Bu gün:

Azərbaycanın dünya şöhrətli alimləri


Lütfi Zadə (1921-2017)

Azərbaycanlı ABŞ alimi Lütfi Zadə süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub. 

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.


Lev Landau (1908-1968)

Nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet-Azərbaycan fizikidir. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.


Xudu Məmmədov (1927-1988)

Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) olan Xudu Məmmədov silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmişdi. Həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir.


Yusif Məmmədəliyev (1905‐1961)

Azərbaycan-sovet kimya alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945) və prezidenti (1947–1951 və 1958–1961), SSRİ EA-nın müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946), SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958–1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955–1959) deputatıdır.

Yusif Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin o ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi.


Kərim Kərimov (1917-2003)

Sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri vəzifəsində çalışıb (1966–1991). 

Kərim Kərimov, həmçinin Sovet kosmik proqramının banilərindən biridir.

Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.


Məsud Əfəndiyev (1953)

Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor Məsud Əfəndiyev Humboldt mükafatı alan ilk azərbaycanlıdır. Bununla yanaşı, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.

Məsud Əfəndiyev professor olaraq Yaponiya, Avropa, Kanada və ABŞ-nın bütün universitetlərində bir çox məruzələr etmişdir. On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of  Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir.


Qərib Mürşüdov (1962)

Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.

Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanın modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib.




Hazırladı: Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et