
Elə oyunlar var ki, zehni gücləndirir və xüsusi diqqət, səbir tələb edir. Çətin vəziyyətlərdən çıxış və ani qərar qəbul etmək kimi vərdişlər yaradır. Bu xüsusiyyətlərin şahmata aid olduğunu yəqin ki, az-çox təxmin etdiniz.
Şahmat oyunu 1500 il bundan əvvəl Hindistanda meydana gəlib. Bir versiyaya görə, Hindistan padşahı (böyük ehtimalla Maukhari sülaləsinin şahı Kannauj) tərəfindən VI əsrdə İran şahı I Xosrova şahmat hədiyyə edildikdən sonra oyun “çaturanq” adlanmağa başlanıb. İran tarixçisi Murtuza Rəvəndi “Tarixi-ictimai-İran” əsərində 1924-cü ildə Hindistanın aşağı Sind vilayətinin qərbində aparılan qazıntı zamanı 3000-4000 il miladdan əvvələ aid edilən Şahmat daşlarının tapılması haqqında məlumat vermişdi.
Görkəmli şahmat tarixçisi Herild Ceyms Ratvin Hurrey 1913-cü ildə nəşr olunan “A history of Chess” (Şahmat tarixi) adlı əsərində şahmat oyununun 570-ci ildə ortaya çıxdığını qeyd edib. Müəllif oyunun Hindistanda bir Brahman rahibin tərəfindən savaşan ordulardan ilham alaraq yaratdığını qeyd edir. Halbuki şahmat ilahəsi “Kaissa”ya şeir həsr edən məşhur ingilis şərqşünası və sanskrit dili mütəxəssisi Ulyam Cons sonralar etiraf etmişdi ki, “Hindistanda tapıldığına inandığım bu gözəl oyunla bağlı Brahmanların klassik əlyazmalarında heç bir dəlil tapa bilmədim”.
Ümumiyyətlə, şahmat oyunu mücərrəd bir strategiya oyunudur. 64 ağ və qara kvadratdan ibarət kvadrat formada olan şahmat lövhəsinin üzərində oynanılır. Oyunun başlanğıcında hər bir oyunçu 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil, və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. Bu zaman belə bir söz deyilir: Şah və mat.
Mənbə: Chess.com
Tərcümə etdi: Aytac Musayeva
