Bədəndəki xallar dərinin üzərində və altındakı melanosit hüceyrələrində meydana gələn və həddindən artıq melanin yığılması səbəbindən qara və ya oxşar rənglərdə görünən dəri zədələnməsidir (lezyon). Hər bir yetkin fərddə ən azı 2-3 xal var. Bəzi insanlarda bu xallar o qədər çoxdur ki, yüzlərlə ifadə edilə bilər, bəzilərində isə çox deyil.

Son zamanlar xalların qoparılmasının xərçəng yaradıb-yaratmaması ilə bağlı fikirlər dolaşır. Xalların qəribə görünüşü və dəri xərçəngi ehtimalının yüksək olması xalların qoparılması ilə xərçəng arasında əlaqənin olduğu fərziyyəsinə səbəb olur. Bəs bu nə dərəcə doğrudur?
Elmi yazar Çağrı Mert Bakırcının sözlərinə görə, xal qopartmaq və ya əməliyyatla xalın götürülməsinin xərçəngə səbəb olacağı heç bir elmi araşdırma ilə öz doğruluğunu sübut etməmişdir. O deyir ki, hətta həkimlər də əməliyyat zamanı xalı qoparır, ayırırlar, o demək deyil ki, bu da xərçəngə səbəb olur. Amma infeksiya yaranma ehtimalı olduğundan xal qopartmaq, təbii ki, qətiyyən tövsiyə edilmir.
Trakya Universiteti Dermatologiya kafedrasının müdiri Prof. Dr. Adnan Görgülü isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, bədəndəki hər hansı bir xalı qaşımaq olmaz. Səbəbi isə ondan ibarətdir ki, xalları qaşıdığınızda həmin hissədə yara meydana gələ bilər və həmin yara da daha çox böyüyüb xərçəng riskinə yol aça bilər. Adnan Görgülü onu da vurğulayır ki, bədəndəki xallar ya anadangəlmə olur, ya da sonradan yaranır. O deyir ki, sonradan yaranmış xallar daha çox xərçəng riski daşımaqdadır.
"Clevelandclinic"ə görə atipik xalların olması melanoma riskini artırır. Nə qədər çox atipik xal varsa, xərçəng riski bir o qədər çox olur. 10 və ya daha çox atipik mol olan insanlarda melanomanın inkişaf ehtimalı 12 dəfə çoxdur. Mütəxəssislər melanomanın hər 4 hadisəsindən 1-nin displastik nevus və ya atipik xaldan yarandığını təxmin edirlər.
"Cancercenter"ə görə çox yüksək sayda displastik nevusu olan insanlar displastik nevus sindromunu günahlandıra bilirlər. Bu irsi vəziyyətə, əslində, atipik mol sindromu da deyilir. Displastik nevusların (xalların) genetik komponenti var. Əgər yaxın qohumunuzda melanoma varsa, bu sindrom ailəvi atipik çoxlu mol melanoma sindromu (FAMMM) adlanır və bu, həyat boyu melanoma inkişafının riskini göstərir. Həm öz-özünə yoxlamalar, həm də səhiyyə mütəxəssisləri tərəfindən edilən müntəzəm dəri yoxlamaları melanomadan yaranan ağırlaşmaların qarşısının alınması üçün açardır.
"Cancercenter" bildirir ki, displastik nevusların (xallar) əksəriyyəti melanomaya çevrilməsə də, bir insanın həyatı boyunca xərçəngin inkişaf riskini artırır. Nə qədər çox displastik nevus varsa, melanoma riski bir o qədər yüksəkdir. NCI-ə görə beş və ya daha çox displastik nevus varsa, o, həyatı boyu displastik nevusu olmayan biri ilə müqayisədə 10 dəfə daha çox melanoma inkişaf riskinə malikdir. Əgər melanoma inkişaf edərsə, o, adətən, displastik nevusun özündən deyil, dərinin yeni yerindən başlayır. Beləliklə, bir əlaqə olsa da, displastik nevus olması onun melanomaya çevrilməsi ehtimalı demək deyil.
Nəticə etibarilə, deyə bilərik ki, xal qopartmağın xərçəngə səbəb olub-olmayacağı ilə bağlı mütəxəssislər də fərqli fikirlər söyləyirlər. Amma hər bir halda xal bədəndə yarandığından onu qaşımaq və ondan qurtulmaq istəmək çox da yaxşı nəticələrə yol açmaya bilər. Bu məqamda bir həkim mütəxəssisdən yardım almaq daha yaxşı olardı.
Hazırladı: Məryəm Abdullazadə
