Bu gün:

Qiyabi təhsilin təsiri - Ekspert ilə “1 sual, 1 cavab”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuridir. O,  qiyabi təhsilin səviyyəsi haqqında danışıb.

İndiki dövrdə, Azərbaycan universitetlərində qiyabi təhsilin səviyyəsini necə qiymətləndirirsiniz?

-Qiyabi təhsilin Azərbaycan universitetlərində məşhurlaşmasına səbəb Sovet rejiminin təhsilin, universitetlərin üzərinə qoyduğu tələblər idi. Onlar fərdin praktiki işləməsinə, əmək bacarığının, təcrübəsinin olmasına önəm verirdilər. Əslində, qiyabi təhsil forması bəzi şəxslər üçün nəzərdə tutulmuşdur. Əvvəlcə, buraya ikinci dəfə ali təhsil alanlar aiddir. Məsələn, mənim valideynim iqtisadiyyat üzrə təhsil almışdı, amma sonradan neft sahəsində çalışmağa başladı. Amma o, praktiki və nəzəri bazalara yiyələnməkdən ötrü neft sənayəsi istiqamətində ikinci dəfə təhsil almağı üstün tutdu və bunu, təbii ki, qiyabi əsaslarla oxudu. Həmçinin, bu gün qiyabi formada təhsil alan gənclər arasında  “Təki mənim diplomum olsun”,- deyə oxuyanlar da var. Qiyabi təhsilə üz tutanların bəziləri isə "Təki tələbə adı qazanım“ deyənlərdir. Mən bu üzrə araşdırma aparmışam. Bəzi qiyabi təhsil alan tələbələr var ki, bunun nə olduğunun fərqində belə deyil. Ümumiyyətlə, mən düşünürəm ki, bakalavr səviyyəsində qiyabi təhsil forması ləğv edilsin. Bakalavr səviyyəsində qiyabi təhsil alan tələbədən əyani oxuyan tələbənin bir semestr ərzində keçdiyi proqramlar bir ay ərzində tələb olunur. Qiyabi oxuyan tələbələr ildə yalnız iki dəfə, hər tədris semestrinin sonlarında bir ay müddətində təhsil alırlar və onlar illik proqramı iki aya sığışdırmalıdırlar. Sizcə, bu nə dərəcədə effektiv və real ola bilər? Təbii ki, mümkün deyil. Qısası, qiyabi təhsil forması əmək bazarı üçün uyğun kadrlar yetişdirə bilmir. Qiyabi təhsil formasındansa, bütün dünyanın istifadə etdiyi distant təhsil formasını üstün görürəm. Biz də bu formanı tətbiq etməliyik. Artıq 2023-cü ildir, hələ də Azərbaycanda distant təhsilin diplomları tanınmır. Biz qiyabi təhsil formasını distant təhsil forması ilə əvəz etməliyik. O zaman biz bir semestrin materiallarını yığcamlaşdırmayacaq, bəzən də məcburi şəkildə bir aya sığışdırmayacağıq.  Bu ilk illərdə tam yerini almasa da, zamanla nizama düşəcək.

24media.az xatırladır ki, Azərbaycanda bir çox universitetdə qiyabi təhsil də mövcuddur. Tələbələrin 92 faizi əyani şəkildə təhsil alır. Bu baxımdan, son dövrlər qiyabi təhsilə marağın azalması da diqqət çəkə bilər. İndi tələbələrin 8 faizi qiyabi təhsil alsa da, 2016-cı ildə bu göstərici 10 faiz, 2011-ci ildə 20 faiz, 2006-cı ildə 25 faiz idi. Deməli, 15 il öncə ölkədə hər dörd tələbədən biri qiyabi təhsil alırdısa, indi təxminən hər 12 tələbədən biri belə təhsili seçir.

Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et