Bu gün:

Kişi cildinə girən qəhrəman qadın…


Həlimə Kocabıyık 1898-ci ildə Kastamonu şəhərinin Duruçay kəndində anadan olub. Qurtuluş savaşının əvvəlində ailəsinin yaratdığı bütün maneələrə baxmayaraq, müharibəyə qoşulub.


Kişi paltarı geyinən, kişi kimi saçlarını kəsdirən, hərbi forma geyən, üzünü təraş edən Həlimə Kocabıyık İneboludan Ankaraya və Sakaryaya sursat daşıyan yardım şöbəsinə təyin edilib. Qadın olmasına baxmayaraq sursat daşımaqda üzərinə götürdüyü çətin işlərin öhdəsindən uğurla gələn Həlimə Kocabıyık soyuq bir qış günündə İnebolunu idarə etməyə gələn Mustafa Kamal Paşa ilə qarşılaşır.


Soyuq havaya və qar yağmasına baxmayaraq sursatını paltosu ilə örtən Həlimə Mustafa Kamal Paşa və onu müşayiət edən heyətin diqqətini çəkib. Cəbhəyə daşıdığı güllələri öz canından çox düşünən bu əsgəri görən Paşa çox təsirlənərək, "Niyə palto ilə güllələri örtmüsən, üşümürsən?" dedi.


Həlimə soyuq olub-olmamasının fərq etmədiyini və bu sursatın yüzlərlə, bəlkə də minlərlə əsgəri qoruyacağını bildirib. Bu cavabdan sonra Paşa Həlimə Kocabıyıkdan şəxsiyyət vəsiqəsini, tələb edib. Kocabıyıkın qadın olduğunu anlayan Mustafa Kamal Paşa köməkçisinə Kocabıyık haqqında bütün məlumatları alıb Ankaraya qayıtdı.


Vəzifəsini qaldığı yerdə davam etdirən və müharibə əsnasında fövqəlbəşəri nailiyyətləri ilə təqdir edilən Həlimə Kocabıyık 9 iyun 1921-ci ildə Yunan döyüş gəmiləri Kılkış və Averof İnebolunu bombardman edərkən ayağından qəlpə yarası alaraq ordudan ayrılıb.


Qurtuluş savaşının sonunda Qazi Mustafa Kamal tərəfindən Ankaraya çağırılan Həlimə Kocabıyık 15 gün Çankaya Köşkündə qonaq edilib. Lətifə xanım ona lazım olan qonaqpərvərliyi göstərib. Qazi Mustafa Kamal Paşanın hər fürsətdə onunla çox maraqlandığını dilə gətirən Həlimə Çankaya Köşkündə təşkil edilən mərasimdə “İstiqlal” medalı və “Çavuş”  rütbəsi ilə təltif edilib. Atatürkün əmri ilə ölümünə qədər maaş alan çavuş Həlimə ailəsinin yanına-Kastamonuya qayıdıb.


Özünü millətə, vətənə həsr edən Həli Çavuş heç vaxt ailə qurmayıb, qardaşı Həsən Kocabıyıkın oğlu 13 yaşlı Sadiq Kocabıyıkı övladlığa götürüb və böyüdüb. Ömrünün son 6 ilini Duruçay kəndindəki evində yataq xəstəsi olaraq keçirən Həlimə Çavuş 1976-cı il fevralın 20-də dünyasını dəyişib.


Mənbə: aksihaber


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et