Bu gün:

MÜSAHİBƏ "Hisslərimi ona şeir dili ilə çatdırdım"


Şeirlər hər zaman ədəbiyyatımızın əvəzolunmaz xəzinəsi, şairlər isə o xəzinəni daima daha da zənginləşdirən insanlar olub. Elnur Uğur adlı gənc şair və müəllim də məhz o xəzinəni zənginləşdirən insanlardan biridir.

Elnur Uğurun "24 Media" üçün verdiyi müsahibəni sizə təqdim edirik:


Elnur Uğur kimdir? Özünüzü bir neçə sözlə təqdim edin.

Elnur Uğur Dilavər oğlu Abdiyev 1980-ci ildə Neftçala rayonunda dünyaya gəlmiş, hazırda doğulduğu kənddə gələcəyə nur saçacaq fidanlara dili və ədəbiyyatı sevdirməklə məşğuldur. Hərdən bədii yaradıcılıqla da məşğul oluram.

"Uğur" təxəllüsünü götürməyiniz nə ilə bağlıdır?

Bu təxəllüsü mən götürməmişəm, professor Məhərrəm Qasımlı şeirlərimi oxuyandan sonra mənə "Uğur" təxəllüsünü verdi. Mən də sevə-sevə qəbul etdim.

Yaradıcılığa qarşı həvəsiniz necə yaranıb?

Buna həvəs deməyək. Yaradıcılıq mənim üçün qeyri-iradi olan bir haldır. Özünün zamanı və anı var, hər doğulan körpə şeirlər kimi.

Bu bacarığı özünüzdə hiss etdiyiniz zaman ilk kiminlə bölüşdünüz?

Bu bacarığı özümdə hiss edən zaman parta yoldaşımla bölüşdüm. Daha doğrusu, hisslərimi ona şeir dili ilə çatdırdım.

İlk yazdığınız şeirinizi xatırlayırsınızmı?

İlk yazdığım şeir 14 yaşımda "Səndə yeriyirəm səndən xəbərsiz" şeiri idi.

Çap olunan ilk şeir toplunuzun adı "Unuda bilməyəcəyəm" dir. Niyə məhz belə bir ad, bunun xüsusi bir açıqlaması varmı?

İlk topludakı şeirlərin əksəriyyəti sevgidən travma almış hisslərin tərənnümüdür. Təbii ki, "Unuda bilməyəcəyəm" adlı şeir də var o topluda. O şeir o zaman daha çox xoşuma gəldi və kitabın adını ona uyğun adlandırdım.

İlham mənbəyiniz nədir?

İlham mənbəyim mənsəbinə qədər mənbəyini daşıya bilən, yəni eşqdir.

Bu yolda qarşınıza çıxan çətinliklər nə olub?

Çətinliklər deməyək, amma ruhdan salmalar, iyrəndirmələr olub. Vaxt var idi mətbu orqanlara şeir göndərirdin, üzünə tərifləyirdilər, deyirdilər ki, çap olunacaq amma olunmurdu. Belə olanda sınırdım, yazmaq istəmirdim.

Tənqidlər aldığınızda reaksiyanız necə olur?

Sağlam tənqidə sağlam təfəkkürlə, aydın düşüncə ilə yanaşmaq hər kəsin borcu olduğu kimi, mənim üçün də belədir. Tənqid ələk rolunu oynamalıdır. Ələyin gözü kor olanda, təbii ki, narazılıqlar olur.

Pedaqoji sahəni seçməyinizin əsas səbəbləri nədir?

Bu mənim taleyimin ən uğurlu mərhələsidir. Ailəlikcə müəllimik. Atam müəllim olub, ona olan sevgini görürdüm. Uşaqlıqdan müəllim olmaq istəyi qanıma hopmuşdu.

Tələbələrinizlə münasibətiniz necədir?

Tələbələrimlə münasibətimi tələbələrimdən öyrənsəniz daha gözəl olar. Ancaq bu həqiqətdir ki, tələbələrimə doğmam kimi baxıram. Mənim üçün onlar gələcəyimin zəmanətidir.

Pedaqoji sahəni seçməsəydiniz, özünüzü harda görmək istəyərdiniz?

Özümü psixoloji sahədə görmək, psixoloq işləmək istəyərdim.

İstedadını üzə çıxarmağa utanan gənclərə nə demək istəyərdiniz?

Hər zaman deyirəm, inam başlanğıc üçün ən güclü vasitədir. Özünüzə inanın, gec-tez layiq olduğunuz dəyəri görəcəksiniz.

Paylaş
Şərh əlavə et