
Yay tətilini başa vuran uşaqlar məktəbə hazırlaşır. Bəzi uşaqlar məktəbə başlamaq üçün həyəcanlı olsalar da, bəzilərində məktəb fobiyası var. Hətta bəzi məktəbə getmək istəməyən uşaqlar mədə ağrısı, ürəkbulanma və ya baş ağrısı kimi fiziki şikayətlər göstərərək ailələri üçün çətin anlar yaşada bilər. Uşaqları məktəb fobiyasından qorumaq üçün ailələrin bəzi məsələlərə diqqət yetirməsi vacibdir. Mütəxəssis Psixoloq Aycan Bulut Konca məktəb fobiyasından qurtulmağın yollarını danışıb.
Təəssüf ki, hər uşaq məktəb sevgisi ilə dolu ola bilməz. Bəzi uşaqlar çox ciddi məktəb fobiyası ilə qarşılaşa bilərlər. Valideynlər bəzən uşaqların şikayətlərinin qarşısını almaq üçün müəllim dəyişdirmək və ya başqa məktəbə köçürmək kimi yollara əl ata bilər. Ancaq bilinməlidir ki, bu üsullar yalnız müvəqqəti nəticələr verir. Bu cür dəyişikliklər əvvəlcə uşaqları xoşbəxt edə bilər. Lakin bu üsul uşaqlarda yenidən evdə qalmaq istəyinin yaranmasına səbəb olur. Bəzi addımlar var ki , onlar uşaqları məktəb fobiyasdan xilas edə bilər.
Uğursuzluq qorxusu məktəb fobiyasına səbəb ola bilər
Məktəb fobiyası olan uşaqlar evdə olarkən çox şən olurlar. Onlar ev tapşırıqlarını böyük həvəslə yerinə yetirir. Bunun səbəbi isə sinifdə pis vəziyyətə düşmək ehtimalıdır. Çünki bu uşaqların məktəb uğurları orta səviyyədədir. Kəskin məktəb fobiyası adlanan bu vəziyyət ibtidai məktəbdən orta məktəbə qədər hər yaşda müşahidə edilə bilər. Ancaq bu fobiyanın təsir dərəcəsi yaş qrupları arasında dəyişir. Yeniyetməlik dövründə və yeniyetməlikdən əvvəl rast gəlinən məktəb fobiyası əlamətləri ibtidai məktəbə başlayan uşaqlarda olduğu qədər güclü deyil.
Uşaqların insanlarla münasibətinə xələl gətirə bilər
Uşaqlar böyüdükcə məktəb fobiyasının şiddəti azalır. Kəskin məktəb fobiyası yerini xroniki fobiyaya buraxır. Bu fobiyanın formalaşmasında gəncin uşaqlıqdakı kəskin fobiyası mühüm rol oynayır. Xroniki məktəb fobiyası, kəskin məktəb fobiyasından fərqli olaraq, bəzi uyğunlaşma çətinliklərini yaradır. Xroniki məktəb fobiyası olan uşaqlar təkcə məktəbdən deyil, həm də əvvəllər həzz aldıqları fəaliyyətlərdən uzaqlaşmağa başlayırlar. Bu uşaqların istər insan münasibətlərində, istərsə də yeni mühitlərdə narahatlığı getdikcə artır.
Həddindən artıq qoruyucu analar məktəb fobiyası yarada bilər
Məktəb fobiyasında irsi və struktur faktorlardan çox psixoloji təcrübələr daha önəmli yer tutur. Bu uşaqların səbəbsiz yerə məktəbə getməkdən qorxduğu düşünülsə də, bu qorxunun altında yatan əsas amillər var. Bunlardan başlıcası ailə mühitində həddindən artıq təzyiqdir. Məktəb fobiyası olan uşaqların məktəbəqədər yaşlarında anaları tərəfindən həddindən artıq qayğı ilə böyüdüldüyü görülür. Maraqlıdır ki, belə analar daim övladlarını sevindirməklə, bütün ehtiyaclarını qarşılamaqla, onları daim qoruyub saxlamaqla onların sevgisini qazanmağa çalışırlar. Bu analar uşaqlarının fiziki xəstəliklərinə çox həssasdır. Övladları gözlərinin önündə olmayanda özlərini çox narahat hiss edirlər. Onlar övladları ilə psixoloji və fizioloji cəhətdən həddindən artıq yaxın olmaq ehtiyacı duyur. Bu analar övladlarını nəinki bağçaya, hətta övladlarını dostlarının evinə göndərməkdən yayınırlar. Həyatının ilk illərindən bu tip ana-övlad münasibətində olan uşaqlar məktəbə başlayanda böyük problemlər yaşayır. Analarının qoruyucu və təzyiqli mühitindən bir an belə uzaqlaşmayan bu uşaqların yad mühitdə, tanımadıqları insanlarla birlikdə olması onları narahat edir. Məktəb fobiyası olan uşaqların ataları da uşaqlarına eynilə anası kimi davranırlar.
Valideynlər uşağın xarakterinə zərər verə bilər
Məktəb fobiyası olan uşaqların əksəriyyətində üç əsas xüsusiyyət var. Birincisi, valideynlərin həddindən artıq müdafiəsi nəticəsində uşaqlar asılı fərdlər kimi inkişaf edir. İkincisi, uşağın bütün ehtiyaclarını ödəmək uşağın çox tələbkar və hiyləgər bir fərd olmasına gətirib çıxarır. Belə uşaqlar istədikləri hər şeyi, istədikləri zaman alırlar. Sonuncu xüsusiyyət valideynlərin nizam-intizamda uğursuzluğudur. Valideynlərin lazım olanda uşağın istəklərini cilovlaya bilməməsi uşaqda hökmranlıq hissi yaradır. Bu vəziyyətin nəticəsində uşaq təkcə öz işlərinə deyil, bütün ailə məsələlərinə qarışır.
Psixoterapiyadan istifadə etmək lazımdır
Bu fobiya uşaqların akademik və sosial inkişafına mənfi təsir göstərir. Buna görə də tezliklə məktəbə qayıtmaq lazımdır. Lakin uşaq məktəbə qayıtmazdan əvvəl problemi həll etmək üçün psixoterapiya olunmalıdır. Xroniki məktəb fobiyasında və uşağın məktəbə qaytarılmasında psixoterapiya müsbət nəticə verir. Bu cür rəftar olmadan məktəbə qayıtmaq uşağın məktəbdə getdikcə daha çox bədbəxt olmasına , həm sosial, həm də akademik uğurları baxımından dostlar arasında statusunu itirməsinə səbəb ola bilər.
Kəskin məktəb fobiyası olan uşaqları məktəbə bağlamaq mütəxəssis terapevtin köməyi ilə mümkündür. Bu məqsədlə fərdi terapiya ilə yanaşı, müəllim dəstəyindən istifadə edilir və ailənin uşaq tərbiyəsinə münasibəti dəyişdirilir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
