
Tərləmə dedikdə ağlımıza gələn ilk şey pis qoxular və ya görüntülər olur. Gəlin bu xoşagəlməz hallar haqqında düşünməyi dayandıraq və bədəndə normal dərəcədə tərləmənin vacib funksiyaları haqqında danışaq.
Tərləmə bədən istiliyini tənzimləyir
Beynimizin bədən istiliyini tənzimləyən “hipotalamus” bölgəsinin mərkəzi dərimizdəki tər vəzilərinə əmrlər verərək tər əmələ gətirir. Bədənimizdə iki növ tər vəzi var: "Ekrin tər vəziləri" bədən hərarəti yüksək olduqda işə düşür və tərin çox hissəsi bu tər vəzi tərəfindən əmələ gəlir. Bu zaman əmələ gələn tər buxarlanır və bədənin istilik itirməsinə kömək edir. “Apokrin tər vəziləri” həddindən artıq həyəcan vəziyyətində emosional reaksiya olaraq tər istehsal edir.
Tərləmə mikrobları öldürür
Tərdə viruslara, bakteriyalara və göbələklərə qarşı mikrob öldürücü peptidlər var. Tərimizdə tapılan bu təbii mikrob öldürücülər reseptlə yazılan antibiotiklərdən daha uzun müddətdə daha təsirli olur və xəstəlik törədən mikrobların müqavimət qazanmasına imkan vermir.
Tərləmə bədəni tullantılardan təmizləyir
Bədənimizin normal hərarətini bərpa etməsi üçün daha sürətli nəfəs alırıq (tərləmə zamanı), ürəyimiz daha tez döyünür və qan dövranı sürətlənir. Qan dövranı artdıqca toksinlərin çoxu dəri məsamələri vasitəsilə xaric olur və beləliklə həm orqanizm tullantılardan təmizlənir, həm də dəri dərialtı çirkdən təmizlənir.
Tərləmə stressi azaldır
Tərlədiyimiz zaman yaranan nəm və istilik sayəsində əzələlərimiz istiləşir ki, bu da stresslə əlaqəli əzələ gərginliyini və yorğunluğunu azaltmağa kömək edir.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Aydan Qasımova
