
Bədən istiliyində artım olaraq təyin olunan qızdırma, ümumiyyətlə, bədənin müdafiə sisteminin bir cavabıdır.
37 dərəcə Selsi normal sayılsa da, bədən istiliyi 36,1 ilə 37,2 dərəcə arasında dəyişə bilər. Beyindəki hipotalamus bölgəsi bədənin termostatı kimi təsvir edilir və bədən istiliyinin tənzimlənməsindən məsuldur.
Pirogens adlanan biokimyəvi maddələr hipotalamusun müəyyən reseptorlarına bağlandıqda bədən istiliyinin yüksəlməsinə səbəb olur. Bu maddələr bədən toxumaları, viruslar və ya bakteriyalar kimi xəstəlik törədicilər tərəfindən istehsal oluna bilər. Xəstəliyin baş verdiyi bölgədən qanla hipotalamusa daşınan pirogenlər hipotalamus tərəfindən aşkar edildikdə bədən istiliyi yüksəlməyə başlayır.
Qızdırma bədənin xəstəliklərə səbəb olan amillərdən qorunmasına kömək edir. Normal bədən istiliyində virus və bakteriyaların fəaliyyəti, ümumiyyətlə, daha yüksək olur. Bədən istiliyinin yüksəlməsi temperaturun dəyişməsinə həssas olan bu mikroorqanizmlərin çoxalmasını çətinləşdirir.
Eyni zamanda araşdırmalar göstərir ki, bədən istiliyinin artması immunitet sistemindəki bəzi hüceyrə tiplərinin fəaliyyətinin artmasına səbəb olur. Journal of Leukocyte Biology-də dərc olunan araşdırmada elm adamları bədən istiliyindəki cüzi artımların virus və xərçəng hüceyrələrindən təsirlənən hüceyrələri məhv edə bilən hüceyrələr olan T hüceyrələrinin əmələ gəlməsini artırdığını müəyyən ediblər. Siçanlar üzərində aparılan araşdırmada bədən istiliyinin 2 dərəcə Selsi artmasının bu hüceyrələrin aktivliyini artırdığı da aydın olub.
Qızdırma bədənin xəstəlik yaradan amillərlə mübarizə aparmasına kömək etsə də, bədən istiliyinin çox artması təhlükəli nəticələrə səbəb ola bilər, ona görə də, onu nəzarət altında olmaq lazımdır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
