Bu gün:

“Özün özünün tənqidçisi olmalısan ki, uğur qazana biləsən”


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı Modern.az saytının redaktoru Əfqan Qafarlıdır. O, günümüzdə yaxşı redaktor olmaq üçün hansı tələblərin əsas olmasından danışıb. 

-Sizcə, yaxşı redaktor olmaq üçün hansı amillər əsasdır və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə nə tövsiyə edərdiniz? 

Redaktə işi mühüm bir yaradıcı fəaliyyət sahəsidir. Son illər ölkədə elektron kütləvi informasiya vasitələrinin sayının artması ilə redaktorlara da tələbat yaranıb. Əlbəttə, söhbət yaxşı redaktorlardan – redaktə işinə məsuliyyətlə yanaşanlardan gedir. Etiraf edək ki, bu sahədə xeyli problemlərimiz, nöqsanlarımız var, yəni mətbuatımızın bu gün oxuculara təqdim etdiyi materialların redaktə işini qənaətbəxş hesab etmək olmaz. Doğrudur, onlayn mətbuat sürətli fəaliyyət tələb edir və üstəlik də media sektorundakı rəqabəti, xəbəri daha tez və birinci çatdırmaq istəyini nəzərə alanda, redaktorları da bəzən hansısa səhvə görə qınaya bilmirsən. Amma bunlar yaxşı redaktor üçün bəraət sayıla bilməz. Yaxşı redaktor olmaq üçün qrammatik qaydaları bilmək, redaktə etdiyin materialı yazıldığı dilin üslubuna uyğunlaşdırmağı bacarmaq, məqalədəki fikrin aydın və səlis çatdırılmasını təmin etmək tələb olunur. Redaktə işi elə bir fəaliyyət növüdür ki, onu hər adam bacara bilməz. Başqa sözlə, peşəkar redaktor hər adamın bacarmadığı çətin bir işin öhdəsindən gəlir. Bəzən çoxları redaktə prosesini asan iş hesab edir, amma bu belə deyil. Yaxşı redaktor müxbirin verdiyi xammalı cilalayıb oxucuya hazır vəziyyətdə təqdim etməyi bacarmalıdır. Yaxşı redaktorun müqayisə və iti müşahidə qabiliyyəti, geniş söz bazası və digər keyfiyyətləri olmalıdır. Redaktor informasiyalı olmalıdır. Onun buraxdığı xırda bir səhv ciddi rezonans, qalmaqal, mübahisə doğura bilər. Ona görə də, redaktə işi həm də son dərəcə diqqət tələb edən fəaliyyətdir. Yaxşı redaktor fakt və məlumatların oxucuya dəqiq çatırılmasında mühüm rol oynayır. Ola bilər ki, müxbirin verdiyi materialda hansısa yanlışlıq var, peşəkar redaktor bunu dərhal duymalı, səhvi aradan qaldırmalı, fikri təhrif etməməli, yazını təkmilləşdirərək oxucuya təqdim etməlidir. Onun redaktə etdiyi material anlaşıqlı, oxunaqlı olmalıdır ki, oxucu da təqdim olunan yazıdan yorulmasın. Redaktor adi bir materiala elə yaxşı bir başlıq seçər ki, geniş oxucu auditoriyasını diqqəti bu yazıya yönələr. Yəni başlıq seçimi də qabiliyyət tələb edir. Bəzən görürsən ki, “da, də”nin harada bitişik, harada ayrı yazıldığını, “kampaniya” sözü ilə “kompaniya”nın fərqini bilməyənlər, “yanlış”ı “yalnış” kimi yazanlar redaktorluq edirlər. Ya da “əsl” sözü ilə “əsil” sözünü ayırd edə bilməyən, “şayiə”ni “şaiyə” kimi yazan redaktorlara rast gəlirsən. Bu baxımdan redaktor özü də daim öyrənməlidir. Yaxşı redaktor həm də müəllim-mütəxəssis olmalı, gənc jurnalistlərə öyrətməli, onların səhvini özlərinə izah etməlidir. Yaxşı redaktor mətbuatın gündəmindən, ölkədə gedən ictimai-siyasi proseslərdən xəbərdar olmalı, müxbirlərə yazmaq üçün mövzu veilməsində yaxından iştirak etməli, onları proseslərin axarına doğrut düzgün yönləndirməlidir. Redaktor olmaq istəyən gənclərə tövsiyə edərdim ki, yaxşı redaktorlardan öyrənsinlər, soruşmağı ayıb hesab etməsinlər, mənəm-mənəmlikdən uzaq olsunlar. Eyni zamanda, özləri özlərinin redaktoru olsunlar. Yəni özün özünün tənqidçisi olmalısan ki, uğur qazana biləsən.


Xədicə Qiyas

Paylaş
Şərh əlavə et