24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil üzrə ekspert Qoşqar Məhərrəmovdur. O, məktəb formalarının hər il dəyişdirilməsindən və belə bir vəziyyətin imkanı olmayan ailələrə necə təsir göstərdiyindən də danışıb.

-Yeni tədris ilinin başlamasına az qalıb. Bəs məktəbli formalarının olması məcburidirmi?
-Mənim fikrimcə, məktəb formaları məcburi olmamalıdır. Bəzən məktəb formalarını almağa imkanı olmayan şagirdlər də olur. Məcburi olduğu halda məktəbdə müəyyən büdcə olmalıdır ki, həmin uşaqların məktəb formalarına olan ehtiyaclarını qarşılaya bilsinlər. Dövlət məktəblərinin məktəbli formalarını almaq üçün hər hansı bir mağazaya yönəltməsi heç də düzgün bir hərəkət deyil. Bunun yerinə könüllü sürətdə bir məktəb forması təşkil edə bilər. Və yaxud sorğu keçirilə bilər ki, kimlər məktəb formalarının əleyhinədir. Tutaq ki, 80-90 faizi bu sorğuya müsbət cavab verdilərsə, digər 10 faizi sorğuya mənfi cavab verə bilərlər. Nəticədə, həmin 10 faiz seqmentinə daxil olan insanlardan sorğuya nə üçün mənfi rəy bildirdiklərini araşdıra və istəklərini nəzərə ala bilərik. Bunu edə bilmiriksə, sərbəst buraxmaq daha məsləhətlidir. Nəzərə alsaq ki, məktəb formalarının olması bizim ənənəvi adətlərimizi də dəstəkləyir. Təsəvvür edin ki, bir şagird aldığı məktəb formasını uzun müddət geyinə bilər. Belə olan halda bunu biznes və yaxud kommersiya oyunlarının hədəfinə çevirməməliyik.
Fatimə Mustafayeva
