Bu gün:

Uşaqlarda yetkinlik dövrünə keçiddə hansı psixoloji pozuntular baş verir?


24media.az-ın "1 sual, 1 cavab rubrikasının budəfəki müsahibi Psixoloq Gültəkin Həsənovadır. O, uşaqlarda olan psixoloji pozuntulardan danışıb.


-Uşaqlarda yetkinlik dövrünə keçiddə hansı psixoloji pozuntular baş verir?


Yeniyetməlik dövrü yaş psixologiyasında ən çətin keçirilən yaş dövrü hesab olunur. Yeniyetməlik dövrünün ilk mərhələsində hormonal dəyişikliklər baş verir. Şübhəsiz ki, bu dəyişikliklər yeniyetmələrin sinir sisteminə güclü təsir edir. Yaşa görə bu dövr ziddiyyətlərlə doludur. Ona görə də bu yaş dövrü qısa olmasına baxmayaraq, insan həyatında çox böyük rol oynayır və ağır dönəm hesab edilir. Neyron əlaqələr təxminən 90% sıfırlanır və yenidən qurulur. Demək olar ki, yeniyetmənin ağlında "təmir gedir".  Bu yaş dövründə yeniyetmə öz müqəddəratını həll edir. Daxili konfliktlər, xüsusilə də ailə münasibətlərində konfiliktlər çoxalır.

 Bu dövrdə yaranan psixoloji pozuntuları ağırlığına görə sıralasaq, birinci yerdə özünə qəsd, yəni intihardır. Yeniyetmələr arasında dünyadakı statistikaya görə intiharların sayı artır. Bunun əsas səbəbi yeniyetmədə öz dəyərin aşağı düşməsi, valideyn laqeydliyi,  özünü tənha və lazımsız hiss etməsi, depresiya, məktəb təsirləri ola bilər. Bu dövrdə yeniyetmənin həyatında baş verən ən kiçik uğursuzluq ona böyük bir faciə kimi görünür və bu yeniyetməni özünə qəsdə kimi apara bilir. İkinci yer depresiyadır. Depresiya elə bir psixoloji pozuntudur ki, laqeydlikdən tutmuş sosial münasibətlərdən çəkinib özünə qapanmaya qədər davam edə bilər. Depresiyanın yüngül, orta və ağır formaları var. Amma yeniyetmələrdə depresiyanı müəyyən etmək bir qədər çətindir. Çünki davranışlarda bəzi dəyişikliklər var ki, bu o yaş dövrü üçün normativ hesab olunur. Üçüncü yer həyəcandır. Həyəcan təşviş panik pozuntuya gətirir. Bu isə yeniyetmənin məktəb uğurlarına, sosial həyatına və ailə münasibətlərinə təsir edir. Dördüncü yer qəzəbdir. Qəzəb normal emosiyadır. Lakin burada problem qəzəbi düzgün ekoloji ifadə edə bilməməkdir. 16-17 yaşına gəlmiş bir insan qəzəbi idarə edə bilmirsə, bu artıq ətrafdakı insanlar tərəfindən mənfi qarşılanır. Əgər uşaqlar yetkinlik dövründə qəzəbi idarə etməyi öyrənməsələr, onlar yetkin fərd kimi cəmiyyətdə daim problemli olacaqlar. Beşinci yer davranış pozuntusudur. Davranış pozuntuları, əslində, uşaqlıq dövründə başlayır, lakin valideynlər buna ciddi yanaşmırlar. Valideynlər düşünürlər ki, uşaqlar böyüdükcə bu problemlər keçəcək. Amma uşaqlıq dövründə bu problemlər həll olunmasa, yetkinlik dövründə cinayət tərkibli hərəkətlərlə əvəz oluna bilər. Bu onun həm öz, həm də ətrafındakı insanların həyətında təhlükəyə çevrilə bilər. Altıncı yer qida davranışıdır. Bu problem daha çox qız yeniyetmələrdə olur. Fiqura saxlamaq, çəkini azaltmağa can atmaq, qida seçimliyi, hər yeməyi yeməmək, anareksiya, bulimiya və digər patoloji pozuntular baş verir. Bir insan qida qəbul etmirsə, qidanı qaytarırsa, bu həm fizioloji, həm də somatik(fizioloji) xəstəliklər yarada bilər. Hətta orqanizmin zəifləməsi nəticəsində ölümlə də nəticələnə bilər. Yeddinci yer psixogen pozuntulardır. Əslində, az əvvəl qeyd etdiklərimizin hamısının başlanğıcında psixoloji elementlər dayanır. Sayağlamalar, şizofreniya və bu kimi pozuntular yeniyetmənin həyat tərzinə çox böyük zərər vurur. Onu gündəlik həyat tərzindən, təhsilindən kənar qoyur. Və sonuncu yerdə qeyd edəcəyimin pozuntu da yeniyetmələr arasında çox geniş yayılmışdır. Buna narkotik, alkaqol və tütün vasitələrindən istifadəsi, qaydasız cinsi həyat sürməsi aiddir. Bunlar da həm fiziki, həm psixoloji olaraq çox ağır nəticələr verir. Son nəticədə, cinayət tərkibli hərəkətlərlə, ölümlə nəticələnə bilər.


Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et