşağın temperamenti, stressə qarşı davamlılığı, özünü qiymətləndirmə, yaşına aid aktivliyi və həyata baxış bucağından asılıdır. Bəzi hallar da olur ki, uşaq münaqişədən təsirlənərək valideynlərini konfliktdən uzaqlaşdırmağa çalışır. Belə olduğu halda uşaq ailədaxili münasibətlərin qurbanına çevrilir və uşaq mövqeyinden imtina edərək daha erkən böyüməyə məcbur olur. Öz üzərinə yaşından artıq yük götürür və daha tez böyüyür. Beləliklə, o, şüuraltı olaraq valideynlərin diqqətini özünə cəlb etməyə çalışır, evdə sakitliyi qorumuş olur.
Nəticədə, uşaq yuxusuzluqdan, iştahsızlıqdan, tez-tez boğaz ağrısından, gecə enurezidən (altını islatma) əziyyət çəkməyə, dəyişkən əhval-ruhiyyədə olmağa başlayır. Və psixoloqa müraciət etmə adətən bu hallarda baş verir. Uşaq zəif tərəf olaraq həmişə kimi görürsə, məsələn, ana onu müdafiə edir və bu sonda atadan imtinaya gətirib çıxarır. Nəticədə, uşaq böyüdüyü zaman, qorxaqlıq və günahkarlıq hissi duyaraq gələcəkdə özünə partnyor tapmaqda da çətinlik çəkir, get-gedə valideynləri ilə də məsafəli davranmağa başlayır. Öz şəxsi dünyasına çəkilir və fantastik xəyallar quraraq özünə qapanır. Sonralar isə bu davranış sosial sferada özünü büruzə verməyə başlayır. Məsələn, bağçada, məktəbdə və iş həyatında da uşaq özünü təsdiq edə bilmir. Bu da uşaqda psixoloji problemlərə gətirib çıxarır. Özünəqapanma, cinsi orientasiyanın dəyişməsi, depressiya emosional sferada donuqluqla müşahidə olunur.
Uşaqlar ailədə özlərini müdafiə olunmuş hiss etməlidirlər. Münaqişəli ailələrin uşaqları uşaqlıq yaşamadan böyüdükdə bir çox problemlər yaşayır. Bütün psixoloji problemlərin kökündə isə uşaqlıq travması dayanır. Münaqişə zamanı uşaqları hadisənin mərkəzində deyil, kənarında saxlamağı bacarmaq lazımdır. Onlar bizim gələcəyimizdir.
Gülay Qəribova
