Bu gün:

"Həyat paylaşdıqca gözəldir"- Qazi Məbud Əhmədov


24media.az-ın növbəti müsahibi İkinci Qarabağ Müharibəsinin qazisi, xanəndə Məbud Əhmədovdur. O, müharibənin həyatına necə təsir etdiyi istiqamətində suallarımızı cavablandırıb. 

Müsahibənin əvvəlində Məbud Əhmədov "Qarabağda "Qarabağ şikəstəsi"ni oxumaq necə hissdir?" sualını belə cavablandırıb:

"İllərdir arzulayırdıq ki, torpaqlarımız işğaldan azad olsun. Bu şərəfli qürurlu anlar bizə 2020-ci ildə qismət oldu. Mən Milli Konservatoriyanı bitirdikdən sonra hərbi xidmətə yola düşdüm. Sözsüz ki, müharibəyə qədər Qarabağa aid olan mahnılarımızda hüzün vardı. Müharibə vaxtı ilk dəfə Füzulidə - Pirəhmədli kəndində bayrağımızı sancanda "Qarabağ şikəstəsi" səsləndirdim. Bu hissləri sözlə ifadə etmək olmur. Mən çox sevinirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində mənim də kiçik payım var.

Daha sonra müsahibimiz qeyd etdi ki, müharibədən sonra sənətində ona olan hörmət, diqqət artıb. Həmçinin Məbud Əhmədov gələcək hədəflərindən də söz açıb:

"Müharibədən əvvəlki mənlə, indiki mən arasında çox fərq var. Gələcək hədəflərim sırasında öz sahəm, ixtisasım üzrə daha da təkmilləşmək və yeni işlər görərək təzə mahnılar çıxarmaq var".

Müsahibimiz vurğuladı ki, 39 gün müharibədə iştirak edərkən özünə döyüş yoldaşları, qardaşları qazanıb :

"Bugünkü gündə belə həmin döyüş yoldaşlarımla, qardaşlarımla əlaqəm var. Ən əsası, biz müharibədə bir tikə çörəyimizi yanımızdakı yoldaşlarımızla bölüşməyi öyrəndik. Müharibədə "Həyat paylaşdıqca gözəldir" devizindən daha da ilham alırdıq. Çünki məsələn, yarım litrlik suyumuz olanda belə yoldaşlarımızla bir-birimizə təklif edirdik. Biz bununla müharibənin çətinliyinə sanki sinə gərmiş olurduq".

Müsahibənin sonunda Məbud Əhmədov gənclərimizə öz tövsiyələrini verməyi də unutmayıb:

"Gənclərə tövsiyəm odur ki, öz yiyələndikləri, sahib olduqları peşəni daha dərindən öyrənsinlər. Hər kəs bacardığı, özünə aid olan peşə ilə məşğul olsa, daha yaxşı olar. 

Arzu və ümid edirəm ki, gənclərimiz dövlətimizə, dövlətçiliyimizə sadiqdirlər və belə də qalacaqlar. Eyni zamanda, mən özüm də hər zaman dövlətimizin yanındayam. Allah millətimizə bir daha müharibə yaşatmasın. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə də cansağlığı versin. Məhz o gənclərimiz sayəsində torpaqlarımız işğaldan azad olunub".

Aysel Aslanova

Paylaş
Şərh əlavə et